NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Mədəniyyətlərarası dialoq: Azərbaycan-Çexiya əlaqələrinin yeni mərhələsi

...

Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana son səfəri ikitərəfli münasibətlərin inkişafında əlamətdar hadisə kimi dəyərləndirilməlidir. Bu səfər ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, mədəni əlaqələrin də daha dərin və sistemli şəkildə genişlənməsi üçün mühüm zəmin formalaşdırır.

2026-cı il aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrey Babiş arasında keçirilən görüş ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Görüş zamanı səsləndirilən bəyanatlar ilkin baxışda siyasi və iqtisadi məzmun kəsb etsə də, mahiyyət etibari ilə daha geniş – mədəni və sivilizasiya yönümlü əməkdaşlıq perspektivlərini də özündə ehtiva edir. Bu dialoq Azərbaycan ilə Çexiya arasında mədəniyyətlərin qarşılıqlı zənginləşməsi və humanitar sahədə əlaqələrin daha sistemli şəkildə inkişafı üçün yeni imkanların formalaşdığını aydın şəkildə nümayiş etdirir.

Bu səpkili yüksək səviyyəli görüşlər dövlətlər arasında münasibətlərin gücləndirilməsi, xalqlar arasında qarşılıqlı anlaşma və hörmət körpülərinin qurulmasına xidmət edir. Prezident İlham Əliyevin vurğuladığı “fəal siyasi dialoq” anlayışı mədəni əlaqələrin inkişafı üçün mühüm zəmin yaradır. Tarix göstərir ki, siyasi yaxınlaşmalar çox vaxt mədəni inteqrasiyanın əsas hərəkətverici qüvvələrindən birinə çevrilir. Azərbaycan və Çexiya kimi zəngin tarixi və mədəni irsə malik iki ölkə arasında dialoq rəsmi çərçivə ilə məhdudlaşmır, incəsənət, ədəbiyyat və teatr sahələrində qarşılıqlı təsir imkanlarını genişləndirir.

Baş nazirlə Azərbaycan rəhbərliyi arasında aparılan məhsuldar dialoq, regional və qlobal məsələlərin müzakirəsi, iki ölkə arasındakı əlaqələrin dinamik inkişafını nümayiş etdirir. Bu siyasi yaxınlaşma, mədəniyyət sahəsində əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Eyni zamanda güclü siyasi iradə və etibarlı tərəfdaşlıq, mədəni mübadilə proqramlarının həyata keçirilməsi üçün əlverişli mühit formalaşdırır.

İqtisadi sahədəki irəliləyişlər də mədəniyyətə birbaşa təsir edir. Çexiyadan gələn böyük iş adamları qrupunun iştirakı ilə keçirilən biznes-forumlar, ticarət dövriyyəsinin artırılması hədəfi, ölkələrimizin rifahına xidmət edir. İqtisadi sabitlik və inkişaf, mədəniyyət və incəsənətə daha çox investisiya qoyulmasına, mədəni irsin qorunmasına və təbliğinə imkan yaradır. Ticarət dövriyyəsinin strukturunun şaxələndirilməsi yalnız iqtisadi balans deyil, eyni zamanda mədəni mübadilə üçün də yeni platformalar yaradır. Bu, mədəni diplomatiyanın iqtisadi əməkdaşlıqla vəhdətdə formalaşmasının bariz nümunəsidir.

Azərbaycan neftinin Çexiyanın enerji balansında önəmli yer tutması, həmçinin Azərbaycan qazının Avropa ölkələrinə ixracı, ölkəmizin etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Energetika sahəsindəki əməkdaşlıq isə ilk baxışda texnoloji və iqtisadi xarakter daşısa da, əslində, Avropa ilə Azərbaycan arasında etimad körpüsünün qurulmasına xidmət edir. Bu etimad isə mədəniyyətlərarası dialoqun genişlənməsi üçün vacib şərtdir. Azərbaycanın Avropa məkanında etibarlı tərəfdaş kimi tanınması, onun zəngin mədəni irsinin də daha geniş auditoriyalara çatdırılmasına imkan yaradır.

Müdafiə sənayesi sahəsindəki əməkdaşlıq da diqqətəlayiqdir. Çexiyadan hərbi təyinatlı məhsulların alınması və birgə istehsal layihələri üzərində aparılan danışıqlar, ölkələrimizin təhlükəsizliyinə verdiyi töhfə ilə yanaşı, texnoloji və sənaye mübadiləsini də stimullaşdırır. Bu cür əməkdaşlıqlar, xalqlar arasında texniki bilik və təcrübə mübadiləsinə yol açır ki, bu da dolayısı ilə mədəniyyətin müxtəlif sahələrinə təsir edə bilər.

Eyni zamanda müdafiə sənayesi sahəsində əməkdaşlıqdan bəhs edilərkən belə, bu münasibətlərin daha geniş – milli identiklik və mədəni özünüdərk prizmasından da dəyərləndirilməsi mümkündür. Güclü dövlətçilik ənənəsi və təhlükəsizlik mühiti, mədəniyyətin inkişafı üçün əsas dayaqlardan biridir. Bu baxımdan, Azərbaycan və Çexiya arasında qurulan strateji əməkdaşlıq hər iki xalqın mədəni dəyərlərinin qorunması və inkişafına da xidmət edir.

Hökumətlərarası Komissiyanın tezliklə yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi, gələcək əməkdaşlıq üçün böyük ümidlər vəd edir. Görüş zamanı Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı müzakirələr isə gələcəkdə mədəni layihələrin institusional səviyyədə həyata keçirilməsi üçün real zəmin yaradır. Bu, teatr festivallarından tutmuş ədəbiyyat günlərinə, musiqi layihələrindən tutmuş akademik mübadilələrə qədər geniş spektrdə əməkdaşlıq imkanları deməkdir.

Mədəniyyət sahəsində həyata keçirilən birgə layihələr, sərgilər, festivallar, tələbə mübadiləsi proqramları və incəsənət kollektivlərinin qarşılıqlı səfərləri humanizm ideyalarının real təcəssümünə çevrilərək xalqlarımızı daha da yaxınlaşdırır. Bu təşəbbüslər yalnız dövlətlərarası əməkdaşlığı deyil, ilk növbədə, insanlar arasında mənəvi bağların möhkəmlənməsini, qarşılıqlı anlaşma, empatiya və hörmət kimi ümumbəşəri dəyərlərin güclənməsini təmin edir. Belə mədəni qarşılıqlı fəaliyyət təbii ki, stereotiplərin aradan qalxmasına, fərqli dünyagörüşlərinin harmoniyasına və humanist dəyərlər əsasında qarşılıqlı zənginləşməyə xidmət edir.

Azərbaycan və Çexiya arasında münasibətlər yalnız siyasi və iqtisadi çərçivə ilə məhdudlaşmır, bu əlaqələr mədəniyyətin incə və dərin qatlarında formalaşan qarşılıqlı anlaşma, hörmət və humanist dəyərlər üzərində qurulur. İki ölkə arasında mövcud dostluq və əməkdaşlıq bu gün bir daha öz real təsdiqini taparaq, mədəni dialoqun davamlı və sabit xarakter daşıdığını nümayiş etdirir. Qarşımızda açılan geniş perspektivlər mədəniyyət sahəsində də yeni nailiyyətlərin əldə olunacağına güclü inam yaradır. Bu münasibətlər modeli, öz mahiyyətinə görə, yalnız regional deyil, eyni zamanda qlobal kulturoloji proseslər üçün də əhəmiyyətli bir örnək kimi çıxış edir. Azərbaycan-Çexiya əməkdaşlığı mədəniyyətlərarası dialoqun inkişafı, sivilizasiyalararası anlaşmanın dərinləşməsi və humanist dəyərlərin təşviqi baxımından beynəlxalq miqyasda nümunəvi bir təcrübə formalaşdırır.

Bu siyasi və iqtisadi əlaqələr, mədəniyyət körpülərini daha da möhkəmləndirəcək və xalqlarımızın bir-birini daha yaxından tanımasına, dəyərlərini bölüşməsinə şərait yaradacaqdır. Mədəniyyət, həmişə olduğu kimi, xalqları birləşdirən ən güclü qüvvə olaraq qalacaqdır.

Gülxarə ƏHMƏDOVA

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin deputatı

Nəşr edilib : 28.04.2026 15:13