Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
NAXÇIVAN :
23 Aprel 2026, Cümə axşamı
Naxçıvan Dövlət Universitetində filologiya elmləri doktoru, professor, Azərbaycan dilçiliyinin və ictimai-mədəni həyatının yorulmaz tədqiqatçısı, universitetin fəxri professoru Mahirə Nağıqızının 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir NDU-nun rektoru, dosent Elbrus İsayevin təşkilatçılığı ilə baş tutub. Yubiley mərasimində Naxçıvan Muxtar Respublikasının ictimaiyyət nümayəndələri, professor-müəllim heyəti, tələbələr və universitetin Konservatoriyasının musiqi qrupları iştirak ediblər.
Yubilyar Mahirə Nağıqızı tədbirdə çıxış edərək göstərilən diqqət və dəyərləndirməyə görə minnətdarlığını ifadə edib və NDU-nun fəxri professoru olmaqdan qürur duyduğunu bildirib: “Mənə elə gəlir ki, bundan sonrakı işlər daha məsuliyyətlidir və mənim gənclərimizə bundan sonra deyəcək sözüm daha çoxdur. Ardıcıl olmasa da, ara-sıra NDU-da mühazirələr, seminarlar keçirirəm. Bütün bunlarla tələbələrin ürəyində azda olsa, iz qoya bilirəmsə, özümü xoşbəxt sayıram. Əminəm ki, bugünkü təntənəli yubiley mərasimindən sonra bu məsuliyyətim bir qədər də artacaq. Naxçıvan mediasında və universitetin auditoriyasında deyəcəklərim bu məsuliyyəti bir daha artırır”.
Tədbirdə çıxış edən NDU-nun rektoru, dosent Elbrus İsayev Mahirə Nağıqızının elmə və təhsilə verdiyi töhfələri yüksək qiymətləndirib:
“Tədbirdə Mahirə Nağıqızı haqqında səslənən məruzələrdən bir daha göründü ki, o həm elmi, həm də pedaqoji fəaliyyəti ilə seçilən nümunəvi şəxsdir. Bu gün Prezidentin çağırışlarına uyğun apardığı Qərbi Azərbaycanla bağlı tədqiqatlar, təqdim etdiyi kitablar, NDU-da vaxtaşırı verdiyi master dərslər onun zəhmətinin bariz nümunəsidir. Biz şadıq ki, bu gün onun yaradıcılıq yoluna, həyat yoluna nəzər saldıq. Onun yazdığı şeirləri tələbələrimizin qiraətində dinlədik, dəyərli müəllimlərimizin məruzələrində isə yaxından tanıdıq. Mahirə Nağıqızına cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq”.
Azərbaycan Respublikasının Xalq artisti Gülyanaq Məmmədova da yubiley mərasimində çıxış edərək Mahirə Nağıqızına dərin ehtiramını bildirib:
"Mən Mahirə xanıma, ilk növbədə, cansağlığı arzulayıram. Onunla “Mən bu ömrü elə-belə yaşadım” mahnısı ilə bir-birimizə bağlanmışıq. Bu mahnıdakı sözün qüdrəti çox böyükdür. Mən düşünürəm ki, bu mahnı insanların qəlbinə yol tapıb, həmçinin Mahirə xanımın ruhunu çox gözəl ifadə edir”.
Tədbirdə tələbələrin ifasında Mahirə Nağıqızının şeirləri səsləndirilib, musiqi nömrələri təqdim olunub.
Digər xəbərlər