NAXÇIVAN :

05 May 2025, Bazar ertəsi

Macarıstan və Azərbaycan arasında gələcək əməkdaşlıq nəqliyyat infrastrukturunu əhatə edə bilər

...

Macarıstan və Azərbaycan arasında gələcək əməkdaşlıq nəqliyyat infrastrukturunu əhatə edə bilər.

"Şərq qapısı" xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma mayın 5-də Bakıda keçirilən "Azərbaycanın əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün bir neçə istiqamət müəyyən edilib:

“İqtisadi münasibətlərin hərəkətverici qüvvələri enerji, əczaçılıq və kənd təsərrüfatı kimi strateji sektorlardır, eyni zamanda su ehtiyatlarının idarə olunması və informasiya texnologiyaları (İT) da böyük potensiala malikdir”.

Səfir kosmik sənaye və müdafiə sektorlarında da yeni imkanların yarandığını qeyd edərək aprelin 24-də sözügedən sahələrdə Macarıstanın ən böyük özəl şirkəti olan “4iG” ilə “Azərkosmos” arasında anlaşma memorandumunun imzalanmasını bu baxımdan bir dönüş nöqtəsi adlandırıb.

“Gələcək əməkdaşlıq dəmir yolu və yol layihələri də daxil olmaqla nəqliyyat infrastrukturuna qədər genişlənə bilər. Macarıstan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edir. Macarıstan şirkəti Cəbrayılda Soltanlı qəsəbəsini yenidən qurur. Biz bu sahədə səmərəli əməkdaşlıq üçün daha çox imkanlar görürük”,- T.Torma əlavə edib.

Nəşr edilib : 05.05.2025 10:35