NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Lavanda ətirli sahə

...

Naxçıvan bu dəfə ətri ilə hər kəsi valeh edən lavandanın becərilməsinə başlayıb. Bənövşəyi çiçəkləri ilə gözoxşayan bu bitkini artıq muxtar respublikanın torpaqlarında görmək mümkündür. 
Lavanda bitkisinin vətəni Aralıq dənizinin Fransa və İspaniya sahilləri hesab olunsa da, bu bitki Şimali Afrikada, Şimali Amerikada, Rusiyada və Qara dəniz sahilərində də bitir. Avropada lavanda XVI əsrin sonlarından etibarən becərilməyə başlanılmışdır. Azərbaycanda ən çox Qafqazda təbii halda yayılmışdır. Lavanda bitkisi çoxillik bitkidir və öz ətrini illərlə qoruyub saxlaya bilir. Ədəbiyyat məlumatlarına əsasən 1922-ci ildə qədim Misir fironu Tutanxamonun mumyasında araşdırmalar zamanı ətirli lavandanın qalıqları aşkar edilmişdir. Dünyanın bir çox ölkələrində, o cümlədən İspaniya, İtaliya və Fransada lavandanın çoxlu növünə rast gəlinir ki, bunlardan ən əhəmiyyətlisi “Lavandula angustifolia” hesab olunur.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Akademik Həsən Əliyev adına Elmi-Tədqiqat İnstitutunun təşəbbüsü ilə 1 hektar sahədə lavanda bağı salınıb. Biz də üz tuturuq sözü gedən həmin ünvana. Sahəyə daxil olan zaman lavandalar ətri, sakitləşdirici qoxusu ilə birgə gözoxşayan bir mənzərə yaradır. 
Elə həmin ərazidə Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Günel Seyidzadədən öyrənirik  ki, lavanda bitkisi bir çox sahələrdə geniş istifadə olunur. Bu sahələrdən biri də arıçılıqdır ki, onun inkişaf etdirilməsində bitkinin bilavasitə böyük rolu vardır. Lavanda bitkisinin çiçəkləməsi iyun-iyul aylarına təsadüf edir və bu proses arılar üçün çox əlverişli bir müddətdir. Ballı bitki kimi lavanda kifayət qədər nektar ifraz edir ki, bu da arıçılığın inkişafına birbaşa stimul verir. Ona görə də arılar lavanda ərazisinə həvəslə uçuş edir. Lavanda bitkisinin bal məhsuldarlığı çox yüksəkdir və bir hektardan məhsuldarlıq 150-200 kiloqrama çatır. Bal məhsuldarlığı hava şəraitindən və biçilmə zamanından çox asılıdır. 1 hektar əraziyə, təqribən, 10-15 arı ailəsinin yerləşdirilməsi ailələrin inkişafına, sağlamlığına və immun sisteminin gücləndirilməsinə müsbət təsir göstərir. 
Müsahibimiz bildirdi ki, lavanda bitkisinin xalq təbabətində rolu əvəzolunmazdır, belə ki, bu bitkinin yağından bir çox sahələrdə, həmçinin distillə yolu ilə alınmış efir yağlarından kosmetologiyada və dermatologiyada geniş istifadə olunur. Təzə lavanda çiçəklərindən əldə edilən təbii yağ bütün orqanizmin tarazlığını tənzimləyir, yuxusuzluğu və sinir gərginliyini azaldır.
Zəngin tərkibinə görə lavanda yağı antiseptik və antispazmatik təsirə malik olub qurudulmuşundan aromaterapidə (efir yağı terapi) sakitləşdirici vasitə kimi istifadə edilir. Lavanda yağı təbiətin hədiyyəsi olaraq bilinən aromatik məhsuldur. Qoxusu depressiyada ruh düşgünlüyündə, eyni zamanda əhvali-ruhiyyənin yaxşılaşdırılmasında yüksək təsirə malikdir. Lavanda yağı nevroz xəstəliklərində, yuxusuzluqda, stres və gərginlik hallarında, həmçinin mədəbağırsaq xəstəliklərində geniş istifadə olunur. Bitkinin yağı qurdqovucu və ödqovucu vasitə kimi işlədilir. Revmatiq  ağrılarda sürtkü vasitəsi kimi istifadə olunmaqdadır. 
Müsahibimiz qeyd etdi ki, ilk dəfə olaraq lavanda bitkisinin (Lavanda angustifolia) muxtar respublika şəraitində tədqiqat məqsədilə əkini keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Akademik Həsən Əliyev adına Naxçıvan Elmi-Tədqiqat İnstitutunun təşəbbüsü ilə 1 hektara yaxın ərazidə lavanda bitkisi becərilib. Bitki muxtar respublikanın iqlim şəraitinə adaptasiya olunur və yay, yaz fəsillərində tələb olunan aqrotexniki tədbirlərə düzgün riayət olunarsa, gələcək illərdə lavanda plantasiyalarının salınması və sənaye miqyasında becərilməsi nəzərdə tutulur. Hazırda lavanda bitkisi Azərbaycanın Abşeron, Qəbələ və Zaqatala bölgələrində becərilir. Bu siyahıya artıq Naxçıvan da qoşulub. Quraqlığa davamlı olması və torpaq-iqlim şəraitinə uyğunlaşması səbəbi ilə lavandanın gələcəkdə bölgə üçün həm iqtisadi, həm də ekoloji baxımdan faydalı olacağı gözlənilir. Belə görünür ki, yaxın illərdə Naxçıvanda bənövşəyi çiçəklərdən ibarət lavanda sahələrinə tez-tez rast gələcəyik.

Bülbül RÖVŞƏNQIZI
 

Nəşr edilib : 07.07.2025 09:50