NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Kitabları unutmayaq ki, onlar da bizi zamanın tozlu səhifələrində itməyə qoymasın

...

23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ günü bəşəriyyətin ən böyük kəşflərindən birinin, kitabın və onun yaradıcısının şərəfinə qeyd olunan tarixdir. Bu gün UNESCO tərəfindən təsis olunaraq bütün dünyada qeyd edilir və kitabın insan həyatındakı əvəzsiz rolunu bizə bir daha xatırladır.

Bəzən bir kitabın üz qabığını açmaq, heç vaxt getmədiyimiz bir şəhərin qapısını döymək kimidir. Həmin kitabın içindən gələn kağız qoxusu bizi tanımadığımız insanların sevincinə, kədərinə və xəyallarına ortaq edir. Bu gün məhz həmin sehrli körpünün, müəlliflə oxucu arasındakı o görünməz bağın qeyd olunduğu özəl gündür.

Tarixin müxtəlif dövrlərində kitablar insanlığın inkişafında həlledici rol oynayıb. Qədim kitabxanalardan tutmuş müasir rəqəmsal platformalara qədər uzanan bu yol, əslində, düşüncənin, biliyin və mədəniyyətin ötürülmə tarixidir. Uilyam Şekspir, Migel Servantes kimi dünya ədəbiyyatının nəhəng simalarının məhz bu tarixdə anılması da təsadüfi deyil. Onların yaratdığı əsərlər bu gün də milyonlarla insanın düşüncə tərzini formalaşdırır, həyatına istiqamət verir.

Kitab insanın gecələrlə apardığı düşüncə mübarizəsinin, süzgəcdən keçirdiyi duyğuların və illərlə topladığı təcrübənin məhsuludur. Müəllif yazarkən yalnız sözləri yox, hisslərini, düşüncələrini, hətta bəzən ağrılarını belə vərəqlərə köçürür. Bu səbəbdən müəlliflik hüququ anlayışı hüquqi çərçivə ilə məhdudlaşmır. Bu həm də yaradıcı əməyə göstərilən mənəvi hörmətin ifadəsidir. Bir müəllifin fikrini mənimsəmək və ya icazəsiz istifadə etmək, əslində, onun ruhundan bir parçanı görməzdən gəlmək deməkdir. Cəmiyyət olaraq bu dəyərləri qorumaq isə mədəniyyət səviyyəmizin göstəricisidir.

Müasir dövrdə texnologiyanın sürətli inkişafı kitab oxuma vərdişlərinə də təsirsiz ötüşmür. Elektron kitablar, audiokitablar və müxtəlif platformalar oxumağı daha əlçatan etsə də, kağız kitabın yaratdığı o xüsusi hiss hələ də öz aktuallığını qoruyur. Vərəqləri çevirdikcə yaranan səs, kitabın fiziki varlığı ilə qurulan əlaqə insanın daxilində fərqli bir rahatlıq yaradır.

Kitab oxumaq insanı yalnız məlumatlandırmır, onu dəyişir. Oxucu hər yeni əsərlə fərqli bir dünyaya səyahət edir, başqa insanların həyatına daxil olur, fərqli baxış bucaqları qazanır. Bu isə empatiyanı gücləndirir, dünyagörüşünü genişləndirir və insanı daha tolerant edir. Kitablar bizə bilik verməklə yanaşı, anlayışlı və dərin düşünən fərdlərə çevirir.

Bu günün əsas mesajı, sadəcə, kitabları sevmək yox, həm də onları qorumaq, müəlliflərin əməyinə hörmət etmək və oxuma mədəniyyətini gələcək nəsillərə ötürməkdir. Xüsusilə gənclər arasında oxu vərdişlərinin formalaşdırılması cəmiyyətin intellektual inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Çünki oxuyan cəmiyyət düşünən cəmiyyətdir, düşünən cəmiyyət isə inkişaf edən cəmiyyətdir.

Unutmayaq ki, kitablar soyuq, lakin sadiq dostlardır. Onlar bizi heç vaxt yarı yolda qoymur, əksinə, ən çətin anlarda bizə yol göstərir. Onları unutmayaq ki, onlar da bizi zamanın tozlu səhifələrində itməyə qoymasın.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 23.04.2026 09:34