NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Kiberdələduzluq halları artır

...

İnsanların kiberdələduzluğa məruz qalmasının bir neçə əsas səbəbi var

Günümüzdə kiberdələduzluqla bağlı şikayətlərə tez-tez rast gəlinir. Bunlara saxta (fişinq) linklər vasitəsilə bank kartı məlumatlarının ələ keçirilməsi, sosial şəbəkələrdə saxta satışlar (onlayn alış-veriş saxtakarlıqları), eləcə də saxta elanlarla pul tələb edən dələduzluqlar daxildir. Bank işçisi və ya bank nümayəndəsi qismində dələduzluq halları da geniş yayılıb. Belə ki, cinayətkarlar özlərini bank əməkdaşı kimi təqdim edərək vətəndaşlardan kart və digər şəxsi məlumatları soruşurlar. Mobil telefonlara müdaxilə yəni cib telefonlarına qeyri-qanuni giriş və ya zərərli proqramlar vasitəsilə məlumat oğurlanması – da artmaqdadır. Saxta investisiya və lotereya dələduzluğu zamanı vətəndaşlara uduş və ya yüksək gəlir vəd edilir, lakin əslində onlardan müxtəlif adlar altında ödəniş tələb olunur. Bundan başqa, insanlar sosial mühəndislik üsulları ilə, yəni “əlavə qazanc”, “kripto”, “valyuta dəyişməsi” kimi təkliflərlə aldadılır. Kirayə və saxta iş elanları adı altında vətəndaşlardan pul tələb edilməsi də geniş yayılmışdır. Əlavə olaraq, OTP (birdəfəlik parol) dələduzluğu halları da mövcuddur. Bu zaman istifadəçilərin telefonuna gələn bir dəfəlik kodlar ələ keçirilərək hesablardan pul çıxarılır. Mövzunun ciddiliyini və aktuallığını nəzərə alaraq, bu məsələyə aydınlıq gətirmək üçün Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşı ilə həmsöhbət olduq.
– Son dövrlərdə kiberdələduzluq hallarında artım varmı?
– Bəli. Son dövrlər internetin genişlənməsi və rəqəmsal texnologiyaların sürətlə inkişafı kiberdələduzluq hallarında artımı qaçınılmaz edir. İnternet məkanının böyüməsi həm istifadəçi sayını, həm də mümkün hədəf dairəsini artırdığı üçün risklər daha da yüksəlir. Yeni rəqəmsal platformaların, mobil tətbiqlərin və onlayn xidmətlərin meydana çıxması kibercinayətkarlar üçün daha çox imkan yaradır. Texnologiya inkişaf etdikcə dələduzlar da öz üsullarını təkmilləşdirir, daha peşəkar və gizli fəaliyyət göstərməyə başlayırlar. Bu halların artması həm texnoloji, həm sosial, həm də iqtisadi faktorlarla birbaşa bağlıdır. Lakin bəzi dövrlərdə maarifləndirmə tədbirlərinin güclənməsi və təhlükəsizlik mexanizmlərinin yenilənməsi nəticəsində kiberdələduzluq hallarında nisbi azalmalar da müşahidə oluna bilər. Obyektiv səbəblərdən asılı olaraq bu cinayətlərin dinamikası dəyişə bilir və sabit bir tendensiya yaratmaq çətindir. İstifadəçilərin məlumat təhlükəsizliyi qaydalarına daha yaxşı riayət etməsi də bu sahədə mühüm rol oynayır. Bununla belə rəqəmsal xidmətlərin getdikcə artması kibertəhlükəsizlik məsələlərini daha da aktuallaşdırır. Ümumilikdə, internet məkanının genişlənməsi fonunda kiberdələduzluq halları həm artım, həm dəyişkənlik, həm də adaptasiya ilə xarakterizə olunur.
– İnsanların kiberdələduzluğa aldanmasının əsas səbəbləri nələrdir?
– İnsanların kiberdələduzluğa məruz qalmasının bir neçə əsas səbəbi var. Bunlardan biri rəqəmsal savadlılığın aşağı olmasıdır, yəni insanlar fişinq linklərini, saxta mesajları və şübhəli sorğuları ayırd edə bilmirlər diqqətsizlik və tələskənlik edirlər və həmin şəxslər təsdiq kodlarını və ya kart məlumatlarını düşünmədən paylaşırlar. Bununla yanaşı, l təsir altına düşürlər, belə olduqda dələduzlar, adətən, qorxu, həyəcan, sevinc kimi emosiyalara oynayır və insanı çaşdırırlar. Əlavə olaraq başqa bir səbəbdən iştirakçıların zəif parol və təhlükəsizlik qaydalarından istifadə etməsidir, bu da hesabların ələ keçirilməsini asanlaşdırır. Digər bir səbəb isə saxta investisiya və yüksək qazanc vədlərinə inanmaqdır, çünki insanlar asan qazanc ümidi ilə riskləri nəzərə almırlar. Bütün bu amillər birlikdə insanların kiberdələduzluğa daha tez məruz qalmasına səbəb olur. 
– Bu hallarla qarşılanan vətəndaşlar özlərini necə qoruya bilər?
– Vətəndaşlar özlərini kiberdələduzluqdan qorumaq üçün, ilk növbədə, tanımadıqları şəxslərdən gələn zəng və mesajlara qarşı ehtiyatlı olmalıdırlar. Şəxsi və bank məlumatlarını heç bir halda naməlum şəxslərə təqdim etməmək vacibdir. Xüsusilə OTP kodlarını heç kimə deməmək əsas təhlükəsizlik qaydalarından biridir. Şübhəli linklərə, SMS və ya e-poçt vasitəsilə göndərilən keçidlərə daxil olmamaq tövsiyə olunur. Mobil tətbiqləri və proqramları yalnız rəsmi və etibarlı mənbələrdən yükləmək təhlükəni azaldır. Hesablarda güclü parollardan istifadə etmək və onları mütəmadi olaraq yeniləmək böyük önəm daşıyır. İki mərhələli autentifikasiya imkan daxilində bütün hesablar üçün aktiv edilməlidir. Sosial şəbəkələrdə paylaşdığınız məlumatlara diqqət yetirmək və şəxsi məlumatları açıq şəkildə göstərməmək lazımdır. Maliyyə əməliyyatları zamanı bank tətbiqlərindən kənar qeyri-rəsmi saytlara və təkliflərə etibar edilməməlidir. Hər hansı şübhəli hal müşahidə olunduqda vaxt itirmədən aidiyyəti hüquq-mühafizə orqanlarına məlumat vermək ən doğru addımdır.
– Bəs kiberdələduzları hansı cəzalar gözləyir?
– Kiberdələduzluqla məşğul olan şəxslər Azərbaycan qanunvericiliyinə əsasən həm inzibati, həm də cinayət hüquqi məsuliyyətə cəlb edilirlər. Həm Azərbaycan Respublikası DİN-in, həm də Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq baş idarə və idarələri bu sahədə kəskin mübarizə aparır. Cinayətkarların aşkarlanması istiqamətində xüsusi əməliyyat-texniki tədbirlər hazırlanır və həyata keçirilir. İnzibati məsuliyyətə cəlb olunan şəxslər barəsində inzibati tənbeh tədbirləri həyata keçirilir. Cinayət hüquqi məsuliyyət daşıyan kibercinayətkarlar isə daha ciddi nəticələrlə, o cümlədən azadlıqdan məhrumetmə ilə üzləşirlər.
Sonda onu da qeyd edək ki, müvafiq qurumlar tərəfindən kibercinayətkarlıqla bağlı profilaktik tədbirlər həyata keçirilsə də, baş verən hadisələr onu göstərir ki, bu kimi dələduzluq halları hələ də mövcuddur. Media nümayəndələri və aidiyyəti qurumlar tərəfindən belə dələduzluq halları ilə bağlı maarifləndirici və profilaktik tədbirlər həyata keçirilir. Vətəndaşlar isə bu kimi dələduzluq hallarına qarşı həssas davranmalı, əldə etdiyi məlumatları dəqiqləşdirib yalnız rəsmi səhifələrə etibar etməlidir.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 23.11.2025 13:26