NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Kembric məktəbinin xarici müəllimləri: Naxçıvan mədəni memarlığına görə Qafqazın gizli xəzinəsidir

...

Qloballaşan dünyada təhsilin keyfiyyəti, beynəlxalq təcrübə və müasir metodik yanaşmalar hər bir ölkənin gələcəyini formalaşdıran əsas amillərdən biri hesab olunur. Bu baxımdan, Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Kembric Məktəbində çalışan xarici müəllimlərin fəaliyyəti xüsusi diqqət çəkir. 

Hazırda həmin məktəbdə iki xarici ölkə vətəndaşı olan müəllim - Angela Lara və Fabian Chavez fəaliyyət göstərir. Hər iki pedaqoq həm peşəkar bilikləri, həm də tədrisə yanaşmaları ilə məktəbin akademik mühitində mühüm rol oynayır.

Elə həmin müəllimlərlə tanış olmaq üçün Kembric Məktəbində bir araya gəldik. Məktəbin direktoru Bayram Əliyev həm ev sahibi, həm də bu beynəlxalq dialoqun əsas vasitəçisi, tərcüməçisi oldu. Müsahibə zamanı həm uzaq ellərdən gələn qonaqlarımızı tanıdıq, həm də onların Naxçıvan heyranlığını öz dillərindən dinlədik.

Söhbətimizə ilk olaraq Angela Lara ilə başladıq. O, Filippin vətəndaşıdır. Beş il İndoneziyada, Kembric proqramlı beynəlxalq məktəbdə həm müəllim, həm də akademik koordinator kimi çalışıb. İxtisası ibtidai siniflər üzrədir və bu sahədə beynəlxalq səviyyədə tanınan bir akkreditasiyaya sahibdir.

Angela xanım gülümsəyərək bildirir ki, bura gəlişi tamamilə onun öz cəsarətli addımıdır: “Bilirsiniz, bura gəlişim tamamilə şəxsi təşəbbüsümlə olub. Əvvəllər Naxçıvan haqqında, buradakı məktəb haqqında heç bir məlumatım yox idi. Hər şey bir dostumun LinkedIn-də mənə bir paylaşımı göstərməsi ilə başladı. O paylaşımı görəndə içimdə bir maraq oyandı. Məktəbi araşdırmağa başladım, sosial şəbəkə hesablarını izlədim. Gördüm ki, bura çox aktiv, şəffaf və peşəkar bir yerdir. Dərslərin gedişatı, uşaqların enerjisi məni cəlb etdi və qərarımı verdim ki, Naxçıvana gəlim”.

Angela xanım Naxçıvanda cəmi bir neçə gündür olsa da, gördükləri onu heyrətləndirib: “Bizim ölkədə modernləşən dünya insanları bir-birindən uzaqlaşdırıb, soyuqluq gətirib. Amma burada, Naxçıvanda mən hələ də qorunub saxlanılan o qədim, səmimi mədəni bağları gördüm. Şəhərin sakitliyi və təhlükəsizliyi mənə elə ilk gündən doğma gəldi”.

Söhbətimizə Ekvadordan gələn, artıq Azərbaycanı özünə ikinci vətən seçən Fabian Chavez qoşulur. Fabian yuxarı siniflər üzrə həm akademik koordinator, həm də müəllimdir. Onun artıq Azərbaycandakı 3-cü ilidir. Bakıdakı fəaliyyətindən sonra bir müddət ölkəsinə qayıdıb futbolçulara dərs keçsə də, Naxçıvandan gələn təklif onu yenidən buraya qaytarıb.

Fabian deyir ki, gəlmədən əvvəl “YouTube”da Naxçıvan videolarına baxsa da, reallıq oradan tam fərqlidir: “Hətta Angela yeni gələrkən ona dedim ki, sən buranı mütləq sevəcəksən. Bura haqqında izlədiyim heç bir video canlı şəkildə buranı görməyin verdiyi hissi əvəz edə bilməz. Mənə görə Naxçıvan mədəni memarlığına görə Qafqazın gizli xəzinəsidir. Üstəlik, buranın mətbəxi və təhlükəsizliyi adamı heyran edir”.

Fabian söhbət əsnasında şagirdlərin keçdiyi yoldan danışanda gözləri parlayır: “Uşaqlar artıq burada təkcə ingilis dilini öyrənmirlər, həm də bir-birlərinə dəstək olmağı, motivasiyanı yüksək tutmağı öyrənirlər. Xüsusilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru və heyətinin Naxçıvana səfəri zamanı şagirdlərimizin o mötəbər qonaqlar qarşısında ingilis dilində akademik layihələr təqdim etməsi məni çox təsirləndirdi. Onlar öyrəndikləri dillə özünəinamlı şəkildə ictimai çıxış bacarıqlarını inkişaf etdirirlər”.

Söhbətimizin sonunda hər iki müəllim bir məqamda həmfikir oldular. Naxçıvan onlar üçün iş yeri ilə yanaşı, həm də yaşamaq üçün etibarlı bir limandır. Fabian əməkdaşlığı davam etdirməyə, Angela isə burada yeni və maraqlı bir həyat qurmağa tam hazırdır.

Söhbətləşdiyimiz bu qısa müddət ərzində anladıq ki, məsafələr nə qədər uzaq olsa da, təhsil və səmimiyyət insanları bir ocağın başında birləşdirə bilir.

         Elnurə CƏFƏROVA

Nəşr edilib : 27.02.2026 15:37