NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Kəlmə kimi, avaz kimi ürəklərdə bitən Şuşa

...

Bu bizim şanlı qələbəmizin, zəfərimizin günüdür

Zəfərin beşinci il dönümündə, Şuşa şəhəri günündə Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi, Bülbülün səsi, Üzeyrin sözü, xalqımızın döyünən ürəyi Şuşanın qəlbində Cıdır düzündə dayanmışam. Yüz illər öncədən Qarabağ atının şahə qalxdığı həmin düzdə. Qarabağ şikəstəsinin Şuşanın dumanlı dağlarına əks olunduğu, 28 il həsrət qaldığımız, 44 gündə oğullarımızın şanlı tarix yazdığı Cıdır düzündə. Göz uzandıqca yamyaşıl meşəlik, dərin bir uçurum, sıldırım qayalar və onların köksünü yaran mərmi izlərini görürəm. Azərbaycan əsgərinin Şuşanı ağır artilleriya olmadan, tapança və bıçaqdan istifadə etməklə, əlbəyaxa döyüşlə azad etməyi canlanır xəyalımda. Sıldırım qayalıqlara baxıram, tarixboyu heç kimin aşa bilmədiyi bu dağları aşan oğulların igidliyindən heyrətə gəlirəm. Dilə gəlir düşüncələrim, Cıdır düzü, sən də danış, o sıldırım qayaların çətin keçidlərindən keçib gələn oğullardan. Axı yüz illər boyu heç kimin ayağı dəyməyən o keçilməz uçurumu kimsə aşa bilməmişdi. Duydunmu ki, gələnlər səni azad etmək üçün canından keçəcək, yol verdin onlara. Qarabağ atının seyrəngahında şahə qalxdığı həmin günü gördün axı, danış azad olduğun gündən, – deyirəm. 
Bəli, bura həmin yerdir, şərəf və ləyaqət tariximizin yenidən yazıldığı 44 günün 42-ci günündə dünya hərb tarixində görülməyən bir əməliyyatla azad edilən həmin yer, həmin şəhər. Qoca dünyanı heyrətə gətirən Şuşa. Həmin günlə bizi    5 illik zaman kəsiyi ayırır...

Şuşasız bizim işimiz yarımçıq olar...

    Dəmir iradəli Ali Baş Komandanın bu sözləri dediyi həmin günlərdə Azərbaycan əsgəri sıx meşələrlə örtülmüş dağlarla döyüşə-döyüşə Şuşaya doğru irəliləyirdi. Mənfurların heç vaxt ağlına belə gəlməzdi ki, Azərbaycan əsgəri dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək Şuşaya çata bilər. Lakin ordumuz dünya hərb tarixində nadir hadisə kimi qiymətləndirilən, hətta mümkünsüz hesab edilən hərbi əməliyyatı reallığa çevirdi. Uca dağların başında yerləşən şəhərə çatmaq üçün keçilməz yolları günlərlə çörəksiz, susuz qalxdı dağ yuxarı Azərbaycan əsgəri. Dillərə dastan oldu igid oğullarımızın şücaəti. Dünya mətbuatı Azərbaycan əsgərinin igidliyindən, hansı çətin relyefli dağları aşıb Şuşanı işğaldan azad etdiyindən yazdı. Müharibənin gedişini izləyən rusiyalı jurnalist deyirdi: “Belə döyüş, belə dövlət, belə Vətən sevgisi görən olubmu? Demək çətindir. Bir müxbir kimi dünyanın bir sıra ölkələrini gəzmişəm, müharibə zonalarını müşahidə etmişəm. Beləsini görməmişəm. Azərbaycan əsgəri dağ yuxarı, həlak olmuş yoldaşı çiynində, döyüşə-döyüşə, qan-tər içərisində qalxırdı. Nə yaralını, nə öləni əldən buraxmırdılar. Budur vətənpərvərlik! Budur Vətən sevgisi! Budur torpağa bağlılıq!”
İtaliyan mətbuat orqanı “Le Monde” yazırdı: “Xankəndini Şuşa vasitəsilə Laçın dəhlizi və Ermənistanla birləşdirən əsas yol noyabrın 4-də bağlanıb. “Azərbaycanlılar Şuşaya çatdı, şəhər döyüşü gedir”. 
Yəhudi jurnalist Pyotr Lyukimson yazıb: “İsrail ordusu indiyə qədər bu əməliyyatın təfərrüatını bilmir. İsrail Müdafiə Nazirliyindəki yüksəkrütbəli mənbə mənə belə dedi: Şuşa aşağıdan yuxarıya doğru azad olundu və bu, müasir hərb elminin bütün prinsiplərinə ziddir”.
Bu əməliyyatı tarixi Qavqamela döyüşü, Nadir Şah Əfşarın çar Rusiyasına qarşı hərbi əməliyyatları, eləcə də Malazgirt, Mohaç, Çanaqqala döyüşləri ilə müqayisə edənlər də var. Döyüşlərdə “Aypara” (“Qurd qapanı”) taktikasından da istifadə olunub. Bu taktika qədim türk xalqlarının döyüş taktikasıdır. Yaxın keçmişimizdə qardaş Türkiyə terrorçulara qarşı apardığı əməliyyatlarda bu taktikadan istifadə etmiş və bu əməliyyatı “Zeytun budağı” əməliyyatı adlandırmışdır. 
Şuşanın azad edilməsi müharibənin dönüşü, düşmənin diz çökməsi oldu. Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi missiyanı başa çatdırdı – Şuşa azad oldu və düşmən təslimiyyət aktı imzaladı. Vətən müharibəsinin ilk günlərindən gözü yolda, qulağı səsdə idi hər kəsin. Düşməndən azad edilən hər qarış üçün sevinirdik və həsrətlə Şuşamızı gözləyirdik. Və həmin Vətən müharibəsinin 42-ci günü igid Azərbaycan əsgəri bizə ən gözəl günü yaşatdı. Şad xəbəri Ali Baş Komandan öncə Ulu Öndərə onun məzarı başında verib. “Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” –  dedi.

Tapşırıq yerinə yetirildi

2021-ci ilin ilk ayında ölkə başçısı regionlara ilk səfərini bu qədim şəhərə edərək müstəqil Azərbaycanın Şuşaya səfər edən ilk Prezidenti və ata vəsiyyətini yerinə yetirən oğul olmaq sevincini xalqı ilə bölüşdü. Həmin ildə dəfələrlə Şuşaya gələn ölkə başçısı təkcə 2022-ci ildə mədəniyyət paytaxtımıza 7 tarixi səfər etdi. Bu səfərlərin birində Müzəffər Ali Baş Komandan İlham Əliyev “Bu il “Xarıbülbül” Beynəlxalq Musiqi festivalında Ulu Öndərin Şuşa haqqında tarixi sözlərinin bir hissəsi videoformatda təqdim edildi. Hər birimiz o anları xatırlayır. Necə böyük inamla, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. O özü inanırdı, bizi də inandırırdı. Bizə də onun inamı, xalqın iradəsi əlavə güc verdi və bu gün biz buradayıq, bu müqəddəs torpaqdayıq” fikri ilə “Şuşa İli” çərçivəsində görüləcək işlərin aydın mənzərəsini görməyə imkan verdi. Ondan sonra gələn hər gün Şuşa günü, hər yeni il “Şuşa İli” oldu bu xalq üçün. 
Beş il ərzində dəfələrlə Şuşaya səfər edən ölkə başçısının iştirakı ilə bu qədim şəhərdə beynəlxalq səviyyəli bir çox tədbir keçirilib, türkdilli ölkələrin başçılarının Şuşaya səfəri olub. Hər səfər isə bu şəhərin əsl sahibinin kim olduğunun nümayişi, birliyimizin göstəricisinə çevrilib. 

Torpaq öz sahibinin əlində olanda cənnətə dönür

Artıq beş ildir ki, Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur. Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təkcə Qarabağın tacı, bütün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada açılışında və təməlqoyma mərasimlərində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqət yetirsək, həyata keçirilən bərpa-quruculuq işlərinin miqyasını təsəvvür edə bilirik və “Torpaq öz sahibinin əlində cənnətə dönür” sözlərinin nə qədər yerinə düşdüyünü görürük. 
Şəhər işğaldan azad olunandan sonrakı günlərdə Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanışlıq, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimi, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin, Yaradıcılıq Mərkəzinin inşası, Heydər Əliyev Fondu tərəfindən tarixi abidələrdə aparılan bərpa işləri kimi bir-birindən uğurlu addımlar bu ecazkar diyarın əvvəlki şöhrətinin özünə qaytarılmasına xidmət edən mühüm məqamlar sırasındadır. Görülən işlər həm də Azərbaycan xalqının nə qədər qurucu, torpağına bağlı bir xalq olduğunun, həmçinin iqtisadi və maliyyə imkanlarımızın genişliyinin təqdimatı oldu. “Xan qızı” bulağı, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Xalq artisti Bülbülün ev-muzeynin, Qala divarlarının, Şuşadakı rəsm qalereyası və xalçaçılıq qalereyasının bərpası aparılıb. “Xarıbülbül” və “Qarabağ” hotelləri isə Şuşaya gələn qonaqların istifadəsindədir. Şəhərin su və enerji təchizatı da yoluna qoyulub. 
Yuxarı Gövhər ağa və Saatlı məscidləri də fond tərəfindən tam bərpa edilib, Mehmandarovların malikanəsi, Milli Xalça Muzeyinin Şuşa filialı, Yaradıcılıq Mərkəzi də yenidən qurulub. Mərkəzin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. 
Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi də şəhərdə aparılan kompleks bərpa və quruculuğun nümunəsidir. Bu mərkəz şəhərin enerji təchizatını ən müasir çağırışlar əsasında təmin edilməsində böyük rol oynayacaq. Şuşanın küçələri də yenidən qurulur. Bu çərçivədə küçələrin adları həm də Vətən müharibəsindəki zəfərimizi, dövlətçiliyimizi, tariximizi ehtiva edir. Yenidən qurulan küçələrin Heydər Əliyev, 8 Noyabr, Dəmir yumruq, Zəfər, Qarabağ, Atatürk, Pənahəli xan adlandırılması Vətən müharibəsindəki qələbəmizi, tariximizə, milli irsimizə dərin ehtiramı, Azərbaycan-Türkiyə qardaşlığını özündə təcəssüm etdirir. Şəhərdə həm də yeni yaşayış kompleksləri yaradılır. Şuşaya öz doğma insanlarının nəfəsi, uşaqların gülüş səsi qayıdır. 
Şuşa yaranandan bu günə kimi yüzlərlə, bəlkə də, minlərlə məqalə, şeir, poema qələmə alındı bu cənnət şəhər haqqında. Amma heç kim doymadı bu şəhəri vəsf etməkdən. Qələmin mürəkkəbi tükəndi, amma qəlbimizdəki Şuşa sevgisi, sözlər tükənmədi. Çünki Şuşa bu xalqın bitməyən sevgisi, hüququndan keçən əsgərlərin son sözünün şahidi, anaların torpağından şəhid oğulların ətrini duyduğu bir cənnət, igid oğullara bəy köynəyi olan üçrəngli, ay-ulduzlu bayrağın dalğalandığı müqəddəs zəfər şəhəridir, Şuşa hər bir azərbaycanlının ruhunun göyqurşağıdır. 

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 08.11.2025 00:45