NAXÇIVAN :

25 Iyun 2025, Çərşənbə

İyunun 29-da Azərbaycan dili fənni üzrə növbəti imtahan keçiriləcək

...

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 29-da ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd vermiş, lakin mayın 4-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri, eləcə də buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 4-də imtahanda iştirak etməyən cari ilin məzunları üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirəcək.

"Şərq qapısı" xəbər verir ki, DİM-dən bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində 7 binada təşkil olunacaq. İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Ümumilikdə 1 saat 30 dəqiqə davam edəcək imtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:

-dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);

-dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;

oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

İmtahanın idarə olunması üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 128 nəzarətçi ayrılıb, 20 buraxılış rejimi əməkdaşı (mühafizə), 7 bina nümayəndəsi ayrılıb.

Bu imtahanda sağlamlıq imkanları məhdud 6 şagird (abituriyent) də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Nəşr edilib : 25.06.2025 12:24