NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

İşğaldan azad olunmuş ərazilərimizdə heyvandarlıq ənənələri yenidən bərpa olunur

...

Torpaqlarımız işğala məruz qaldıqdan sonra illərlə ata-baba yurdlarından didərgin düşən insanlar kimi, Kəlbəcərin çiçəkləri, çəmənləri də yol gözləmişdi. Hər səhər Günəş doğanda dağlar bir az da ucalaraq gedənlərin arxasınca boylanır, küləyin səsində elin-obanın həsrətli pıçıltıları eşidilirdi. Azərbaycanın zəngin təbiətə malik bölgələrindən olan Kəlbəcər rayonu da bu gün azaddır. Vaxtilə düşmən tapdağında olan torpaqlarımızdan doğma insanlarımızın səsi ucalır. Uca dağların arasında indi çobanlar sərbəst addımlayır, illərlə tapdanmamış otlaqlarda mal-qara rahat otlayır. Kəlbəcərin sərt küləyinə söykənib qoyunlarını otaran çobanlar bu torpağın yenidən dirçəlişini izləyir. Elə haqqında söz açacağımız çoban Kəlbəcərin azad sabahına yenidən qayıdışın qürurunu yaşayan Vüsal Hümbətovdur. Rayonun erməni işğalından azad olunmasından sonra sözü gedən təsərrüfat sahibləri bu zəngin ənənəni davam etdirməyi, son dərəcə gəlirli sahə sayılan heyvandarlığın əvvəlki şöhrətini qaytarmağa çalışırlar. Dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı onları yenidən dədə-baba məşğuliyyətinə sövq edib. Kəlbəcər rayonunun Alçalı kəndində dünyaya göz açan Vüsal 3 yaşında öz doğma torpağından didərgin düşüb. Vüsal deyir ki, o vaxt həmyerliləri burada heyvandarlıqla məşğul olaraq öz ruzilərini zəhmətlə bu işdən qazanırdılar. İndi onlar da həmin ənənəni davam etdirirlər. “Öz el-obamıza qayıtmışıq. Ordumuza güvənərək dövlətimizin gücü ilə dirçələn Kəlbəcərdə təsərrüfatımızı qoruyub saxlayırıq. Biz heç nədən qorxmuruq, elə olur ki, sürümüz sərhədin bir addımlığında, hələ bir zamanlar neytral zona sayılan ərazidə də rahatlıqla otlayır. Allah şəhidlərimizə rəhmət eləsin, onların canı bahasına bu gün doğma yurdda rahat nəfəs alırıq. Təsərrüfatımız Kəlbəcər rayonunun Cəmilli kəndinin Qonur yaylağındadır. Ora elə sərhəd xəttinin yanıdır. Biz ora ailəlikcə gedirik. Hər şey çox yaxşıdır, heç nədən qorxmuruq, çünki ordumuz var, çünki əsgərimiz bizim ən böyük dayağımızıdır. Allah ordumuzu qorusun! Qonur yaylağı heyvandarlıq üçün əsl cənnətdir, otlaqları geniş, suları buz kimi...” Vüsal qeyd edir ki, hazırda təsərrüfatında 500 baş xırdabuynuzlu, 20 baş iribuynuzlu heyvan var. Ailəsi ilə birlikdə hər il may ayında yaylağa qalxır, oktyabrda isə arana enirlər. Təsərrüfat sahibinin sözlərinə görə, yaz aylarında dövlət tərəfindən bütün vaksinasiya tədbirləri tam şəkildə həyata keçirilir. Heyvanların peyvəndləri vaxtında vurulur, sağlamlıq müayinələri aparılır, profilaktik tədbirlərin hamısı dövlətin dəstəyi ilə görülür. Bu isə çobanların işini həm asanlaşdırır, həm də təsərrüfatın davamlı inkişafına böyük töhfə verir.

Vüsalın sözlərindən bir həqiqət daha aydın görünür ki, bu torpaqlar nə qədər çətinliklərdən keçsə də, yenidən dirçəlmək üçün öz sahibinə qovuşmaq həsrəti ilə yaşayırmış. “Kəlbəcərin işğalından artıq 32 il keçib”. Bu ifadə son beş ildə nə qədər şablonlaşsa da, yenə də qürurla təkrar edirik keçmir, keçə də bilməz. Çünki biz qayıtmışıq, Kəlbəcər azaddır.  

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 20.11.2025 15:18