NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

İnsanlara şəfa bəxş edən nurlu həkim

...

İnsan dünyaya bir dəfə gəlir. Gəlir ki, şərəfli və dəyərli bir ömür yaşasın. Vətənə, torpağa məhəbbəti, təmiz mənəviyyatı, xalqa sədaqətli xidməti ilə yaddaşlarda qalsın. Belələrinin yaşadıqları bitib-tükənmir, əməlləri, xeyirxah işləri daim anılır. Tarix məhz bu cür insanların sayəsində yaranır, onların həyat yolu gələcək nəsillərə örnək, nümunə olur. Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik Zərifə xanım Əliyeva məhz belə bir ömür yaşamışdır. Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də qədim Naxçıvan diyarında, adlı-sanlı ziyalıların vətəni olan Şahtaxtı kəndində, görkəmli alim və siyasi xadim Əziz Əliyevin ocağında dünyaya göz açmışdır. Taleyin hökmü ilə uşaqlıq və ilk gənclik illəri Şahtaxtıda keçən Zərifə xanım Əliyeva bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən faydalanmışdır.    
Zəngin və davamlı maarifçi ənənələri olan ziyalı ailəsinin özünəməxsus tərbiyə üsulları onu hələ uşaq yaşlarından, məktəb illərindən etibarən elmə, işıqlı ideallara doğru istiqamətləndirmişdir. Prezident İlham Əliyevin də dediyi kimi: “Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl, onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq – insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı”.
Akademik Zərifə xanım Əliyeva 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Ali təhsil almaq məqamında Zərifə xanım Əliyevanın həkimlik sənətini seçməsi atası, tibb elmləri doktoru, professor Əziz Əliyevin yolunu davam etdirmək arzusundan doğmuşdursa, göz həkimliyinin ixtisas kimi qəbul olunması onun xeyirxahlığından, işıqlı insan olmasından irəli gəlmişdir. Tələbəlik həyatının ilk günlərindən özünəməxsus fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü, iti məntiqi təfəkkürü, təvazökarlığı, insanpərvərliyi və vətənpərvərliyi ilə tələbələr arasında hörmət qazanmış, professor-müəllim heyətinin diqqətini cəlb etmişdir.
Tələbəlik illərində fundamental tibbi biliklərə dərindən yiyələnən Zərifə xanım Əliyevanın qəlbində insanların gözlərinə nur bəxş etmək amalı baş qaldırmışdı və o öz gələcək fəaliyyətini tibbin oftalmologiya sahəsinə həsr etməyi qarşısına məqsəd qoymuşdu. Görünür, son dərəcə zəriflik, incəlik, həssaslıq və nəciblik tələb edən göz həkimliyi Zərifə xanımın təbiətindəki nadir xüsusiyyətlərə daha yaxın idi. Zərifə xanımın timsalında bir daha sübuta yetirildi ki, peşəsini ürəkdən sevən həkim, həqiqətən, xarüqələr yaratmaq iqtidarındadır. Zərifə xanım     Əliyeva həm həkimliyin, həm alimliyin, həm də pedaqoqluğun ali zirvəsinə yüksəlmişdir. Zərifə xanım Əliyeva şəxsiyyətinin gücü məhz onun insanların qayğı və iztirablarına, niyyət və arzularına fədakarcasına xidmətində idi. Zərifə xanım yüksək əxlaqa malik bir insan idi. O, xəstələri yalnız işdə deyil, hər yerdə qəbul edir, onlara məsləhətlər verir, heç kimi köməksiz qoymur, heç kimi ümidsiz qaytarmırdı. O, “Yüksək əqidə” adlı əsərində həkimliyin əsl mahiyyətini belə açmışdır: “Vicdan bizim əsas hakimimizdir. Vicdanın şəxsi mühakiməsindən şərəflə keçmək böyük xoşbəxtlikdir. Əgər sağlamlığını itirən şəxs yenidən ona malik olursa, demək, həkim də yenidən həyata qayıdır, doğulur. Bizim sənətimizin mənəvi təməli də elə bundadır”.
Zərifə xanım Əliyeva bir çox sanballı tədqiqatların, o cümlədən 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 160-a yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım     Əliyeva yazmışdır. Onun zəngin pedaqoji və elmi təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında öz əksini tapmışdır. Bu kitab həm oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə fakültələrinin müəllimləri üçün əsas elmi mənbədir. Görkəmli alimi həkim etikası və tibbi deontologiya məsələləri həmişə düşündürmüşdür. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmiş, bu mövzuda yazdığı “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edən Zərifə xanımın birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Böyük xidmətlərinə, çox­illik səmərəli elmi-tədqiqat işlərinə görə Zərifə xanım keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyətinin İdarə Heyətinin “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü seçilmiş, bir sıra orden və medallarla təltif olunmuş, Azərbaycanın Əməkdar elm xadimi kimi yüksək fəxri ada layiq görülmüşdür.
1977-ci ildə Bakıda professor Zərifə xanım Əliyevanın təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Bu plenum alimin daha bir keyfiyyətini qabarıq şəkildə üzə çıxarmış, tədbirin gözlənildiyindən də yüksək səviyyədə keçirilməsi Zərifə xanım Əliyevanın təşkilatçılıq bacarığının təzahürünə çevrilmişdir. Bakıda ilk dəfə olaraq belə bir ittifaq miqyaslı plenumun keçirilməsi Azərbaycanda oftalmologiya elminin yeni inkişaf mərhələsinə qədəm qoymasına güclü təkan vermişdir. Zərifə xanım oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülmüşdür. 
Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi, dünya şöhrətli alim Zərifə xanım Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir, geniş vüsət alır, onun yazıb-yaratdığı monumental əsərləri, qoyub getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, yüksək səviyyəli mədəni irsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Zərifə xanım insanları çox sevirdi. Peşəsində qazandığı uğurlar da bu xüsusiyyəti ilə bağlı idi. Bütün yaradıcılığında yüksək vətənpərvərlik hissi özünü büruzə verir, bu xüsusiyyət ətrafındakılara münasibətində də aydın görünürdü. Dahi şəxsiyyət Heydər Əliyev deyirdi: “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə O da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs, ilk növbədə, özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi”. 
Akademik oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsindəki əvəzsiz xidmətlərinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Görkəmli alimin adının əbədiləşdirilməsi üçün məzarı üstündə abidəsi ucaldılmış və Bakıdakı Göz Xəstəlikləri İnstitutuna Zərifə xanımın adı verilmişdir. Naxçıvan Muxtar Respublikasında da böyük alimin adı əbədiləşdirilmiş, Naxçıvan Şəhər Poliklinikasına və Naxçıvan şəhərindəki küçələrdən birinə Zərifə xanımın adı verilmişdir. Alimin doğulduğu Şahtaxtı kəndində fəaliyyət göstərən məktəb də onun adını daşıyır. Həmçinin məktəbdə alimin şərəfinə Xatirə muzeyi yaradılmışdır.
Zərifə xanım ömrünün mənasını elmi axtarışlarında və xalqına xidmətdə görürdü. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə olacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Akademik Zərifə xanım Əliyeva yazıb-yaratdığı dəyərli əsərləri, qoyub getdiyi elmi nailiyyətləri ilə birgə ideal bir həkim, alim və insan kimi daim xatirələrdə yaşayır. 

Ləman İBRAHİMOVA
Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının baş həkimi

 

Nəşr edilib : 28.04.2026 09:30