NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

İkili diplom proqramlarının həyata keçirilməsi NDU-nun strateji inkişaf planında əsas prioritetlərdəndir

...

“Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na 
Prioritet istiqamət, İnsan kapitalının inkişafı başlığı altında Naxçıvan Dövlət Universiteti tərəfindən icrası nəzərdə tutulmuş bəndlər əlavə edilib. Bu bəndlərdən biri Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili bəndidir ki, Naxçıvan Dövlət Universitetində bu istiqamətdə fəaliyyətlər reallaşdırılmaqdadır”. 
Bu sözləri “Şərq qapısı”na müsahibəsində Naxçıvan Dövlət Universitetinin Tədris Departamentinin direktoru Şahin Əliyev söyləyib. 
Qeyd olunub ki, eləcə də ikili diplom proqramlarının həyata keçirilməsi universitetin strateji inkişaf planında əsas prioritetlər və fəaliyyət istiqamətlərindən olan beynəlmiləlləşmə istiqamətində öz əksini tapmışdır. Dövlət Proqramının  icrası ilə əlaqədar olaraq Naxçıvan Dövlət Universitetində  Macarıstanın Con Fon Neyman Universiteti ilə Kompüter mühəndisliyi (tədrisi ingilis dilində) ixtisasında ikili diplom proqramına start verib. Bu təhsil imkanı 25 oktyabr 2024-cü il tarixdə Macarıstanın Con fon Neyman Universiteti ilə NDU arasında “Kompüter mühəndisliyi” (tədrisi ingilis dilində) ixtisası üzrə bakalavr pilləsində ikili diplom müqaviləsinə əsaslanır. Proqram çərçivəsində 2025-2026-cı tədris ilindən etibarən tədrisi ingilis dilində aparılan “Kompüter mühəndisliyi” ixtisası üzrə tələbə qəbulu həyata keçiriləcək. İlkin mərhələdə bu proqram çərçivəsində qəbul planında 30 tələbənin qəbulunun aparılması Azərbaycan Respublikasının Nazirlər Kabineti  tərəfindən təsdiq edilmişdir. Tələbələr bu proqram çərçivəsində təhsillərinin müəyyən hissəsini Macarıstanda yerləşən Con Fon Neyman Universitetində davam etdirəcək, nəticədə isə həm Naxçıvan Dövlət Universitetinin, həm də Macarıstanın aparıcı ali təhsil müəssisəsinin diplomlarını əldə edəcəklər. Proqram 3+1 formatında həyata keçiriləcək. Belə ki, Naxçıvan Dövlət Universitetinə qəbul olunan tələbələr 1, 2, 4-cü kursları Naxçıvan Dövlət Universitetində, 3-cü kursu işə Con Fon Neyman Universitetində təhsil alacaqlar. İkili diplom proqramına tələbələr həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul ola biləcəklər. İkili diplom proqramı ilə bağlı digər xərclərin "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın 8.9.5-ci bəndinin icrası ilə bağlı ayrılmış vəsait hesabına ödənilməsi nəzərdə tutulmuşdur.
 Tələbələr 4 semestr təhsil aldıqdan sonra yerli proqramdan fərqli olaraq müxtəlif sahələr üzrə ixtisaslaşmaq imkanına malik olacaqlar. Bu sahələr Şəbəkə təhlükəsizliyi və əməliyyatları, Sənaye informatikası, Mobil və veb tətbiqlərin hazırlanması ixtisaslaşmalarıdır. Proqramın yerli proqramdan digər fərqi ondan ibarətdir ki, yerli proqramda tələbələr sonuncu semestrdə yalnız təcrübəyə getdikləri halda, ikili proqramda tələbələr sonuncu semestrin bir hissəsini təcrübədə olur, digər hissəsini isə yeddinci semestrdə götürdükləri buraxılış işinin tamamlanması və müdafiəsinə həsr edirlər. 
   “İkili diplom Azərbaycanın təhsil məkanının Avropaya inteqrasiyasında yeni bir mərhələ olmaqla, bu proqramda iştirak edən tələbələrin həm yerli, həm də beynəlxalq səviyyədə rəqabətədavamlı mütəxəssis kimi formalaşmasına şərait yaradacaq. Çünki Macarıstanın Con Fon Neyman Universiteti mühəndislik və informasiya texnologiyaları sahəsində dünyada tanınan təhsil müəssisələrindən biridir.
Qeyd edək ki, Kompüter mühəndisliyi (tədrisi ingilis dilində ) ixtisası üzrə ikili diplom proqramı Naxçıvan Dövlət Universitetinin ikili diplom sahəsində ilk təcrübəsi deyildir. Belə ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq  2022-2023-cü tədris ilindən Naxçıvan Dövlət Universiteti  və Türkiyənin Çankırı Karatekin Universiteti arasında ikili diplom layihəsi əsasında “İqtisadiyyat” ixtisasına tələbə qəbulu həyata keçirilir. Bu proqram 2+2 formatında həyata keçirilir. Proqrama qəbul olunmuş tələbələr ilk iki ilini qəbul olduqları universitetdə, digər iki ilini isə ortaq proqram üzrə digər universitetdə tamamlamaqla həm Çankırı Karatekin Universitetinin, həm də Naxçıvan Dövlət Universitetinin diplomlarını əldə etmiş olurlar.  Proqram çərçivəsində Naxçıvan Dövlət Universitetinə qəbul olmuş tələbələr 2024-2025-ci tədris ilindən etibarən qardaş ölkənin Çankırı Karatekin Universitetində təhsillərini davam etdirməkdədirlər”, – deyə direktor vurğulayıb.


Aidə İBRAHİMOVA

Nəşr edilib : 05.08.2025 20:33