NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Hüseyn Cavidin anadan olmasının 143-cü ildönümü yad edilib

...

Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Naxçıvan şəhərində Hüseyn Cavid məqbərəsini ziyarət edib, məzarının üzərinə tər gül dəstələri düzüblər. 
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının şöbə müdiri Pərvin Həsənov Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, teatrının inkişafındakı xidmətlərindən danışıb, görkəmli dramaturqun yaradıcılığı və əyilməz şəxsiyyəti ilə özündən sonrakı ədəbi nəsillərə bir nümunə olduğunu bildirib.
Vurğulanıb ki, görkəmli dramaturqun yaradıcılığına və şəxsiyyətinə ən layiqli qiyməti xalqımızın Ümummilli Lideri  Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin rəhbərliyi ilə Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi və cənazəsinin Uzaq Sibirdən tapılaraq Azərbaycana gətirilməsi haqqında qərar qəbul edilib.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri,  Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev Hüseyn Cavidin həyat və yaradıcılığından danışıb.
Tədbir AMEA Naxçıvan Bölməsinin əməkdaşı Ramiz Quliyev və Hüseyn Cavidin Ev- Muzeyinin və Xatirə Kompleksinin direktoru Tünzalə Dilanova, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundovun  çıxışları ilə davam edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü Muxtar Qasımzadə Hüseyn Cavidin portretini muzeyə hədiyyə edib.
Tədbirin bədii hissəsində Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri Hüseyn Cavidə həsr etdiyi şeirlərini səsləndiriblər.
Sonda muzeyin ekspozisiyasına baxış olub.

Nəşr edilib : 24.10.2025 15:17