NAXÇIVAN :

06 May 2025, Çərşənbə axşamı

Heydər Əliyev və arxiv quruculuğu

...

Bütün mənalı ömrünü xalqın rifahına həsr etmiş, dövlətçilik salnaməmizdə silinməz izlər buraxan dahi lider Heydər Əliyev müxtəlif sahələrdə olduğu kimi, arxiv işinə də xüsusi önəm vermiş, bu yolda bir çox işlər görmüşdür. Dövlət arxivlərinə xüsusi qayğı ilə yanaşan Ulu Öndərin hakimiyyətə gəlişi ilə arxivlər genişləndirilmiş, ixtisaslı kadrlarla təmin olunmuş, onların maddi-texniki bazası gücləndirilmişdir. Fəaliyyətinin müəyyən dövrlərində elə arxiv sahəsində çalışan Ümummilli Lider deyirdi: “Arxiv işi donub qalmış, dəyişməz deyil, daimi inkişaf edən, təkmilləşən, dövlətin inkişafına, sosial-siyasi qərarların qəbuluna, xalqın milli ənənələrinə uyğun vətənpərvərlik ruhunda tərbiyələnməsinə xidmət edən mühüm fəaliyyət sahəsidir. Dövlət arxivlərimizdə öz işini bilən və sevən fədakar insanlar çalışırlar və onlar öz fəaliyyətləri ilə daimi dövlətin maraqlarını qoruyurlar. Dövlət arxivləri cəmiyyətdə məsuliyyətli və şərəfli vəzifəni yerinə yetirməklə ciddi olaraq dövlətin maraqlarının qorunmasını təmin etməlidirlər”.

Bu gün də ölkəmizdə arxiv işi dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuş, özünün yeni inkişafına qədəm qoymaqla öz funksiyalarını yerinə yetirməkdədir. Bunu Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin və onun tabeliyində olan dövlət arxivlərinin timsalında da görmək olar. Bununla bağlı ətraflı məlumat almaq üçün Dövlət Arxiv İdarəsinin aparıcı arxeoqrafı Aygün Həmzəyeva ilə söhbətləşdik. Əvvəlcə arxiv sənədləri haqqında məlumat verən müsahibim bildirdi ki, arxiv sənədləri – keçmişlə gələcək arasında körpüdür. Bu sənədlər elə-belə adi kağız parçaları deyil, hər bir sənəd bir tarixdir, hər bir sənəd bir insanın taleyidir: “Arxiv sənədlərinə baxsaq, aydın görərik ki, Ümummilli Liderimiz Heydər Əliyevin gənclik illərinin bir neçə ili bu arxivlə bağlı olmuşdur. O əmək fəaliyyətinə SSRİ kimi nəhəng bir dövlətin Xalq Daxili İşlər Komissarlığında başlamışdır. Xüsusilə qeyd etmək istəyirəm ki, bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilən qiymətli sənədlər içərisində Ulu Öndərin Naxçıvan Pedaqoji Texnikumunda təhsil alması, həmçinin Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığının Mərkəzi Dövlət Arxivində elmi işçi və Dövlət Arxivinin məxfi şöbəsinin müdiri vəzifəsində çalışması ilə bağlı sənədlər qorunub saxlanılır”.

Müsahibim onu da diqqətimizə çatdırdı ki, 15 oktyabr 1941-ci ildə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığının Arxiv şöbəsi üzrə 80 nömrəli əmrə əsasən və Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığının razılığı ilə Əliyev Heydər Əlirza oğlu Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığının Mərkəzi Dövlət Arxivinə elmi işçi, 6 iyun 1942-ci il tarixli əmrlə Mərkəzi Dövlət Arxivinin məxfi şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir. Dövlət arxivində işlədiyi müddətdə respublikada, o cümlədən Ordubad, Culfa, Əbrəqunus rayonlarında arxivlərin qaydaya salınmasında, təşkilatlarda yaranmış sənədlərin arxivə təhvil verilməsində xüsusi xidmətlər göstərmişdir.

Ulu Öndərin arxiv sahəsinə verdiyi yüksək qiymətdən söz açan müsahibim diqqətə çatdırdı ki, dahi rəhbər arxiv işinin nəzəri və praktik əsaslarının mükəmməl bilicisi kimi dövlət idarəetmə sistemində arxivlərə yüksək qiymət verməklə həm də onun inkişafına böyük töhfələr vermişdir. Onun bilavasitə rəhbərliyi ilə arxiv işinin yeni dövrün tələblərinə uyğunlaşdırılmasına start verilmiş, ölkəmizdə ilk dəfə 27 iyun 1999-cu ildə arxiv işi sahəsində fəaliyyəti tənzimləyən “Milli arxiv fondu haqqında” Qanun qəbul edilmişdir. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış bu Qanun respublikamızda arxiv quruculuğunun gələcək istiqamətlərini, arxiv işinin planlı şəkildə inkişaf strategiyasını müəyyənləşdirmişdir.

Azərbaycan xalqının tarixinin ilk mənbələr əsasında öyrənilməsində arxivlərin rolunu və Milli arxiv fondunun müstəsna əhəmiyyətini nəzərə alan dahi rəhbərin bu sahədə idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə 2002-ci il dekabrın 2-də imzaladığı Fərmanla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında mərkəzi icra hakimiyyəti orqanı statusunda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi yaradıldı. Fərman respublikamızda arxiv işinin təkmilləşdirilməsində yeni perspektivlər açmaqla həm də dövlət arxivlərinin maddi-texniki bazasını möhkəmləndirmişdir. Ölkədə arxiv işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi səlahiyyəti yeni yaradılmış Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə verilmişdir.

Ulu Öndər Heydər Əliyevin “Arxiv işinin təkmilləşdirilməsi” haqqında Fərmanından sonra Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Arxiv İdarəsinin bazasında yenidən yaradılmışdır.

Ulu Öndərin arxiv işinə diqqət və qayğısının layiqli davamçısı, xalqımızın tarixi keçmişinin öyrənilməsini və dövlət müstəqilliyimizin təbliğini daim diqqət mərkəzində saxlayan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2020-ci il 12 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. Proqram ölkəmizdə arxiv işinin inkişafında yeni perspektivlər açıb. Belə ki, bu sahədəki qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması həyata keçirilir. Həmçinin xarici ölkələrdə saxlanılan Azərbaycanla bağlı sənədlərin ölkəmizə gətirilməsi, arxiv işinin İKT tətbiq etməklə modernləşdirilməsi, Milli arxiv fondu sənədlərinin etibarlı mühafizəsi, informasiya axtarışı imkanlarının genişləndirilməsi və istifadəsi imkanlarının artırılması məqsədilə zəruri addımlar atılır, bu sahədə konkret icraçılar müəyyən edilib.

Dahi rəhbərin bu sahəyə verdiyi yüksək dəyərin nəticəsi olaraq bu gün muxtar respublikanın hər bir bölgəsində ən müasir texnologiya və avadanlıqlarla təmin olunmuş arxiv idarələri fəaliyyət göstərir. Bu qayğının bu dəyərin müqabilində arxiv işinin daha da inkişaf edəcəyinə, xalqımızın minillik tarixinin xüsusi mühafizəkarlıqla qorunaraq gələcək nəsillərə çatdırılacağına əminik.

                    Türkanə ƏSƏDOVA

Nəşr edilib : 06.05.2025 10:00