Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
NAXÇIVAN :
23 Aprel 2026, Cümə axşamı
Elimizə, yurdumuza, bütöv, azad Vətənimizə bahar gəlir. Şuşada açan xarıbülbül, Laçın dağlarında qanad çalan Laçın quşu, Zəngilanda canlanan çinar meşələri ürəyimizə fərəh, ruhumuza sakitlik gətirir, arzularımız qanadlanır, qəlblər ilhamla dolub daşır. Yurdumuzun, qədim Naxçıvanımızın seyrindən doymaq olmur bu fəsildə də. Ulu torpağın rayon və kəndlərində də böyük sevinclə qarşılanan bahar bayramında hansı evin qapısını döysək, o evdə xoş niyyət və mehribanlıqla qarşılaşırıq. Sədərəkdən Ordubada kimi yurdumuzu qarış-qarış gəzir, elimizin əsirlərdən, qərinələrdən bizə yadigar qalan adət-ənənələri ilə tanış oluruq.
Sədərək rayonu bir vaxtlara kimi düşmənlə mübarizə aparıb. Elə olub, bahar çiçəkləri şəhid qanına boyanıb, amma insanlar öz evini tərk etməyib yuvasına daha möhkəm bağlanıb, el-obasının çırağını sönməyə qoymayıb. Bu gün Sədərəkdə yanan bayram tonqalının işığı gözümüzə nur, ürəyimizə fərəh gətirir. Bu kiçik rayonun ürəyi dağlar kimi böyük insanları hər baharın gəlişini öz evində sevinclə qarşılayır. Analar halva qovurur uşaqlar papaqatdıya çıxmaq üçün hazırlıq görürlər. Gəlinlər süfrə açır, bişirdikləri bayram şirniyyatlarını süfrəyə düzür, ocağın üstündə dəmlənən aşın ətri isə ətrafa yayılır. Doğmalarını son mənzilində ziyarətə gedənlər yavaş-yavaş öz evinə qayıdır. Nişanlı qızlar xonça yolu gözləyir. Üzümçülüklə məşğul olanlar qışboyu torpağa basdırdığı üzüm kollarını torpaqdan çıxarmaq üçün tələsir.
Şərur, barlı-bərəkətli qədim diyar. Zəhmətkeş insanlar səhərin erkən vaxtından torpağa baş əyib ilin ruzisi üçün əkin yerlərində torpağa toxum atır, baharın gəlişini sevinclə qarşılayır. Artıq uşaqların bayram geyimləri hazırlanıb, ev-eşiyin hər küncü təmizlənib. Analar qızlarına, gəlinlər baldızlarına bayram payı göndərir. Evdəki bu təlaş, şirin hazırlıq ab-havası uşaqlıq yaddaşımda Novruzun ilk müjdəsi kimi yazılır. “Şərur” yallısının aləmə yayılan səsini duyanda seyr edirəm bu təlaşı və xatırlayıram uşaqlığımı.
Süfrənin ən əsas yeməyi isə şirin plov olardı. Mənim yaddaşımda Novruz səhərləri daha çox nənəmin səhər tezdən qalxaraq böyük qayğı ilə bişirdiyi şirin plovun ətri ilə qalıb. Səbirsizliklə gözlədiyim bayramın gəldiyini mənə ən çox hiss etdirən məqam isə İlaxır çərşənbəsi idi. Mənim üçün bayramın ən maraqlı və yaddaqalan anları məhz həmin gün yaşanardı. Axşam düşməmiş ailəmlə birlikdə kənddə yaşayan yaşlıları ziyarətə gedərdik. Bu ziyarət bizim üçün, sadəcə, bir görüş deyil, həm də böyüklərə olan hörmət və ehtiramın göstəricisi idi. Nənəm evdə bişirdiyi şirniyyatlardan bayram payı hazırlayar, biz isə böyüklərin əllərini öpər, onların xeyir-duasını alardıq. Ziyarətlərdən sonra isə bayramın ən coşqulu anı başlayardı. Həyətimizdə tonqal qalayardıq və hamımız onun ətrafına toplaşardıq. Uşaqlar, gənclər, böyüklər – hamı tonqalın üzərindən tullanardı. Mən də tonqalın üzərindən tullanarkən belə deyərdim: “Ağırlığım, xəstəliyim tökülsün bu odun üstünə”. Bu sözlər sanki köhnə ilin bütün ağırlıqlarını odda qoyub yeni ili təmiz niyyətlə qarşılamağın rəmzi idi. Həmin gün bir sıra maraqlı inanclar və adətlər də yerinə yetirilərdi.
Kəngərli – qəhrəmanlar yurdu, igidlər diyarı. Adı qədim özü gənc. Baharın, hər evin qapısında, hər dağın ətəyində, hər bulağın başında qədim bir sevgi nəğməsi oxuduğu diyar. Bu rayonun hər kəndi özünəməxsus nəfəslə qarşılayır baharı. Bir tərəfdə Qarabağlar kəndində qızlar dilək qabının başında toplaşıb ürəklərindəki gizli arzuları suyun səssiz dalğalarına həvalə edirlər, digər tərəfdə isə Xok kəndindəki cavanlar öz papaq və xurcunları ilə qapı-qapı gəzib bayram payı yığır, başqa bir kənddə isə İlaxır çərşənbə gecəsi “baca-baca” mərasimi daha da maraqlı bir sirrə bürünür... Subay oğlanlar və qızlar evlərin qapısında sakitcə dayanıb içəridən süzülən sözləri dinləyir, xoş xəbərlər eşidəndə ürəkləri bahar kimi açılır, qaranlıq sözlər duyulanda isə çıxıb gedirlər, amma o gecənin sehrini ömürboyu daşıyırlar.
İnsanlar sevgilərini bahara yönəldir, günlər öncədən evlər təmizlənir, yorğan-döşəklər çırpılır, bacalar təmizlənir, xalçalar havaya verilir, yeni paltarlar alınır, nemətlər yığılır. Çərşənbə tonqalları üçün odun, kol toplanır, sanki hər bir od parçası qışın soyuğunu yandırıb baharın isti qucağını çağırır. Xüsusilə sonuncu – İlaxır çərşənbədə Qarabağlar və digər kəndlərdə qızlar bir yerə yığışıb dilək qabına sırğa, üzük, sancaq atır, üstünü əlvan yaylıqla örtür, niyyət edib gözlərini yumaraq əllərini suya salırlar. Oxunan haxıştalar, şeirlər hər bir qızın taleyinə işıq salır, ürəklərdə romantik xəyallar oyadır. Martın 21-i axşamı bütün kəndlərdə bol nemətli süfrələr açılır, tonqallar alışır, dəsmallar atılır, qonşular bir-birini gəzir. Gənclər əllərində qırmızı alma, konfet, qoz-fındıq tutub yaşlıları təbrik edir, nənələrin dili ilə desək: “Bu bayram tut yeyilənə qədər davam edir”. Hər tonqalın alovunda keçmişin xatirəsi, hər dilək qabında gələcəyin ümidi gizlənir. Bu rayonun baharı elə bir sevgidir ki, onu yaşayan hər kəs ömrünün ən gözəl nağılını yaşayır.
Şahbuz rayonu və onun əsrarəngiz təbiəti, dağların qoynunda yerləşən kəndləri Novruz bayramı yaxınlaşanda tam başqa bir rəngə bürünür. Dağların qarının yavaş-yavaş əriməsi, torpağın oyanması, bulaqların gur səsi ilə birlikdə Şahbuzda Novruzun nəfəsi hiss olunmağa başlayır. Bayramdan həftələr əvvəl kənd evlərində hazırlıq başlayır. Qadınların təndir başına toplaşıb bişirdiyi şirniyyatların ətri kəndlərə yayılır. İnsanlar bir-birinə qonaq gedir, küsülülər barışır, qapılar hər kəsin üzünə açıq olur, süfrələr paylaşılır. Böyüklər uşaqlara bayram payı verir, yaşlıların xeyir-duası isə bu günlərin ən qiymətli hədiyyəsi sayılır. Kənd meydanlarında bəzən müxtəlif oyunlar, şənliklər keçirilir, saz səsi və milli musiqilər bayram ab-havasını daha da canlandırır. Yumurta toqquşduranlar, qulaq falına çıxanlar, papaq atanlar, tonqal ətrafında oxuyub-oynayanlar bayram axşamına xüsusi rəng qatır. Qulaq falına çıxan subay qızlar, oğlanlar, gəlinlər dilək tutaraq qapı dinləyirlər. Onlar eşitdikləri sözləri diləklərinə uyğun yozurlar. Bayram axşamı hər kəsin evində xoş söhbətlər edilir. Baharın ilk nəfəsi ilə birlikdə bu torpaq yenidən dirçəlir, ümidlər yenilənir və qədim adətlər gələcək nəsillərə miras kimi ötürülür.
Naxçıvanın qədim ruhunu qoynunda saxlayan, adını qəhrəman Babəkdən alan bərəkətli diyara düşdü yolumuz bu dəfə. Elə burada yaşlı nənə-babalarımızın söhbətlərindən süzülüb gələn o xatirələr Novruzun Babək rayonunda necə bir sehrli aləm olduğunu gözlərimiz önündə canlandırdı. Bu yerlərdə Novruzu bir zamanlar “yumurta bayramı” kimi də qeyd edirmişlər. Babək rayonu özünəməxsus “Qatar yumurta döyüşdürmə” qaydası ilə bütün bölgədə məşhur imiş. Həyət-bacada isə məğrur xoruzların döyüşü bayramın həyəcanını birə-beş artırar. Çərşənbə axşamı qadınlar su kənarlarında, xüsusən də nazlı söyüdlərin altında niyyət tutarlar. İnanca görə, gecə yarısı suyun bərəkəti ilə söyüd ağacları başını yerə əyib səcdə edir.
Sirab, Qahab, Yarımca və Kültəpə kəndlərinin küçələri isə qədim oyunların sədası ilə dolar. “Qəcəmə” və “İqi” kimi oyunlar gənclərin ən sevimli əyləncəsi sayılar. Tonqallar sönən günün səhəri isə camaat ocağın müqəddəs közünü götürüb evin dörd küncünə, həyətə səpərlər ki, bərəkət və aydınlıq əskik olmasın.
Gecələr xan Arazın laylası ilə yatıb, gündüzləri Haçadağın başından boylanan günəşin işığı ilə al şəfəqə boyanan qədim Culfa diyarına bahar gələndə çiçək açır hər tərəf. Bu qədim elin insanları bir-birinə pay aparıb, pay gətirir. Təzə gəlinlər ata evindən pay gözləyir. Naxçıvanın cənub-şərq pəncərəsi, Arazın nazlı suları ilə qədim tarixin pıçıldaşdığı bir məkandır Culfa... Burada təbiət öz naxışını sıldırım qayalıqların sərtliyi və Haçadağın heybətli sükutu ilə vurub. Amma ilin elə bir vədəsi var ki, o vüqarlı qayalar belə baharın nəfəsi ilə yumşalır, Arazın sahillərinə min bir rəngin çaları səpələnir. Bu, əsrlərin yaddaşından süzülüb gələn, Culfanın hər bir kəndində, hər bir evində müqəddəs bir ayin kimi yaşadılan Novruzun gəlişidir.
Burada hələ də kəndlərdə “ağacqorxutma”, “beşdaş” və “küştü” kimi qədim oyunlar unudulmayıb. Kosa və Keçəl libası geyinmiş gənclərin məzəli oyunları küçələrə şənlik qatır, qaranlıq düşəndə isə “papaqatdı” həyəcanı başlayır. Atılan heç bir qurşaq, heç bir papaq boş qaytarılmır. Ev sahibləri onları ən şirin sovqatlarla dolduraraq bayram sevincini hər kəslə bölüşürlər. Məhəllələrdə gənclərin xüsusi bir həvəslə keçirdiyi xoruz döyüşləri və yumurta toqquşdurma yarışları isə bayrama özünəməxsus rəqabət ruhu gətirir. Kimin xoruzu daha dözümlüdürsə, o günün qəhrəmanı da odur.
Həmçinin cavanlar böyüklərin ziyarətinə tələsir, onların xeyir-duasını alırlar. Böyüklər isə uşaqlara bayram payı olaraq boyanmış yumurtalar hədiyyə edirlər.
Bu gün Culfa Arazın sıldırım sahillərində yandırılan ocaqları, Haçadağa boylanan ümidləri və qədimdən qalan qırılmaz adət-ənənələri ilə baharın ulu ruhunu bütün dünyaya pıçıldayır. Novruz bu torpaqlarda, sadəcə, bayram deyil, yaddaşın oyanışı, köklərə qayıdışın təntənəsidir.
Ordubad yurdumun meyvə cənnəti, bəzəyi, incisi. Hər küncündən tarix ətiri gələn qədim diyar. Baharın gəlişi ilə hüsnünə yaraşıq gələn gözəl yurd. Novruzu burada qarşılasan özünü əsirlərin o üzündə hiss edərsən. Xanı, vəzir-vəkili görüb tarixə səyahət edərsən. Novruz adətlərindən biri də “Xan bəzəmə”dir. “Xan bəzəmə” mərasimi hər il Novruz bayramı günü keçirilir. Novruzda Ordubadda üç gün ard-arda Xan bəzəyirlər. Bir nəfəri Xan seçirlər. Onu əsl xan kimi geyindirirlər. Başına tac qoyurlar. Meydanda hündür bir taxt düzəldib Xanı oturdurlar. İki nəfər balaca uşaq Xanı yelpiklə yelləyir. Kim istəyirsə, könüllü qulluqçu olur. Qız-gəlinlər, qonaqlar meydanın dövrəsinə düzülüb tamaşa edirlər.
Xanın yanına bəzənmiş xonçalar, səmənilər düzürlər. Xan əmr verir. Hərə öz qabiliyyətini nümayiş etdirir. Burada təlxəklər də olur. Onlar Xanı güldürməyə çalışırlar. Xan isə gərək gülməsin. Əgər gülsə, onu suya basırlar, təzə Xan seçirlər. Meydanda bir qab qoyurlar. Hamı ora xələt atır. Əgər Xan üç gün vəzifəsinin öhdəsindən yaxşı gəlsə, bu xələtlər ona çatır.
Novruzun ənənələrindən biri də gənclərin qız bəyənməsidir. Elin gəncləri xüsusi mərasim olan Xan bəzədilməsinə gəlir və burada arzuladıqları qızı bəyənirlər bu adət ailələr və qohumluq münasibətlərini möhkəmləndirir. Bir sözlə, baharı Ordubadda qarşılasan gülabın ətrinə valeh olub, səməni halvasının, Ordubadın limonlu çayı ilə sucuqla, alananın dadına baxıb baharın ətrini duyursan.
Biz illərlə “Gələn il bu vaxtı bayramı Qarabağda keçirək” arzusu ilə yaşadıq. Artıq 6 ildir ki, bu arzumuz çin olub, yeni arzularımız isə qanad açır Zəngəzura tərəf, bizi ana Vətənə birləşdirən yola doğru süzülür.
“Şərq qapısı”
Digər xəbərlər