NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Hər kəsə örnək olan Azərbaycan qadını

...

Unudulmayan insanlar sağlığında öz əməlləri ilə ölməzlik qazananlardır. Onlardan biri də özünün işıqlı və humanist peşəsi, yenilikçi və faydalı fəaliyyəti ilə minlərlə insana nur bəxş etmiş, XX əsr Azərbaycan oftolmologiya məktəbinin yaradıcılarından akademik Zərifə xanım Əliyevadır. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir. Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.

Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya elminin inkişafına səbəb olmuş mühüm əsərlərin müəllifidir. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftamologiyanın müasir problemlərinə dair çox dəyərli tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaq – nostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 160-dan çox elmi əsərin, dərslik və dərs vəsaitlə­ri­nin, 12 monoqrafiyanın, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olmuşdur.

Akademik Zərifə xanım Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin, keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin, “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Zərifə xanım Əliyeva bir sıra orden və medallara, Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdü.

Oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə, 1981-ci ildə ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadın idi.

Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdi.

Zərifə xanım səhiyyədə yüksəkixtisaslı kadrlar yetişdirilməsinə, həkimlərin ixtisasının təkmilləşdirilməsinə, gənc həkimlərin peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə böyük əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.

Zərifə xanım vəfalı ömür-gün yoldaşı, eyni zamanda qayğıkeş ana kimi də bu gün xatirələrdə yaşayır. O, Ümummilli Liderlə çiyin-çiyinə addımlayır, qayğısına qalır, çətin günlərdə ona arxa-dayaq olurdu.

Zərifə xanım haqqında çoxlu şeirlər, məqalələr, kitablar yazılmış və bundan sonra da yazılacaqdır. Lakin bu böyük insan haqqında ən xoş, ən səmimi və ən gözəl sözləri onu hər kəsdən yaxşı tanıyan və hamıdan çox sevən ömür-gün yoldaşı - Ümummilli Lider Heydər Əliyev söyləmişdir: “O mənə, sadəcə, ömür-gün yoldaşı deyildi. O mənə dost, dayaq idi. İşimin çətin olduğu bütün dövrlərdə ailəm haqqında çox rahat düşünürdüm. Çünki mənim Zərifə Əliyeva kimi sədaqətli, cəfakeş, fədakar ana olan ömür-gün yoldaşım var idi”.

Ülvi keyfiyyətlərə malik olan Zərifə xanım, eyni zamanda övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi. Bu məqamda Prezident İlham Əliyevin bir fikrini xatırlatmaq yerinə düşər: “Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər, əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq. 1970-ci illərdə – Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin - birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi”.

Bu böyük insan keçdiyi şərəfli və parlaq ömür yolu ilə hər kəsə örnək olmaqda davam edir.

Gülxarə TARVERDİYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 15.04.2025 11:00