Beynəlxalq arenalarda qazanılan bu uğurlu nəticələ...
19:58 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
Naxçıvan Muxtar Respublika Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsində tez-tez rast gəlirəm əslən Sabirabaddan olan gənc həkim Əlisahib Həsənliyə. Onunla həmsöhbət olduğumuzda bildirdi ki, Azərbaycan Tibb Universitetində təhsil alıb. “Xalqın müqəddəs saydığı, inanıb, etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir”, – deyən gənc həkim bildirir ki, bu peşəni seçənlər dünyaya yenidən qaytardıqları insanlara, dünyaya göz açmasına yardım etdikləri körpələrə, gözünə nur bəxş etdikləri insanlara baxanda qürurlanır, sağlamlığa qovuşdurduğumuz insanlarla birlikdə gülüb, sevinirlər.
“Gecəsi-gündüzü bilinməyən bir peşənin sahibi olmaq çox məsuliyyətlidir. Çünki hər an fövqəladə vəziyyətə hazır olmalıyıq və hazırıq səngərdə Vətəni qoruyan müsəlləh əsgər kimi. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım şöbəsinin həkimiyəm. Burada nevroloq həkim-rezident kimi insanların sağlamlığının qeydinə qalıram. Bacarıqlı həkim olmaq üçün ölkəmizdə hər cür şərait var. Gənclərə göstərilən qayğıdan bəhrələnərək tibb sahəsində təhsil almışam və işimin bununla da bitmədiyini düşünürəm. Həkimlik elə bir sənətdir ki, daim öyrənməlisən və daim oxumalısan, çünki tibb elmi də inkişaf edir və müasirləşir”. Naxçıvan barədə fikirlərini də bildirən həkim qeyd etdi ki, iqlimi sərt olsa da, insanları çox səmimi və qonaqpərvərdir bu yurdun. İşlədiyi xəstəxanada iş yoldaşlarının arasındakı mehriban münasibət özünü evindəki kimi hiss etdirir.

Mustafa Həsənov əslən Şəkidəndir. O, Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasında təhsil alıb. 2017-ci ildə ali təhsilini başa vurub. Həkim qeyd edir ki, onun tibb sahəsinə marağı uşaqlıq illərində yaşadığı şəxsi təcrübə ilə bağlıdır. Uşaq yaşlarında gözlərindən əməliyyat olunan Mustafa Həsənov uzun müddət oftalmoloq olmağı arzulayıb. Bu arzunun əsas səbəbi yaşadığı ağrını heç bir uşağın bir daha yaşamamasını istəməsi olub. Lakin universitetin son kurslarında o, insan sağlamlığının yalnız fiziki deyil, eyni zamanda psixoloji tərəfinin də nə qədər həssas və önəmli olduğunu anlayıb. Məhz bu düşüncə onu rezidentura təhsilində psixiatriya ixtisasını seçməyə sövq edib. Həkimlik peşəsində empatiyanın mühüm rol oynadığını deyən müsahibimizin fikrincə, ağrını yaşamış həkim xəstəni daha yaxşı anlayır və bu anlayış müalicənin ən vacib hissəsidir.
Həkim onu da deyir ki, o, 2023-cü ilin may-sentyabr aylarında Şəki Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan İnçə kənd həkim məntəqəsində müdir vəzifəsində çalışıb. Daha sonra 2023-cü ilin oktyabr ayından 2024-cü ilin sentyabr ayına qədər Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində həkim-rezident kimi fəaliyyət göstərib. Hazırda isə o, Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin Psixiatriya şöbəsində həkim-rezident kimi çalışmaqla bərabər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım şöbəsində gecə növbəsində növbətçi həkim kimi işləməklə öz tibbi biliklərini artırır və daha çox təcrübə toplayır. Mustafa Həsənovun Naxçıvanı seçməsi də təsadüfi olmayıb. O, əvvəllər də bu bölgəni yaxından tanımaq arzusunda olub və rezidentura təhsili bu istəyin gerçəkləşməsinə imkan yaradıb. Qeyd edir ki, burada olmaqdan çox məmnundur, çünki Naxçıvandakı mühit çox yaxşıdır.
Səmayə RƏSULOVA
Ayşən ADIGÖZƏLOV
Digər xəbərlər