Победоносная Армия Великого Главнокомандующего...
00:08 26.06.2025
0
0
0
NAXÇIVAN :
26 Iyun 2025, Cümə axşamı
AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib. Bu gün baş tutan iclası AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq əvvəlcə gündəlikdəki məsələləri diqqətə çatdırıb.
Daha sonra İsmayıl Hacıyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında 19 mart 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr barədə məlumat verib.
Bölmənin Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində 2025-ci ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətə dair yarımillik hesabatın hazırlıq vəziyyəti barədə Rəyasət Heyətini məlumatlandırıb.
AMEA Naxçıvan Bölməsi tərəfindən Naxçıvanla bağlı arxiv materiallarının aşkar olunaraq həmin sənədlərin əlçatanlığını təmin etmək məqsədilə son illər ərzində Türkiyə, Rusiya və Gürcüstan arxivlərinə elmi ezamiyyələrin təşkil olunduğunu diqqətə çatdıran akademik İsmayıl Hacıyev bildirib ki, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev cari ilin 10 may-7 iyun tarixlərində Gürcüstanda elmi ezamiyyədə olmuşdur.
Tarix üzrə fəlsəfə doktoru Musa Quliyev iclasda həmin elmi ezamiyyənin nəticələri ilə bağlı məlumat verib. Təcrübəli alim ezamiyyə dövründə Gürcüstan Dövlət Arxivində, K.Kekelidze adına Gürcüstan Milli Əlyazmalar Mərkəzində, Gürcüstanın Simon Canaşia Muzeyində, habelə tanınmış gürcü şairi Nikoloz Barataşvilinin ev-muzeyində apardığı axtarışlardan bəhs edib. Gürcüstan Dövlət Arxivinin fondlarında saxlanılan arxiv sənədlərinin toplanılmasına XIX əsrin əvvəlindən başlandığını qeyd edən alim Dövlət Arxivindən və Gürcüstan Milli Əlyazmalar Mərkəzindən əldə etdiyi materiallar barədə müfəssəl məlumat verib.
Musa Quliyev çıxışı zamanı bildirib ki, ezamiyyə nəticəsində Naxçıvan tarixi, etnoqrafiyası, mədəniyyəti ilə bağlı 1000-ə yaxın sənəd və əlyazmanı ölkəyə gətirmişdir. Sənədlər sırasında Bəhram Naxçıvanskinin Qafqaz Canişinliyində işləməsi haqqında sənədləri, İ.Şopenin 70 səhifəlik kameral siyahısı (Naxçıvan haqqında), Hüseyn xan Naxçıvanskinin Qafqaz Canişinliyinin dəftərxana rəisinə yazdığı məktub, Ehsan xan naib təyin olunması ilə bağlı 44 səhifəlik xidmət kitabçası, İ.Paskeviçin Naxçıvan haqqında yazdığı məktublar, Məhəmməd ağa Şaxtaxtınski, general mayor Kalbalı xan Naxçıvanski, eləcə də əldə olunmuş başqa sənədlər Naxçıvan tarixi üçün mühüm əhəmiyyət kəsb edir. Əldə olunan materiallar arasında tarixçi Cəmil Quzanlının farsca əsərinin rus qafqazşünası K.N.Smirnovun rus dilinə tərcümə variantı da vardır.
Nikoloz Barataşvilinin ev-muzeyində apardığı axtarışlardan danışan alim qeyd edib ki, 1844-cü ildə Naxçıvanda işləyərkən şairə Qönçəbəyimlə tanış olmuşdur. 1845-ci ildə yanvarın 10-da ona “Qönçəbəyim” adlı şeiri ithaf etmişdir. Tədqiqatçı həmin şeiri Tiflisdən tapıb gətirmişdir.
Çıxışının sonunda alim gələcəkdə Gürcüstan arxivlərində araşdırma aparmaq istəyən tədqiqatçılarla təcrübələrini bölüşüb və bəzi tövsiyələr verib.
Gündəlikdəki digər elmi-təşkilati məsələlərin müzakirəsindən sonra akademik İsmayıl Hacıyev iclasa yekun vurub.
Digər xəbərlər