NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Gələcəyin xilasediciləri bu günün qəhrəman şagirdləridir

...

Naxçıvanlı məktəblilər “Gənc xilasedici və yanğınsöndürən” yarışının qalibləri sırasında yer alıb. Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışında Naxçıvan şəhər İslam Səfərli adına 1 nömrəli tam orta məktəbin şagirdləri böyük uğura imza atıblar. Muxtar respublikanı təmsil edən 7 nəfərlik komanda yarışda birincilik əldə edərək adlarını qaliblər sırasına yazıblar. 
Yarışın əsas məqsədi yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsini artırmaq, məktəblilər arasında sağlam həyat tərzini təşviq etmək, təhlükəsizlik qaydalarına məsuliyyətli yanaşmanı formalaşdırmaq və gənclərdə vətənpərvərlik ruhunu gücləndirməkdən ibarətdir. Eyni zamanda tədbir müxtəlif bölgələrdən olan şagirdlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına da xidmət edir. Komandanın bu uğurunda məktəbin hərbi hazırlıq müəllimi Coşqun Əliyevin əməyi xüsusi qeyd olunmalıdır. O, “Şərq qapısı” qəzetinə müsahibəsində bildirib: “Bu cür yarışlar şagirdlərdə həm nəzəri biliklərin, həm də praktiki bacarıqların inkişafına səbəb olur. Belə tədbirlər gənc nəslin Vətənə, cəmiyyətə faydalı, hazırlıqlı və məsuliyyətli fərdlər kimi yetişməsində mühüm rol oynayır”.
Yarışlara hazırlıq dövründən danışan müəllim bildirdi ki, şagirdlərim əzmkarlıqla, yorulmadan məşqlərdə iştirak edir, hər gün öz üzərlərində işləyirdilər: “Bu yolda bizə böyük dəstək verən FHN əməkdaşı xilasedici Alim Əsədovun rolu danılmazdır. Onun peşəkarlığı hazırlıq prosesində əsas dayağımız oldu. Təlimlərdə məsuliyyətlə çalışan şagirdlərim yarışda qalib olaraq bu sözləri əməldə sübut etdilər.Yarış müddəti bir məqsədimiz var idi ki, qalib olmaq və Naxçıvanın, məktəbimizin adını uca tutmaq. Yarışdan əvvəl çalışırdım ki, şagirdlərimə daim psixoloji dəstək göstərim. Ən çox işlətdiyim sözlər isə bunlar idi: “Mən sizə güvənirəm, inanıram, siz burada ən güclü komandasınız”. Onlara olan etimadımı doğrultmağı bacardılar. Bu qalibiyyət zəhmətin, inamın və birliyimizin nəticəsi idi”. 
Coşqun müəllim qeyd etdi ki, bir hərbi müəllimi olaraq əsas vəzifə borclarımdan biri də məhz şagirdlərə vətəni sevdirmək, onları vətənpərvər ruhda yetişdirməkdir. Həmçinin Naxçıvanı hərbi-idman oyunlarında dəfələrlə təmsil edərək qalib olmuşuq, buna misal olaraq, 2019-cu ildə “Heydər Əliyev kuboku”nu Naxçıvana gətirməyə nail olmağımızı göstərə bilərik.
Komandanın qrup rəhbəri Sadiq Bayramlı söhbətimizə qoşularaq deyir: “Sevinc hissi ilə qeyd etmək istərdim ki, bu nüfuzlu yarışda muxtar respublikamızı layiqincə təmsil edərək respublika çempionu adına layiq görüldük. Final mərhələsində Azərbaycanın müxtəlif bölgələrindən olan 12 komanda, eyni zamanda 4 beynəlxalq komanda iştirak edirdi. Yarış üç mərhələdən ibarət idi. Komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayırdılar.
“Kombinə edilmiş yanğın estafeti”ndə komandamız 56 saniyəlik göstərici ilə birinci yeri tutdu. “Maneələr zolağı”nda bəzi zəifliklərimiz olsa da, ümumi nəticəyə təsir etməyən cüzi fərqlə ikinci yerdə qərarlaşdıq. Ən çətin və gərgin mərhələ olan meşə maneələri mərhələsində isə Quba komandasını 4 saniyə qabaqlayaraq birinci yeri qazandıq. Yarış boyunca komandamızla birlikdə çox yorulsaq da, məqsədimizdən yayınmadıq. Bütün maneələri əzmkarlıqla dəf edərək sonda qalib gəlməyi bacardıq. Bu uğur bir daha sübut etdi ki, Naxçıvan gəncləri Vətənə layiqli xidmətə daim hazırdır”.
Biz də məktəblilərə uğurlar arzu edirik. İnanırıq ki, bu günün istedadlı gəncləri sabahın qəhrəmanları olacaqlar.

Nəşr edilib : 09.07.2025 14:35