Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində ə...
21:33 19.04.2026
0
0
0
NAXÇIVAN :
20 Aprel 2026, Bazar ertəsi
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında
Muzey Kompleksi 15 ildə
Bu gün biz xalqımızın zəngin tarixi, mədəni irsi və memarlıq sənətinin nadir incilərindən biri olan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksinin 15 illiyini böyük qürur və sevinc hissi ilə qeyd edirik. “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi bir memarlıq abidəsi deyil, bu torpağın tarixi yaddaşı, siyasi və mədəni həyatının şahididir. XVIII əsrdə inşa edilən bu möhtəşəm saray, vaxtilə Naxçıvan xanlarının iqamətgahı olmaqla yanaşı, Azərbaycan xalqının dövlətçilik ənənələrinin, incəsənətinin və memarlıq üslubunun parlaq nümunələrindən biridir.
Bu yubiley yalnız bir tikilinin 15 illiyinin deyil-bir ideyanın, mədəniyyət sevgisinin, milli tarixə olan ehtiramın bayramıdır. “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi ötən 15 ildə öz varlığını qoruyaraq, tarixi zənginliyi və dövlətçilik ənənələrimizi gələcək nəsillərə çatdıran bir mədəniyyət müəssisəsidir.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılmış, həmin ilin dekabrın 17-də muzeyin açılışı olmuşdur. Muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan xanlığının dövlətçilik tarixini, irsini elmi əsaslarla qorumaq və təbliğ etməkdir. “Muzeyin strukturu və ştat cədvəlinin təsdiq edilməsi haqqında ”Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2010-cu il tarixli, 102 nömrəli Qərarı ilə 8 ştat vahidi ilə müəssisənin fəaliyyəti təşkil edilir. Muzeyin fondunun və ekspozisiyasının qurulmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 29 mart 2011-ci il tarixli 50 nömrəli Qərarı ilə Naxçıvan Muxtar Respublikasının muzeylərinin fondundan-cəmi 75 ədəd olmaqla götürülmüş və digər mənbələrdən əldə olunmuş eksponatlar əsasında muzeyin fondu yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cu il 1 may tarixli 43 nömrəli Qərarı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi“ Naxçıvan Muxtar Respublikasında mühafizə olunmalı, mühüm əhəmiyyətli obyektlərin” Siyahısı”na daxil edilmişdir.
“Naxçıvan Muxtar Respublikasındakı muzeylərin fəaliyyətinin tənzimlənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2015-ci il 2 fevral tarixli Sərəncamından sonra “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyət göstərməyə başlamışdır.
Hər bir xalqın tarixi onun kimliyini formalaşdırır. Naxçıvan xanlığı kimi dövlətlər bizim dövlətçilik ənənələrimizin, mübarizə tariximizin və mədəni irsimizin daşıyıcılarıdır. Naxçıvan xanlığının əsası 1747-ci ildə Heydərqulu xan tərəfindən qoyulmuş, 81 il fəaliyyət göstərmiş, 1828-ci il fevral ayının 10-da Türkmənçay sülh müqaviləsinə əsasən fəaliyyəti dayandırılmışdır. 1828-ci il martın 21-də Naxçıvan və İrəvan xanlıqları rəsmi şəkildə ləğv edilərək Rusiyanın tərkibinə qatılmışdır. Naxçıvan xanlığının fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. O dövrdə Naxçıvana rəhbərlik etmiş xanlar içərisində Kalbalı xanın xidmətləri xüsusilə qeyd edilməlidir. Ulu Öndərimiz Heydər Əliyev Naxçıvan xanlığı haqqında demişdir: “Azərbaycan xanlıqlara bölünən dövrdə… Naxçıvan xanlığı yaranıbdır. Naxçıvan xanlığı da Atabəylər dövlətçiliyinin davamı kimi özünü göstəribdir. Naxçıvan xanlığı, Azərbaycanın basqa bölgələrinin xanlıqları Azərbaycan dövlətçiliyini təmsil ediblər, Azərbaycanı qoruyub yaşadıblar”.
Naxçıvan xanlığının fəaliyyəti Azərbaycan dövlətçiliyinə verdiyi töhfələrlə bitmir. Eyni zamanda Naxçıvan xanlığı böyük dövlət xadimləri, sərkərdələr yetişdirmişdir. Tək bir nəsildən altı generalın, bir çox ictimai xadimin yetişməsi bu sülalənin Azərbaycan tarixində nə qədər böyük yeri və rolu olduğunun göstəricisidir.
Hazırda muzeyin yerləşdiyi bina XVIII əsrin sonlarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlığının iqamətgahı, həm də xan ailələrinin yaşayış evi, isti ocağı olmuşdur. Xanlıq ləğv olunduqdan sonra bu sarayda Kəngərli süvarilərinin komandanlığı yerləşmiş, 1918-1920-ci illərdə Naxçıvan Milli Müdafiə Şurasının Qərargahı buraya köçürülmüşdür.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması elm, mədəniyyət tariximizdə mühüm bir hadisədir. Həyət ilə birlikdə muzeyin ümumi sahəsi 4200 kvadrat metrdir. 3 mərtəbəli binada fəaliyyət göstərən muzeyin ekspozisiyası 9 zaldan təşkil olunmuşdur. Ekspozisiyanın divarları Naxçıvanın qədim yaşayış evlərinə məxsus taxçalarla təmin edilmiş, giriş zalda-Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan o cümlədən, Naxçıvan xanlığı haqqında dediyi qiymətli kəlamların qızılı hərflərlə həkk olunduğu lövhə, Naxçıvan xanlığının xəritəsi və digər mənbələr nümayiş etdirilir. Ekspozisiyanın digər salonları isə Naxçıvan xanlarının fəaliyyətini əks etdirən mənbələrdən təşkil olunmaqla məşhur Kəngərli nəslinin tanınmış hərbi-siyasi xadimləri, görkəmli sərkərdələri və nəsil şəcərəsi haqqında arxiv sənədlərindən, foto-mənbələrdən, xatirə əşyalarından təşkil olunmuşdur. Həmçinin qiymətli sənət əsərləri, Naxçıvan xanlığının atributları, döyüş və dövlət bayraqları, etnoqrafik əşyalar və sair muzeyin ekspozisiyanın dəyərli eksponatları kimi qorunur və təbliğ olunur.
Muzeyin fondu iki bölmədən- əsas və elmi-köməkçi fonddan təşkil olunmaqla sonrakı vaxtlarda fondların zənginləşdirilməsi istiqamətində geniş işlər aparılmışdır. Fəaliyyətə başladığı dövrdə 75 eksponatdan təşkil olunan fondlarda hazırda 3 minə yaxın eksponat qeydiyyata götürülmüşdür. Fəaliyyəti dövründə muzey əhaliyə göstəriləcək muzey xidmətinin nümunəvi təşkilinə diqqət yetirmiş, 15 il müddətində milyonlarla tamaşaçını muzey mənbələri ilə tanış edərək ziyarətçilərə Naxçıvan xanlığının tarixi, mədəniyyəti, Kəngərli nəslinin görkəmli siyasi-dövlət və hərbi xadimləri, maarif və mədəniyyət, ədəbiyyat sahəsində tanınmış şəxsiyyətləri haqqında məlumatlar vermişlər.
Bu gün muxtar respublikada fəaliyyət göstərən bütün muzeylər kimi “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi də özünün milli dəyərlərini, tariximizi qoruyub yaşatmaq və təbliğ etmək funksiyasını uğurla davam etdirir. 15 illik xidməti dövründə muzeyin geniş tamaşaçı auditoriyası olmuş, Azərbaycanın müxtəlif bölgələrindən, muxtar respublikamızın rayon və şəhərlərindən, həmçinin ölkəmizdə fəaliyyət göstərən, xarici dövlətlərin fövqəladə və səlahiyyətli səfirlikləri, beynəlxalq təşkilatların nümayəndələri, əcnəbi və yerli turistlər fərdi və qrup halında muzeydə olmuş, qədim əcdadlarımızın yaratdıqları daş mədəniyyətimiz, tariximiz haqqında zəngin məlumatlar əldə etmişlər. Yarandığı gündən bu gunədək bir çox dövlət və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmiş, Novruz şənlikləri, müxtəlif rəsm müsabiqələri, idman yarışları, musiqi festivalları, beynəlxalq simpoziumlar muzey kompleksində keçirilmişdir.
Muzeydə elmi- kütləvi tədbirlərin keçirilməsinə və maarifçilik işlərinin təşkilinə diqqət yetirilmiş, müxtəlif mövzularda tədbirlər, distant və açıq dərslər keçilmiş, kütləvi və elmi-tədqiqat məqalələri müxtəlif mətbu orqanlarda dərc olunmuş, səyyar və stasionar sərgilər təşkil edilmiş, yerli və əcnəbi televiziya kanalları müəssisədə çəkilişlər aparmış, videoçarxlar hazırlanmış, həmçinin əməkdaşlar yerli radio verilişlərinə müsahibələr vermişlər. Ümumiyyətlə, müəssisənin fəaliyyətindən və yerləşdiyi ərazidən müxtəlif xarakterli minlərlə çəkilişlər aparılmışdır.
Ali təhsil ocaqlarının müvafiq ixtisasları üzrə fakültələrin tələbələri muzeydə təcrübə mübadiləsində olmuş, onlara fond işləri, onun təşkili, ekspozisiya xidməti və digər muzey işi ilə əlaqədar istehsalat təcrübəsi və maarifləndirici söhbətlər təşkil edilmiş, gələcəkdə peşəkar kadr kimi yetişmələri üçün lazimi metodiki sənədlərlə təmin edilmişlər.
Muzeyin kompleks kimi fəaliyyətə başladığı dövrdən etibarən üzərinə düşən məsuliyyət daha da artırılmış, işə yeni qəbul edilmiş gənc kadrlarla metodiki hazırlıqlar təşkil edilmiş, bələdçi dinləmələri aparılmış, Mədəniyyət Nazirliyinin köməkliyi ilə onların dil kurslarına cəlb olunmaları və bu istiqamətdə peşəkar kadr kimi yetişmələri üçün lazımi tədbirlər görülmüşdür. Muzeyin əməkdaşları nazirlik tərəfindən keçirilmiş bütün tədbirlərdə iştirak etmiş və tövsiyə olunan tədbirlərdə məruzələrlə çıxış etmişlər. Eləcə də, bu dövrdə müəssisənin elmi-tədqiqat institututları- AMEA Naxçıvan Bölməsi, NDU, Müəllimlər İnstitutu ilə əlaqələri möhkəmləndirilmiş, əməkdaşlar tərəfindən yazılmış elmi-tədqiqat məqalələri, muzey mənbələrinə elmi təsvirlərin tətbiq olunması ilə əlaqədar məsləhətlər alınmışdır.
Kompleksin fəaliyyəti dövlət tərəfindən diqqət mərkəzində saxlanılmış, qiymətli sənət əsərləri, tarixi və xatirə əşyaları, dekorativ sənət nümunələri muzeyə hədiyyə edilmişdir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Naxçıvan xanlığının döyüş və dövlət bayraqlarının, vətəndaşlar tərəfindən verilmiş eksponatların, Kəngərli nəslinin Rusiyada yaşayan nəsil davamçılarının hədiyyə etdikləri tarixi sənədlərin və xatirə əşyalarının Xan sarayında təqdimat mərasimləri keçirilmişdir. Burada keçirilən tədbirlər, sərgilər və elmi simpoziumlar regionun mədəni həyatına xüsusi bir nəfəs gətirmişdir.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksinin kollektivi dövlətimizin maddi-mədəni irsə böyük qayğısından bəhrələnərək gələcəyimiz olan gənclərimizə qəhrəmanlıqlarla dolu keçmişimizi, zəngin dövlətçilik tariximizi, milli-mənəvi dəyərlərimizi, xalqımızın minilliklərdən süzülüb gələn mədəni irsini təbliğ etmək istiqamətində səy və bacarığını bundan sonra da əsirgəməyəcək.
Zülfiyyə ƏLİYEVA
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq,
Möminə Xatun və Açıq Səma Altında
Muzey Kompleksinin baş fond
mühafizi-elmi işçi
Digər xəbərlər