NAXÇIVAN :

03 May 2026, Bazar

Əməkdar jurnalist Muxtar Məmmədov növbəti kitabını oxuculara təqdim edib

...

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Muxtar Məmmədovun sayca 7-ci kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tamella Əsgərova açaraq yeni nəşrlərin oxuculara tanıdılmasında belə tədbirlərin əhəmiyyətini vurğulayaraq müəllifi təbrik edib. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-dramaturq Asim Yadigar müəllifin “Dünyada nə qədər kitab var belə” adlı yeni nəşri haqqında bəhs edib. Vurğulanıb ki, Muxtar Məmmədov Naxçıvan ədəbi mühitini öz məqalələrində geniş işıqlandıran, resenziyalar yazmaqla yeni nəşrləri oxuculara tanıdan müəllif kimi  uğurlu olub. Yeni nəşrdə də esselər, resenziyalar, məqalələr yer alıb. Bəzi resenziyalar şeir kitabları, antologiyalar haqqındadırsa, müəyyən esselər publisistika örnəklərindən ibarət toplulara həsr olunub. Kitabda, həmçinin jurnalistin maraqlı müsahibələrinə də yer verilib. Ümumiyyətlə, nəşrdə təqdim edilən hər bir esse-resenziyaya ideya dolğunluğu qazandıran jurnalistin qəlb yanğısıdır.

Filologiya üzrə fəlsəfə doktoru, şair, ədəbiyyatşünas Xanəli Kərimli, NDU-nun Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarov, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, Prezident mükafatçısı, yazıçı-publisist Hüseyn Əsgərov, “Şərq qapısı” qəzetinin məsul katibi Ruhiyyə Rəsulova və digər çıxış edənlər  müəllifin yaradıcılığından, “Şərq qapısı” qəzetində işlədiyi dövrdə məhsuldar fəaliyyətindən söz açıblar.

Sonda müəllif tədbirin təşkilinə görə minnətdarlığını bildirib və kitablarını oxuculara təqdim edib.

Nəşr edilib : 16.03.2026 16:43