Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Oktyabrın 9-da Düşənbədə baş tutan Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin görüşü təkcə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində iki liderin protokol təması olmadı. Bu görüş ötən ilin dekabrında baş vermiş aviasiya qəzasından sonra müəyyən qədər sərinləşmiş münasibətlərə yenidən real və strateji baxış idi.
Azərbaycan Prezidenti bu görüşlə təkcə yaranmış emosional fonu aradan qaldırmadı, həm də qarşılıqlı münasibətlərin gələcək trayektoriyasını rasional əsaslarla diqqətə çatdırdı.
Faciənin kölgəsində...
2024-cü ilin dekabrında Azərbaycan Hava Yolları”a məxsus təyyarənin Rusiya səmasında qəzaya uğraması hər iki ölkə ictimaiyyətində böyük rezonans doğurmuşdu. Hadisənin Rusiya hava məkanında baş verməsi və istintaqın nəticələrinin uzun müddət açıqlanmaması təbii olaraq münasibətlərdə müəyyən gərginlik yaratmışdı.
Düşənbədəki görüşdə Prezident Vladimir Putin bu hadisəyə birbaşa toxunaraq dedi: “Bizim hava məkanında baş verən aviasiya faciəsi ilə başlamaq istərdim... Mən faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədim və həlak olanların ailələrinə ən səmimi başsağlığı verdim”.
Bu, Rusiya tərəfindən məsuliyyətin bir daha rəsmi səviyyədə etirafı idi. Putin, həmçinin qeyd etdi ki, istintaq başa çatmaq üzrədir və qəzanın “Ukrayna pilotsuz aparatı və hava müdafiə sistemindəki texniki nasazlıq”la əlaqədar olduğu müəyyən edilib.
Ən diqqətçəkən məqam isə Rusiyanın kompensasiya ödəyəcəyi və məsul şəxslərin cəzalandırılacağı barədə Prezident Putinin açıq bəyanatı oldu.
Bu açıqlama həm diplomatik baxımdan məsuliyyətin qəbul edilməsi, həm də faciənin yaratdığı gərginliyin aradan qalxması üçün real hüquqi zəmindir. Lakin prosesin bu mərhələyə çatmasında Azərbaycan tərəfinin təmkinli və uzaqgörən davranışı həlledici rol oynadı.
Təmkinli, prinsipial və qətiyyətli diplomatiya
Prezident cənab İlham Əliyev cavab nitqində prinsipial tonla bildirdi: “Heç bir şübhəmiz olmayıb ki, istintaq bütün məsələləri obyektiv araşdıracaq”.
Prezident Əliyevin “Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq, komandalarımız daim təmasdadırlar” sözləri faktiki olaraq, böhranın idarə olunmasında Azərbaycanın təşəbbüskar mövqeyini nümayiş etdirir.
Bu diplomatik davranışda ən vacib amil təzyiqsiz, amma nəticəyönümlü siyasətin həyata keçirilməsi oldu.
Azərbaycan tərəfi hisslərə yox, məsuliyyət və ədalət meyarına əsaslanan yanaşmanı üstün tutaraq hadisənin siyasi gərginliyə çevrilməsinə imkan vermədi. Bu da Prezident İlham Əliyevin formalaşdırdığı balanslı xarici siyasət kursunun bir nümunəsidir.
Strateji tarazlığın qorunması
Düşənbə görüşü, əslində, bir hadisənin izahından daha çox, müttəfiqlik münasibətlərinə yenidən qayıtmaq üçün Rusiya tərəfinin real müraciəti idi. 2022-ci ildə imzalanan Azərbaycan-Rusiya Müttəfiqlik Bəyannaməsinin ruhuna uyğun şəkildə tərəflər münasibətlərin bütün sahələrində inkişaf meyillərini qoruyub saxladıqlarını təsdiqlədilər.
Prezident Putin görüşdə dedi: “İqtisadi-ticari əlaqələr inkişaf edib – keçən il 6 faiz, bu il isə 16 faizdən çox artım olub”. Bu, iqtisadi əlaqələrin siyasi müstəvidən asılı olmadığını və tərəflərin strateji maraqları önə çəkdiyini göstərir.
Prezident İlham Əliyev isə bu dinamikanı belə xarakterizə etdi: “Bütün istiqamətlər üzrə heç bir yerdə geriləmə olmayıb, əksinə, yol xəritələri uğurla həyata keçirilir”.
Bu ifadə faktiki olaraq Azərbaycanın dövlətlərarası münasibətlərdə sabitləşdirici və rasional tərəf kimi çıxış etdiyini nümayiş etdirir.
Emosiyadan rasional əməkdaşlığa...
Düşənbə görüşü göstərdi ki, Azərbaycan diplomatiyası hisslərlə yox, soyuqqanlı və strateji düşüncə ilə nəticə əldə etməyi üstün tutur. Hadisədən sonra yaranmış soyuqluq müddətində, əslində, tərəflər qarşılıqlı münasibətləri yenidən gözdən keçirmək imkanı əldə etdi.
Rusiya tərəfi istintaqı yekunlaşdıraraq kompensasiya və hüquqi qiymət məsələsini rəsmiləşdirəcək, iki ölkə arasında yeni iqtisadi və humanitar təşəbbüslər formalaşacaq, Xarici İşlər nazirləri səviyyəsində koordinasiya daha sıx olacaq, Azərbaycan-Rusiya münasibətlərində “faciə kölgəsi” tamamilə arxada qalacaq. Bu görüşün mövzusu Azərbaycanın diplomatik çevikliyinin və nüfuzlu tərəf statusunun təsdiqidir. Rusiya tərəfi hadisəyə görə üzr istədi, istintaqın nəticələrini bölüşdü və kompensasiya öhdəliyini qəbul etdi – bu beynəlxalq münasibətlərdə çox nadir haldır və onu əldə etmək diplomatik bacarıq tələb edir.
Liderlik və balanslı siyasət
Düşənbə görüşü iki ölkə münasibətlərində soyuqluğun əriməsi, gərginliyin neytrallaşması və etimadın bərpası mərhələsi kimi diqqət çəkir. Amma ən önəmlisi isə Prezident İlham Əliyevin təmkinli, ardıcıl və qətiyyətli mövqeyi bir daha göstərdi ki, Azərbaycan regional siyasətdə yalnız güc deyil, həm də səbir və diplomatik mədəniyyətlə nəticə əldə edən dövlət kimi çıxış edir.
Nicat QULİYEV
Naxçıvan televiziyasının baş redaktoru
Digər xəbərlər