NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Dünyanın harasında olsa da, Azərbaycan gənci Vətən üçün çalışır

...

Dünyanın müxtəlif ölkələrində təhsil alan gənclərimiz doğma Azərbaycanımızın adını layiqincə ucalda bilmək üçün inamla çalışırlar. Onlar bilikləri, peşəkarlıqları və beynəlxalq arenadakı uğurları ilə Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərirlər. Bunların sırasında Naxçıvan Dövlət Universitetinin yetirməsi, hazırda İtaliyada təhsil alan Ləman Ələkbərova da var. Naxçıvan Dövlət Universitetində təhsil aldığım illərdən tanıdığım Ləman xanımla Naxçıvana səfəri zamanı yenidən həmsöhbət olmaq fürsəti yarandı: “Naxçıvanda aldığım tǝhsil mǝnim hǝyatımda ǝvǝzsiz rol oynayıb. Orta mǝktǝb illǝrimdǝ burada qazandığım bilik vǝ dostluqlar dünyagörüşümü formalaşdırdı, inamımı artırdı. İxtisasca jurnalistəm. Bu isə mǝnǝ yalnız peşǝkar bacarıqlar deyil, hǝm dǝ hǝyatı fǝrqli baxış bucağı ilǝ görmǝyi öyrǝdib”. 
Müsahibim deyir ki, İtaliyada magistratura tǝhsili onun xǝyallarını vǝ mǝqsǝdlǝrini daha da gücləndirib. Xarici ölkədə təhsil almaq uşaqlıq arzusu olub. Hǝmişǝ fǝrqli mǝdǝniyyǝtlǝri tanımağı vǝ bilik dairǝsini genişlǝndirmǝyi arzulayıb. Burada yalnız yüksǝksǝviyyǝli tǝhsil almaq yox, hǝm dǝ fǝrqli mǝdǝniyyǝtlǝri öyrǝnmǝk, yeni dostluqlar qurmaq vǝ özünü sınamaq fürsǝti yaranıb. Bu qǝrar onun üçün hǝm hǝdǝf, hǝm dǝ hǝyatında yeni bir sǝhifǝ açmaq demǝkdir. Hazırda isə İtaliyada Siena Universitetinin Siyasi Elmlǝr fakültǝsinin Diplomatiya ixtisası üzrǝ magistr tǝlǝbǝsidir. 
İtaliyada oxuduğu müddətdə  gördüyü işlərdən söz açan müsahibim deyir: “Burada hǝm Azǝrbaycan Baş Konsulluğunda təcrübə keçmiş, hǝm dǝ ATƏT-in Varşava konfranslarında iştirak edǝrǝk ölkǝmizin mövqeyini müdafiǝ etmişǝm. Bu tǝcrübǝlǝr mǝnim üçün yalnız akademik inkişaf deyil, hǝm dǝ praktiki bilik vǝ diplomatiya bacarıqlarımı güclǝndirǝn ǝvǝzsiz bir imkan olub. Ölkǝmizi tǝmsil etmǝk mǝnim üçün böyük fǝxarǝt vǝ mǝsuliyyǝtdir. Azǝrbaycanın zǝngin mǝdǝniyyǝtini, dǝrin tarixini vǝ nailiyyǝtlǝrini hǝr yerdǝ tanıtmaq mǝnim üçün şǝrǝfdir. Bu, Azǝrbaycan sevgimi ifadǝ etmǝyin vǝ Vǝtǝnimǝ xidmǝt etmǝyin bir yoludur. Xaricdǝ olarkǝn Naxçıvanın adǝt-ǝnǝnǝlǝrini tanıtmağa çalışıram. Möminǝ xatunu, Əlincǝ qalasını, Qeysǝriyyǝ abidəsini vǝ digǝr tarixi yerlǝrimizi oradakı insanlara izah etmişǝm. Onlar bunu çox maraqla qarşılayır, hǝtta bǝzǝn tǝǝccüblǝnirlǝr vǝ çox sǝmimi reaksiya verirlǝr. İtaliyada yaşamaq hǝm də düşüncǝ tǝrzimi genişlǝndirdi, mǝsuliyyǝt hissimi artırdı. Tǝkbaşına yaşamaq insana hǝm güc, hǝm dǝ sǝbir öyrǝdir. Fǝrqli mǝdǝniyyǝtlǝr arasında olmaq, insanlarla ünsiyyǝt qurmaq mǝnǝ daha açıq fikirlilik, daha çevik düşünmǝ bacarığı verdi”. 
Ləman xanımla söhbətimizdən belə qənaətə gəldim ki, ölkəmizdə müasir gəncliyin maariflənməsi, onların inkişafına göstərilən xüsusi diqqət və qayğı yüksək səviyyədədir. Məhz bunun nəticəsidir ki, gəncliyimizin sorağı xaricdən gəlir.

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 29.11.2025 14:30