NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Dəmir yoluna həsr olunan ömür

...

13 oktyabr Dəmir yolu işçilərinin peşə bayramıdır

Ölkənin iqtisadi inkişafı yolunda hər bir sahənin öz yeri, öz çəkisi var. Bu sahələrdən biri də ölkələrin “qan damar” sayılan dəmir yolu nəqliyyatıdır. El arasında belə bir deyim də mövcuddur ki, dəmir yolunda nizam-intizam ilk sıralarda yer alır, elə bu səbəbdən də bu sahədə çalışan insanlar dəmir iradəyə malik insanlar hesab olunurlar. Onlar məsuliyyət və intizamın bir araya gəldiyi ən çətin, eyni zamanda ən şərəfli işi həyata keçirirlər. Bu peşənin nümayəndələri həm ölkənin iqtisadi inkişafında, həm də bölgələrin bir-biri ilə əlaqəsində mühüm rol oynayır.  Onlardan biri də ömrünün böyük bir hissəsini bu sahəyə həsr etmiş Polad Hüseynovdur.

1967-ci ildə Culfa şəhərində dəmiryolçu ailəsində dünyaya göz açan Polad Hüseynov bu peşəyə uşaqlıqdan böyük maraq duyub: “O dövrlərdə evlərdə dəmir yolundan, qatarların hərəkətindən, uzun səfərlərdən söhbətlər əskik olmazdı. Elə o vaxtdan məndə də dəmir yoluna bağlılıq yaranmışdı”, – deyir Polad Hüseynov və əlavə edir ki, 16 yaşında artıq dəmir yolu nəqliyyatında əmək fəaliyyətinə başlayıb və bu günə qədərdə fəaliyyətini davam etdirir. Hazırda o, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yükdaşımaları Departamentində sahə rəisi vəzifəsində çalışır. 42 illik zəngin təcrübəsi boyunca fəhlə vəzifəsindən stansiya növbətçisi, stansiya rəisi, bölmə rəisi, sahə rəisi vəzifəsinə qədər müxtəlif mərhələlər keçib. Deyir ki, atası da, təxminən, 50 ilə yaxın dəmir yolu nəqliyyatında çalışıb. Həyat yolunda qazandıqlarını da atası ilə bağlayır...

​Polad Hüseynovun xatirələri həm peşə, həm də tarix baxımından maraqlıdır. Onun sözlərinə görə, Culfa stansiyası SSRİ dövründə Azərbaycan dəmir yolunun ikinci ən böyük stansiyası hesab olunurdu. Culfa Dəmiryol Stansiyası İran dəmir yollarına bitişik stansiyadır. Bu stansiya üç parkdan və 37 yoldan ibarətdir. 1988-ci ilin məlum hadisələri zamanı Polad Hüseynovda çalışdığı bu sahədə ermənilərin saysız-hesabsız vəhşilikləri ilə qarşılaşıb. 1988-ci ildən etibarən o dövrün ağır günlərini yaxşı xatırlayır. O illərdə qatarlara edilən hücumları, sərnişinlərə qarşı törədilən vəhşilikləri və digər qeyri-insani əməlləri və terror hadisələrinin hələdə yaddaşından silinmədiyini vurğulayır: “O dövrdə erməni millətçiləri hər vəclə çalışırdılar ki, qatarlar işləməsin, muxtar respublikaya sərnişin və yüklərin daşınması dayansın, insanlar əziyyət çəksin və öz el-obalarını, yurd-yuvalarını tərk etsinlər. Halbuki 1988-ci il Spitak zəlzələsi dövründə İrəvana göndərilən qatarların sayı adi dövrlərdən beş dəfə artıq olmuşdur. Onların əsas məqsədi qatarların fəaliyyətini dayandırmaq idi. İlkin mərhələdə sərnişin qatarlarının fəaliyyəti sonra isə 1992-ci ilin aprel ayından yük qatarlarının hərəkəti tamamilə dayandırıldı, bu da muxtar respublikanın blokada şəraitinə düşməsinə gətirib çıxardı. Bəhs etdiyim dövrlərdə sərnişinlərə və dəmiryol nəqliyyatı işçi personalına qarşı erməni vəhşiliyinin yaxından şahidi olmuşam. Hətta bir dəfə oradan keçən qatar güclü atəşə tutulmuşdur. Atəş nəticəsində teplovozun qabaq şüşələri və böyür başı dəlik-deşik olmuşdur. Xoşbəxlikdən nə maşinist nə də onun köməkçisi heç bir xəsarət almadan qatarı Culfa stansiyasına gətirib çıxarmışdırlar. Neçə dəfə dəmiryol xətlərinin partladılması nəticəsində qatarlar relsdən çıxmışdır. Baxmayaraq ki, o illərdən xeyli vaxt ötüb, hələ də unudulmayıb. Artıq yaxın zamanda bu yollara olan həsrət sona yetəcək. Çox xoşbəxtəm ki, o yolları yenidən görəcəyəm”.

Müsahibimiz Zəngəzur dəhlizinin açılmasından Ağbənd-Horadiz dəmir yolu xəttinin inşasından və gələcəkdə Naxçıvandan Bakıya qatarla səyahət etmək arzusundan danışır: “Hazırda Horadiz-Ağbənd istiqamətində tikinti yekunlaşmaq üzrədir. Həmin dəmiryol xəttinin 2026-cı ilin birinci yarım ilində istifadəyə verilməsi planlaşdırılır. Ağbənd stansiyasından Zərəni stansiyasına qədər olan məsafə 43 kilometr təşkil edir. Məsafədə dörd stansiya fəaliyyət göstərəcək. Bu xətt təkcə Naxçıvan üçün deyil, bütün region üçün yeni iqtisadi nəfəs olacaq. Çinlə Avropanı birləşdirən ən qısa yol məhz Naxçıvandan keçəcək”.

Nahaq yerə Naxçıvanı “Şərqin qapısı” adlandırmırlar, bu həqiqətən də, belədir. Polad Hüseynov deyir ki, Zəngəzur dəhlizinin açılması təkcə ölkə iqtisadiyyatını inkişaf etdirməyəcək bununla yanaşı, ölkəmizin regionda tranzit daşımalarında çəkisini artıracaq. Zəngəzurda reallaşacaq nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün Türk dünyasını birləşdirəcək, inkişafa yeni nəfəs verəcək, bura Avropanı Asiya ilə birləşdirən çox önəmli nəqliyyat arteriyası olacaq. Zəngilan rayonu və muxtar respublika beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək. Prezident cənab İlham Əliyev xalqa müraciəti zamanı Naxçıvan dəmir yolunun bərpasının müjdəsini verərək demişdir: “Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar ilkin göstərişlər verilmişdir.  İndi muxtar respublikanın dəmiryolçuları qarşısında daha böyük öhdəliklər, vəzifələr durur”. Zəngəzur dəhlizinin açılması bizim milli həmrəyliyimizin, güclü lider ətrafında sıx birləşməyimizin və sarsılmaz iradəmizin təntənəsidir”.

Söhbətinin sonunda Polad Hüseynov 13 oktyabr – Dəmir yolu işçilərinin peşə bayramı münasibətilə bütün həmkarlarını təbrik edir: “Arzu edirəm ki, yaxın gələcəkdə Naxçıvandan Bakıya qatarla rahat şəkildə səyahət edə bilək. Bu həm mənim, həm də bütün dəmir yolu işçilərinin və muxtar respublika sakinlərinin illərlə arzuladığı bir gündür.  Mən bir dəmir yolu işçisi kimi Zəngəzur dəhlizi açıldıqdan sonra yenidən orada fəaliyyət göstərməyə məmnuniyyətlə hazıram. İndi bu yollar yenidən öz gələcək qonaqlarını gözləyir ​Zəngəzur dəhlizinin işə düşməsi illərdir, Naxçıvanı ana Vətəndən ayrı salan blokadanın üzərindən qalın bir xətt çəkəcək. Bizi Vətənimizin hər bir yerinə – Füzuliyə, Ağdama, Cəbrayıla, Zəngilana, Qubadlıya, Şuşaya aparacaq. O gün uzaqda deyil...”

Bülbül Rövşənqızı

Nəşr edilib : 13.10.2025 11:24