Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
NAXÇIVAN :
23 Aprel 2026, Cümə axşamı
18 mart 2026-cı il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Tibb Kollecində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 21 mart – Beynəlxalq Daun Sindromlu İnsanlar Günü ilə əlaqədar “Daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyası: fərqliliyimiz gücümüzdür” mövzusunda tədbir keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbirdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecinin Tərbiyə işləri üzrə direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Səidə Şahverdiyeva giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova çıxış edərək bildirib ki, 21 mart bütün dünyada “Beynəlxalq Daun Sindromu Günü” kimi qeyd edilir. Azərbaycanda da bu günün qeyd olunması artıq ənənə halını alıb. Bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini sözügedən şəxslərin problemlərinə yönəltmək və maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaqdır. Aytən Məmmədova qeyd edib ki, 2026-cı il yanvarın 1-nə olan statistik məlumata əsasən muxtar respublikada 2170 nəfər sağlamlıq imkanları məhdud uşaq vardır ki, onlardan 46 nəfəri daun sindromlu uşaqlardır. Bu gün cəmiyyətimizin həssas qruplarından olan sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, onların sosial inteqrasiyası və inklüziv mühitin formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə sağlamlıq imkanları məhdud, o cümlədən daun sindromlu uşaqlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. Naxçıvan Dövlət Universitetinin Klinik fənlər və hərbi tibb kafedrasının müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva təqdimatla çıxış edərək daun sindromunun növləri, yaranma səbəbləri, patologiyası, diaqnostika və müalicə üsulları barədə iştirakçılara ətraflı məlumat verib. O həmçinin valideynlərin və cəmiyyətin bu istiqamətdə maarifləndirilməsinin vacibliyini vurğulayıb. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Vl kurs tələbəsi, ARİS qrupunun üzvü Zeynəb Sudə Yeşildağ təqdimatla çıxış edərək qeyd edib ki, düzgün yanaşma, tibbi nəzarət və sosial dəstək sayəsində daun sindromlu şəxslər cəmiyyətin fəal üzvlərinə çevrilə bilərlər. Sonda valideynlərdən Dilarə Yusifova çıxış edərək bildirib ki, uşaqlara göstərilən diqqət və qayğı onların valideynləri üçün böyük motivasiya mənbəyidir. Qeyd edək ki, tədbir çərçivəsində iştirakçıların mövzu ilə bağlı sualları da cavablandırılıb.
Digər xəbərlər