Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Son zamanlarda ölkəmizdə heyvanlarda dabaq xəstəliyinin yayılması ilə bağlı paylaşılan xəbərlər əhali arasında xüsusi narahatlıq doğurur. Belə ki xəstəliyin insanlara keçə bilmə ehtimalını nəzərə alsaq bu çox təbii haldır .Bəs bu xəstəlik insanlara keçə bilərmi? Necə keçər? və ya keçdiyi halda nə etməli? Suallarımıza Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infeksionisti Sona Əlizadə aydınlıq gətirdi. Öncəliklə zoonoz xəstəliklər haqqında məlumat verən müsahibim bildirir ki, bəzi xəstəliklər var ki, onlar heyvanlardan insanlara keçə bilir və bu xəstəliklər zoonoz xəstəliklər qrupuna aiddir. Bunlara misal olaraq bruselyoz, qarayara, taun, tulyaremiya, manqo, dabaq və sair xəstəlikləri misal göstərə bilərik.
Həkim bildirir ki, sosial şəbəkələr vasitəsilə tez-tez eşitdiyimiz dabaq xəstəliyi də heyvanlardan insanlara keçə bilən, yəni zoonoz bir xəstəlikdir və cütdırnaqlı heyvanlar arasında geniş yayılmışdır. Virus mənşəli infeksiyadır. Xəstəlik insanlarda 39-40 dərəcə selsiyə qədər yüksələn və qəflətən başlayan qızdırma, kəskin intoksikasiya, əl, ayaq və ağızda yaranan vezikulyoz-eroziv iltihablı səpgilərlə təzahür edir. Dəri səthində suluqcuqlar yaranır və sonra isə səthi xoralara çevrilirlər. Ağzın selikli qişasındakı ən spesifik əlamət isə aftoz stomatitdir. Udma ağrılı olur. Dil şişdiyindən nitq pozulur. Əl və ayaq barmaqları arasında, dırnaq ətraflarında səpgilərin olması dabaq xəstəliyi üçün xarakterikdir.
Bəs xəstəliyə nə zaman yoluxa bilərik? – sualımızın cavabında Sona xanım qeyd edir ki, bu alimentar yolla və dəridəki mikrozədələrdən təmas yolu ilə baş verə bilər. İnsanlar çox zaman çiy süd, xama, kəsmik, ət və bəzən dondurulmuş ətlə də yoluxurlar. Virus heyvanın ağız suyu, südü, sidiyi və nəcisi ilə ifraz olunur. Məhz buna görədir ki, bu xəstəliyə ən çox heyvandarlıqla məşğul olan şəxslər yoluxurlar.
Xəstəliyə yoluxmamaq və yayılmasının qarşısının alınması üçün ciddi baytarlıq nəzarətinin çox önəmli olduğunu vurğulayan müsahibim deyir ki, mütləq şəkildə heyvanların immunizasiyası aparılmalıdır.
Özümüzü necə qoruyaq? Sona xanım bunun üçün heyvandarlıqla məşğul olan şəxslərin gigiyena qaydalarına riayət etməli və fərdi mühafizə vasitələrindən – önlük, rezin əlcək, çəkmədən istifadə etməli olduğunu bildirir.
Hələ ki dabaq xəstəliyinin spesifik müalicəsinin olmadığını diqqətimizə çatdıran Sona həkimin sözlərinə görə xəstə hospitalizasiya olunmalı və simptomatik müalicə başlanmalıdır.
Sonda həkim məsləhət görür ki, xüsusən heyvandarlıqla məşğul olan şəxslər sanitariya-gigiyena qaydalarına ciddi riayət etsin. Ət və ət məhsulları istehlakçıları isə mənşəyi bilinməyən yerlərdən qidanı təmin etməməlidirlər. Çünki, törədici virus soyuğadavamlıdır, lakin istidə tez məhv olur. Odur ki südün 5 dəqiqə ərzində qaynadılması dabaq xəstəliyi törədicilərini öldürmək üçün kifayətdir.
Cari ildə dabaq xəstəliyi ilə bağlı mərkəzə müraciət olmadığını bildirən Sona xanıma minnətdarlığımızı bildirir və insanlarımızı xəstəliyə yoluxmamaq üçün sadalanan tövsiyələrə riayət etməyə dəvət edirik.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər