NAXÇIVAN :

19 Iyun 2025, Cümə axşamı

Cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyalara dair hüquqi məsuliyyət mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İstintaq bölməsinin və Penitensiar Xidmətinin təşkilatçılığı ilə "Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi, habelə həmin əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi və bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət" mövzusunda hüquqi-maarifləndirici tədbir keçirilib.
Tədbir Qarışıq rejimli cəzaçəkmə müəssisəsində təşkil olunub və burada cəzaçəkmə müəssisəsinin əməkdaşları və məhkumlar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini bir  dəqiqəlik  sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə Penitensiar Xidmətin Strateji Planlaşdırma və Monitorinq Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov açaraq, mövzunun aktuallığını diqqətə çatdırıb. O, məhkumların hüquq və vəzifələri, penitensiar müəssisələrdə daxili intizamın qorunması və təhlükəsizliyin təmin olunmasında qadağan olunmuş əşyaların dövriyyəsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.
Daha  sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İstintaq  bölməsinin  rəisi, kiçik ədliyyə müşaviri Asət Mirzəyev qanunvericilikdə bu əməllərlə bağlı nəzərdə tutulan hüquqi tənzimləmələr və cinayət məsuliyyəti barədə ətraflı məlumat verib. O, belə halların qarşısının  alınması  istiqamətində  maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib və bu cür halların hüquqi nəticələri barədə iştirakçıları məlumatlandırıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, qarşılıqlı müzakirələr aparılıb.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.06.2025 18:54