NAXÇIVAN :

05 May 2026, Çərşənbə axşamı

Bu gündən Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu müsabiqəsinə start verilib

...

İyulun 3-dən Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada  müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanları mərhələsinə start verilib.
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən İmtahan Mərkəzində keçirilən imtahanın birinci gününün ilk seansında  Azərbaycan dili, Texnologiya, Təsviri incəsənət ixtisasları üzrə 81 namizəd iştirak edib. 

Qeyd edək ki, muxtar respublikanın təhsil müəssisələrində vakant olan vəzifələr müəllimlərin işə qəbulu  müsabiqəsinin qeydiyyat prosesindən öncə nazirliyin sosial şəbəkə hesablarında  elan olunub. 

Müsabiqəyə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələri üzrə  500-dən  artıq vəzifə çıxarılıb və vakant vəzifələrə 1785 namizəd müraciət edib. 

Xatırladaq ki, test imtahanları bu gün də daxil olmaqla, 4, 8-10 iyul tarixlərdə təşkil ediləcək.

Müəllimlərin işə qəbulu  imtahanı, ümumilikdə, 100 ballıq sistemlə hesablanacaq. İxtisas üzrə suallar 2 bal (40 sual), tədris metodikası üzrə suallar isə 1 bal (20 sual) ilə qiymətləndiriləcək. İxtisas üzrə suallarda 1 səhv 0.5 bal, tədris metodikası üzrə suallarda 1 səhv cavab isə 0.25 bal şəklində hesablanacaq.

Məlumat üçün bildirək ki, test imtahanı üzrə ümumtəhsil proqramı üzrə 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, 40 bal və daha artıq yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.

Nəşr edilib : 03.07.2025 11:24