COP29 Sədrliyi London İqlim Həftəsində iştirak edi...
13:04 23.06.2025
0
0
0
NAXÇIVAN :
23 Iyun 2025, Bazar ertəsi
Bu gün ölkəmizdə dövlət qulluqçuları ictimai həyatın mühüm dayağıdır. Onların fəaliyyəti sabitlik, vətəndaş rifahı və cəmiyyətin inkişafı ilə birbaşa bağlıdır.
Hər il iyunun 23-də ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı qeyd olunur. Bu, dövlət qulluğuna verilən önəmin və dövlətə vicdanla xidmət edən şəxslərə göstərilən etimadın göstəricisidir.
Ötən günlərdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup şəxs təltif edilib. Bunlar arasında Naxçıvan Muxtar Respublikasıdan da bir sıra şəxslər təltif olunub. Biz də həmin şəxslərin təəssüratlarını öyrəndik.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin şöbə müdirinin müavini, sektor müdiri Rəşad Orucov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il 21 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Bunun onun üçün böyük şərəf və məsuliyyətli olduğunu bildirən R.Orucov qeyd edib ki, bu təltifi yalnız fərdi bir nailiyyət deyil, uzun illər ərzində dövlət qulluğunda vicdanla, məsuliyyətlə və səmimiyyətlə görülən işlərin qiymətləndirilməsi kimi qəbul edir: "Bu təkcə mənim deyil, çalışdığım kollektivin, rəhbərliyimizin və ümumilikdə, dövlət idarəçiliyində fədakarcasına çalışan hər bir əməkdaşın uğurudur.
Cənab Prezidentimizin dövlət qulluqçularına göstərdiyi yüksək diqqət və etimad bizlər üçün həm stimul, həm də gələcək fəaliyyətimizdə daha böyük məsuliyyət deməkdir. Bu təltif məni gələcəkdə daha böyük əzmlə, və ruh yüksəkliyi ilə işləməyə ruhlandırır. Fürsətdən istifadə edərək ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibətilə bu sahədə çalışan bütün həmkarlarımı ürəkdən təbrik edir, onlara sağlamlıq, uğur və dövlətə sadiq, sədaqətli xidmət arzulayıram”.
Qeyd edək ki, Rəşad Orucov 2009-cu ildə Şərur Rayon Statistika İdarəsində baş məsləhətçi vəzifəsi üzrə fəaliyyətə başlayıb. 2015-ci ildən Naxçıvan Respublikası Dövlət Statistika Komitəsində baş məsləhətçi, 2025-ci ildən şöbə müdirinin müavini, sektor müdiri vəzifəsində fəaliyyətini davam etdirir.
"Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Babək rayon Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin baş mühasibi, baş məsləhətçisi Səfər Şükürov da uzun illərdir, dövlət qulluğunda çalışır: "Bu təltif onu göstərdi ki, dövlətimiz səssiz, sədaqətli xidmətləri əsla unutmur, əksinə, hər zaman dəyərləndirilir. Dürüstlük, dəqiqlik və sədaqət. Dövlət qulluqçusu ictimaiyyətin gözündə etibarlı dayaqlardan biri olmalıdır. Gündəlik işdə bu prinsiplərə sadiq qalmaq vacibdir. Mən həmişə çalışmışam ki, gördüyüm işlə dövlətin etimadını doğruldum, vətəndaşların inamını qazanım. Bu təltifim təkcə şəxsi fəaliyyətimə verilən qiymət deyil, bu rayonda dövlət idarəçiliyinə, şəffaflığa və səmərəli işləmə mədəniyyətinə olan inamın göstəricisidir”.
Müsahibimiz qeyd edib ki, o öz sahəsində daim inkişaf etmək, yeni tələblərə uyğunlaşmaq və gənc dövlət qulluqçularına örnək olmaq istəyir: "Gələcəkdə də dövlətimizin inkişafı naminə səylə işləməyə davam edəcəyəm. Dövlət qulluqçusu olmaq bir öhdəlik deyil, bir şərəfdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qulluqçularına göstərdiyi yüksək diqqət və qayğı üçün minnətdaram”.
Şərur Rayon Qeydiyyat Şöbəsində arxivçi-mütəxəssis vəzifəsində çalışan Nuridə Əlizadə isə 1980-ci ildən bu işdə çalışır. O deyir ki, 45 illik əmək fəaliyyətində vəzifə borcuna məsuliyyətlə yanaşıb, vətəndaşlarla səmimi, mehriban və gülərüz ünsiyyəti ilə dəfələrlə rəhbərliyin təşəkkürünə layiq görülüb: "Əmək fəaliyyətimə verilən ən yüksək qiyməti isə 2025-ci il 21 iyun tarixdə Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyevin imzaladığı “Dövlət qulluqçularının təltif olunması haqqında” Sərəncamdan sonra aldım. Həmin Sərəncama əsasən mən “Tərəqqi” medalı ilə təltif olundum. Bu xəbər məni olduqca sevindirdi. Belə bir ali mükafat mənim üçün həm böyük qürur, həm də məsuliyyət hissidir. Bu təltif yalnız şəxsi fəaliyyətimə deyil, həm də uzun illər ərzində çalışdığım sahəyə verilən yüksək dəyərin bariz nümunəsidir. Bu diqqət və etimad məni gələcəkdə də daha böyük əzmlə çalışmağa, eyni zamanda Vətənimizə layiqincə xidmət göstərməyə ruhlandırır. Qeyd etmək istəyirəm ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan əməyinə verilən bu cür qiymət hər bir vətəndaş üçün stimuldur və inkişaf yolunda mühüm təşviq rolunu oynayır.
Əmək fəaliyyətimə verilən bu yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.
Biz də peşə bayramları münasibətilə onları səmimi-qəlbdən təbrik edir, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq.
Bülbül Rövşənqızı
Digər xəbərlər