Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Tarixi ədalətin bərpası, milli qürurun dirçəlişi
Xocalı Azərbaycan tarixində ən dərin iz buraxmış, qan yaddaşımızın simvoluna çevrilən qədim, əzəli yurd yerimizdir. Bu rayonda 1992-ci il fevralın 26-da baş vermiş soyqırımı xalqımızın təfəkküründə ağır, unudulmaz bir səhifə, milli həmrəyliyimizi möhkəmləndirən, mübarizə ruhumuzu gücləndirən hadisədir. Bu səbəbdən 30 ildən sonra Xocalıya qayıdış təkcə sakinlərin məskunlaşması deyil, həm də tarixi ədalətin və mənəvi dirçəlişin rəmzi kimi dəyərləndirilir. Bəli, Ümummilli Lider Heydər Əliyevin “İnanıram ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsi, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün təmin edilməsi Xocalı şəhidlərinə və xalqımızın bütün qəhrəman övladlarına ucaldılan möhtəşəm abidə olacaqdır” ideyaları bu gün reallıq işığında parlayır. Ədalət mübarizəsina qalxan xalqımız Ulu Öndərin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu ümumbəşəri cinayəti cəzasız qoymadı, öz yurdunu, öz torpağını döyüşərək, vuruşaraq geri aldı. 2023-cü il sentyabrın 19-20-də 23 saatlıq antiterror tədbirləri ilə tarixi ədaləti bərpa edərək öz ərazi bütövlüyünü, suverenliyini tam təmin edən, güclü, qüdrətli Azərbaycan Ümummilli Liderin də dediyi kimi, Xocalı şəhidlərinə və xalqımızın bütün qəhrəman övladlarına ucaldılan möhtəşəm abidəyə çevrildi.
Beləliklə, 2023-cü il sentyabrın 19-20-də ədalət bərpa olundu, həmin il oktyabrın 15-də Prezident İlham Əliyev qalib lider, Müzəffər Ali Baş Komandan kimi, Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Ölkə başçısı fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də antiterror əmliyyatı ilə Xocalıya ədalətin təmin edildiyini vurğuladı: “2023-cü ildə cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində qanunsuz xunta rejimi məhv edildi, işğalçılar torpaqlarımızdan qovuldu, torpaqlarımızda qanunsuz məskunlaşmış 15 minlik erməni ordusu tərk-silah edildi və təslim oldu. Bu da erməni separatçılığına, onların tabutuna vurulmuş son mismar idi. Xocalıya ədalət məhz o vaxt təmin edildi”.
Xocalı sevinir, xocalılılar gülür
Üçüncü ildir, azad nəfəs alır, doğmalarını qoynuna alaraq hüzur tapır Xocalı. İllər sonra torpaq sahiblərinə qovuşur, ümidlər gerçəkliyə çevrilir. Bir zamanlar ağrı və kədəri xatırladan bu yurd yeri bu gün dirçəlişin, qürurun və Böyük Qayıdışın rəmzidir. Dağıdılmış evlərin yerində yeniləri ucalır, yollar çəkilir, məktəblər tikilir, “Ağıllı kənd” və müasir şəhər konsepsiyası tətbiq olunur. Bir sözlə, Xocalıda miskinlik sona çatıb, firavan, xoşbəxt həyat tam mənada yenidən başlayır. Xocalı sevinir, xocalılılar gülür, yarımçıq qalan arzular gerçəkləşir, toy mağarları qurulur, körpə səsləri gəlir ocaqlardan.
Xocalı şəhərinə ilk köç 2024-cü il mayın 27-də həyata keçirilib. Bölgədə yaşayış üçün zəruri infrastruktur qurulub, sosial obyektlər istifadəyə verilib. Bütün bu kompleks infrastruktur quruculuğu çərçivəsində məcburi köçkünlərin də geri dönüşü mərhələli şəkildə uğurla həyata keçirilir. 2026-cı il yanvarın 19-na olan məlumata görə Xocalı şəhəri və kəndlərinə 881 ailə – 3602 nəfər köçürülüb. Sevindirici haldır ki, artıq Ballıca, Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq kəndlərində həyat yenidən canlanır. Bundan əlavə, 2023-2025-ci illərdə Prezident İlham Əliyevin Xocalıya çoxsaylı səfərləri, infrastruktur, enerji, sənaye və kənd təsərrüfatı obyektlərinin açılışı, sakinlərlə görüşlər Böyük Qayıdışın real və dönməz xarakter aldığını göstərir.
Dövlət başçısının fevralın 25-də baş tutan növbəti səfəri Xocalı rayonunun Xanabad kəndinin yeni görkəminə qovuşması, xanabadlılara sevinc müjdəsinin verilməsi ilə yadda qaldı. Kənddə, ümumilikdə, 276 ev var ki, onlardan da 115-i yararsız, 161-i isə qismən yararlıdır. Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası çərçivəsində indiyədək 120 ev təmir olunub. Bu ilin sonunadək daha 41 ev istismara hazır olacaq. Bir neçə gün əvvəl 38 ailə – 154 nəfər kəndə qayıdıb. Sakinlərin yaşayış şəraitinin, firavanlığının təmini istiqamətində kompleks infrastruktur quruculuğu həyata keçirilib. Xatırlatmaq yerinə düşər ki, işğaldan əvvəl kənddə orta məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Burada ölkə əhəmiyyətli XIII əsrə aid kilsə və IX əsrə aid “Aslan qalası” memarlıq abidələri var. Bu Xanabadın Xocalı və ümumilikdə, Qarabağ, Azərbaycan üçün böyük önəm daşıdığını deməyə əsas verir.
Xocalının işğaldan azad olunması ilə həm tarixi ədalət bərpa olunub, həm də vandalizmə məruz qalan şəhərimizə dair həqiqətlərin tam əyani şəkildə dünyaya çatdırılmasına daha geniş imkanlar açılıb. Belə ki, 2024-cü il fevralın 21-də Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) aparılan əsaslı bərpa-quruculuq işləri çərçivəsində həyata keçirilən qazıntı zamanı kütləvi şəkildə basdırılmış insan qalıqları aşkarlanıb. Bu və digər çoxsaylı faktlar sübut edir ki, azərbaycanlı əhaliyə qarşı amansız soyqırımı törədilib. Bu qətliam Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi sistemli zorakılıq siyasətinin tərkib hissəsi olmaqla yanaşı, insan hüquqları və beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın və digər beynəlxalq sənədlərin tələblərinin pozulmasıdır.
Xocalı həqiqətlərini dünyaya bəyan edən, Xocalı qurbanlarının əziz xatirəsinin anıldığı müqəddəs məkanlardan biri də Xocalı Soyqırımı Memorialıdır. Memorial Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb və bu il fevralın 26-da dövlət başçısının iştirakı ilə açılışı olub. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində “Xocalıya ədalət!” kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu, təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir. Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üzrə apardığı ardıcıl siyasət, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Fondun Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılması və ədalətin bərqərar olması istiqamətindəki fəaliyyəti, müxtəlif dillərdə hazırlanan nəşrlər və informasiya materialları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər və onun fəal iştirakı ilə bu sahədə həyata keçirilmiş tədbirlərin əks olunduğu bu məkan xalqımızın mübarizə əzminin, milli yaddaşın canlı ünvanı təsiri bağışlayır. Dövlət başçısı fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də memorialın timsalında Azərbaycan xalqının əyilməz ruhunun göründüyünü vurğuladı: "Bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Çünki bu qədər, - yəni Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, - 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini saxladı, ləyaqətini saxladı, inamını saxladı".
Prezident İlham Əliyevin fevralın 26-da Xocalıya səfəri, Xocalıya Böyük Qayıdış, həm də gələcək nəsillərə ötürülən mühüm mesajdır: bizik bu torpağın əsl sahibləri, biz həmrəy olsaq, dağıdılmış şəhərləri yenidən qura, məhv edilmiş həyatı yenidən başlada bilərik. Xocalıya qayıdış xatirədən gerçəkliyə, dağıntıdan dirçəlişə gedən yoldur. Əminliklə demək olar ki, Xocalının dirçəlişi tarixi ədalətin, yaddaşın, milli-mənəvi dəyərlərin bərpası baxımından Böyük Qayıdışın strateji mərhələlərindən biri kimi Azərbaycanın müasir tarixində öz yerini tutur və bundan sonra da daha bariz şəkildə tutacaq.
Nail ƏSGƏROV
Digər xəbərlər