NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

BMT-nin konfransında Azərbaycanın yaradıcı qadınlarının cəmiyyətə təsir imkanlarından danışılıb

...

Azərbaycanın vətəndaş cəmiyyətlərinin təmsilçiləri BMT-nin Qadınların Statusu üzrə Komissiyasının Nyu-Yorkda keçirilən 70-ci sessiyasında iştirak edirlər. Sessiyada gender bərabərliyi, qadınların hüquqlarının qorunması, onların ədalətə çıxışı, informasiya almaq imkanlarının genişləndirilməsi və s. kimi mövzularda müzakirələr keçirilib.
“Şərq qapısı” xəbər verir ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi İdarə Heyətinin üzvü, rəqəmsal məzmun yaradıcısı Günay Həsənova sessiya çərçivəsində keçirilən konfransdakı ümumi müzakirələrdə çıxış edib.
Bu barədə məlumat verən ictimai birliyin sədri Şəhla Nağıyevanın sözlərinə görə, Günay Həsənova çıxışında Azərbaycanın yaradıcı gənc qadınlarının ədəbiyyat və incəsənət vasitəsilə cəmiyyətə təsir imkanlarından söhbət açıb. O, BMT qurumlarını, hökumətləri və tərəfdaşları yaradıcı təhsili və hüquqi savadlılığı inteqrasiya etməyə, həmçinin mədəniyyətlə hüquq arasında körpü rolunu oynayan vətəndaş cəmiyyəti təşkilatlarını dəstəkləməyə çağırıb.
Qeyd edək ki, BMT-nin Qadınların Statusu üzrə Komissiyasının konfransı qadın hüquqları və gender bərabərliyi sahəsində qlobal müzakirələrin aparıldığı ən mühüm beynəlxalq platformalardan biridir.

Nəşr edilib : 19.03.2026 19:48