NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Biz azadıq, biz müstəqilik, biz heç kəsdən asılı deyilik

...

Azərbaycan xalqının tarixinin səhifələri azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. Ötən əsrdə iki dəfə müstəqillik qazanmaq xoşbəxtliyi yaşayan Azərbaycan bu yolda minlərlə şəhid verib, parçalanıb yarımcan edilsə də,  illərlə əsarətdə yaşamaq məcburiyyətində qalsa da, yenə sınmayıb, əyilməyib məqam çatan kimi öz istəyini reallaşdırıb. Müstəqillik arzusunu, istiqbal duyğusunu həmişə ürəyində yaşadan xalq onun reallığa çevrilməsi üçün əlverişli məqama 1918-ci ildə çatdı. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan edib. Müsəlman Şərqinin və Türk dünyasının ilk cümhuriyyəti bir çox dövlətlər tərəfindən tanınıb, dövlət təsisatları yaradılıb. Mövcud olduğu müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin edib. Daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışıb. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, çox təəssüf ki, cəmi 23 ay müstəqil yaşaya,  üçrəngli bayrağını ucalda bildi.
Sovet işğalındakı 70 illik bir müddətdə Azərbaycan xalqı özünün azadlıq ideallarını, müstəqillik arzularını daim yaşatdı. Sovetlərin işğal maşını bu yurdun hər qarışının altını üstünə çevirsə də, azərbaycanlılar öz adət və ənənələrini, milliliyini qoruyub saxlaya bilib. Sovetlərin əcəl zənginin çalınması ilə 1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun     30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Bununla da Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi mövcudluğunu yenidən dünyaya bəyan edib. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi. 15 oktyabr 2021-ci il tarixdə isə Milli Məclisdə keçirilən iclasda mayın 28-i “Müstəqillik Günü”, ok­tyabrın 18-i isə “Müstəqilliyin Bərpası Günü” kimi qeyd edilməsi təklif olundu. Qanun layihəsi üçüncü oxunuşda təsdiqləndi. 
1991-ci il 18 oktyabr tarixdən 34 il keçir. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə misli görünməyən inkişafa, tərəqqiyə nail olsa da, əldə edilən uğurlar asanlıqla başa gəlmədi. Müstəqilliyin bərpasından sonra ilk illərdə xalqımız bir sıra çətinliklərlə üzləşdi, ağır, məşəqqətli günlər yaşadı. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı torpaq iddiası ilə başlayan münaqişə ölkəmizdə vəziyyəti son dərəcə ağırlaşdırdı. Daxili çəkişmələrin nəticəsində Azərbaycanın 20 faiz torpağı ermənilər tərəfindən işğal olundu. Azərbaycan xalqı tarixi bir sınaqla üz-üzə qaldı.

1991-ci ildə xalqımızın çoxsaylı qurbanlar bahasına qazandığı müstəqillik daha gərgin mübarizələrin başlanğıcı idi. Həmin illərdə ölkədə hərc-mərclik, özbaşınalıq, siyasi-iqtisadi tənəzzül baş alıb gedirdi. Müstəqilliyimizin ilkin mərhələsində – 1991-1993-cü illərdə müstəqilliyin, ərazi bütövlüyünün qorunub saxlanılması, müstəqil iqtisadi, daxili və xarici siyasətin müəyyənləşdirilməsi kimi vacib məsələlərin həlli əvəzinə hakimiyyət davası ilə məşğul olan dövlət rəsmilərinin məsuliyyətsizliyi ucbatından xarici təcavüz, ölkə ərazisinin 20 faizinin işğalı, yüzlərlə insanın şəhid olması, qaçqın və məcburi köçkün problemləri, siyasi qarşıdurmalar, separatçı meyillər daha da gücləndi. Elə bir vəziyyət yaranmışdı ki, Azərbaycan dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qalmışdı.
Müstəqilliyimizin qorunub saxlanılması, qarşıya qoyulmuş məqsədlərə nail olmaq, milli həmrəylik və iradə nümayiş etdirmək üçün xalqı öz ətrafında sıx birləşdirə biləcək milli liderə böyük ehtiyac var idi. Həmin illərdə Naxçıvanda baş verənləri yaxından izləyən xalqın düşünən beyinləri bu çətin vəziyyətdən çıxış yolunu yalnız Heydər Əliyev dühasında görürdü. Və 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə gələn dahi siyasətçi Heydər Əliyev ilk olaraq müstəqillik, Azərbaycançılıq ideologiyasını milli şüurda və psixologiyada, xalqın iradəsində bərqərar etməyə nail oldu. İnsanlarda dövlətçilik, suverenlik, vətənpərvərlik sevgisi daha da gücləndi. Azərbaycançılıq ümummilli ideologiya səviyyəsinə qaldırıldı. Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin əsas istiqamətinə çevrildi. 
Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü il mayın  12-də ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. 
Azərbaycan daxilində yaranan nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlandı ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. 
1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilərək insan hüquqlarının, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yarandı. Xalqın qarşılaşdığı bütün çətinliklər aradan qaldırılmağa başlanıldı. İctimai-siyasi sabitləşmə, demokratik prinsip və təsisatlar yaradıldı. 
Dövlətimizin qarşılaşdığı problemlərin aradan qaldırılması, iqtisadiyyatın inkişaf yoluna qədəm qoyması Azərbaycanın xarici siyasətdə də daha fəal, qətiyyətli addımlar atmasına şərait yaratdı. Gündən-günə güclənən Azərbaycanın Ulu Öndəri    Heydər Əliyevin səsi dünyanın ən yüksək tribunalarından gəlməyə başladı. Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu olmaq şərəfini qazandı. Ulu Öndərin zəngin irsi, ideyaları və tövsiyələri bu gün də müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyidir, həmçinin möhtəşəm səfərbəredici amildir. Ümummilli Liderin təlatümlərdən, təhlükələrdən çıxararaq qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Ulu Öndərin yaratdığı quruculuq şəraiti indi Azərbaycanın real siyasi və iqtisadi həyatında təzahür edir. Xalqı narahat edən bütün problemlər aradan qaldırılır. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət yetirilir.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi inkişaf tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. 
Ulu Öndərin özü qədər inandığı, dahi siyasətçinin uğurlu yolunun davamçısı Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində 2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan    İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik həsrətinə son qoydu. Sonrakı hərbi əməliyyatlarda isə suverenliyimiz bərpa edildi. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfərdən qərinələr keçəcək, illər ötəcək, amma tarix bu şanlı Qələbəni xalqımızın tarixinin ən parlaq səhifəsi kimi yaddaşında saxlayacaq. Bu xalq ən çətin günündə harayına çatan, həyatını təhlükəyə atıb onu dünyaya tanıdan vəfalı Vətən oğlunu – Heydər Əliyevi daim qəlbində yaşadacaq. 
“Biz azadıq, biz müstəqilik, biz sərbəstik və bilin ki, bu dəyərləri qorumaq hər bir insanın canından da artıqdır”. Bunlar Ulu Öndər Heydər Əliyevin sözləridir. Bu bir vəsiyyətdir. Anddır.  
Bu gün biz Azərbaycan sözünün sinoniminə çevrilmiş, Azərbaycan deyəndə yada düşən bu dühanın xatirəsi qarşısında baş əyirik. Çünki Heydər Əliyev təkcə tarixin axarını dəyişmədi, o, dövlətçiliyi yenidən qurdu. Vətən uçurumun kənarında suallar qarşısında dayananda, o gəldi və cavab oldu. Aydın, əmin və əbədi bir cavab. O, Bakının gilavarında havaya səpələnmiş arzuları topladı, acıları gücə, ölkəni dayağa, alınmaz qalaya çevirdi. Xalqımıza müstəqil bir Azərbaycan miras qoydu. Qürurlu, əmin, bölünməz və qalib Azərbaycan. Bu gün təkcə bu Vətənin sərhədləri içərisində yaşayan  azərbaycanlılar yox, dünyada yaşayan 50 milyondan çox həmvətənimiz müstəqil, qalib Azərbaycanla qürur duyur.
Bu gün bu şanlı Vətənin başı üstündə göylərə ucalan qələbə bayrağı uğrunda can verən oğulların nəfəsi, Qarabağda işıqsaçan günəş bu xalqın birliyinin nişanəsi, sülh içində, qalib Azərbaycanda doğulan hər bir uşaq isə bu Vətənin qələbəsidir.

Ramiyə ƏKBƏROVA
 

Nəşr edilib : 18.10.2025 00:20