NAXÇIVAN :

15 Iyun 2026, Bazar ertəsi

Birinci Qarabağ müharibəsinin dörd itkin şəhidi 33 ildən sonra Vətən torpağına tapşırılıb

...

Oktyabrın 29-da Birinci Qarabağ müharibəsinin itkin şəhidləri - Rəfael Sultan oğlu Abbasov, İlham İmdad oğlu Mehdiyev, Əliyar Fərrux oğlu Əliyev və Azər Zirəddin oğlu Bayramovun paytaxtın Suraxanı rayonu ərazisində yerləşən “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn mərasimləri keçirilib.
“Şərq qapısı”  xəbər verir ki, dəfn mərasimində şəhidlərin ailə üzvləri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, Suraxanı, Sabunçu, Xətai Rayon İcra hakimiyyətlərinin nümayəndələri, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 30 ilə yaxın işğalda qalan torpaqlarımızı 44 günə azad etdiyini, bütün dünyanın “dəmir yumruğun” nəyə qadir olduğunu gördüyünü bildirib.
Şəhid Rəfael Abbasovun atası Sultan Abbasov şəxsiyyətləri müəyyənləşdirilərək ailələrinə təhvil verilən itkinlərin ailələrinə gözaydınlığı verib. O, şəhidin bir evdən deyil, bir eldən getdiyini bildirərək həm uzun illər,həm də belə vacib məqamda onları tək qoymayan hər kəsə minnətdarlığını bildirib: “Şəhidlərimizin intiqamı alınıb, torpaqlarımız azad edilib. Artıq başımız dikdir. Ümid edirəm ki, tezliklə digər itkin ailələri də öz şəhidləri barəsində xəbər ala biləcəklər”.
Sonra şəhidlərin ailə üzvlərinə bayraqların təqdim edilməsi mərasimi olub.
Şəhidlər üçün cənazə namazı qılınıb, din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayə və surələr oxunub. Onlar yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıblar. Qəhrəmanların ruhuna dualar oxunub, məzarlarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.
Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidlərin yaxınlarına təqdim olunub.

Nəşr edilib : 29.10.2025 21:27