NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Beynəlxalq idman ictimaiyyətinin Azərbaycana böyük etimadı – III MDB Oyunları

...

Ölkə başçısı İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti kimi idmana, idmançılara verdiyi xüsusi önəm, bu sahədə apardığı məharətli diplomatiya və həyata keçirdiyi inkişaf konsepsiyası sayəsində respublikamız müstəqillik illərində dünya ictimaiyyətinin nəzərində özünü idman ölkəsi kimi də layiqincə tanıda bilib. Müxtəlif idman yarışları üzrə Dünya və Avropa çempionatları, həmçinin Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi mötəbər tədbirlərin uğurla təşkili Azərbaycanın bu sahədə yüksək təşkilatçılıq bacarığını nümayiş etdirib. Prezident İlham Əliyev ötən il dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycanda güclü idman siyasətinin aparıldığını, bu sayədə dünyada nümunəvi idman  ölkəsi kimi tanındığını, beynəlxalq oyunlara layiqli şəkildə ev sahibliyi etdiyini vurğulayıb: “Hazırda bizim bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur, müxtəlif bölgələrdə, o cümlədən Qarabağ bölgəsində. Bakı şəhərində ən müasir idman infrastrukturumuz vardır. Biz hələ, təxminən, 10 il bundan əvvəl Bakıda mötəbər Avropa Oyunlarını keçirmişdik. Ondan sonra İslam Həmrəyliyi Oyunlarını keçirmişdik və Bakıda COP29 beynəlxalq iqlim konfransı da Olimpiya Stadionunun içində və onun ətrafında keçirilmişdir. Yəni burada da vaxtilə inşa etdiyimiz idman obyektinin – Olimpiya Stadionunun böyük rolu olmuşdu”.
Azərbaycan regionda sülhə, təhlükəsizliyə, sağlam rəqabətə xidmət edən növbəti missiyasını III MDB Oyunlarını uğurla reallaşdırmaqdadır. Oktyabrın 8-dək davam edəcək III MDB Oyunlarında yarışlar 12 idman məkanında keçiriləcək və atletlər 23 idman növü üzrə 1694 medal (505 qızıl, 505 gümüş, 684 bürünc) uğrunda mübarizə aparacaqlar. “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə və ölkəmizin digər 6 bölgəsində – Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndidə keçiriləcək yarışlarda Müstəqil Dövlətlər Birliyi ölkələrindən, həmçinin Türkiyə, Pakistan, Oman, Kuba və Küveytdən 2400 nəfərlik idman nümayəndə heyətləri iştirak edir. Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunlarının Azərbaycanda keçirilməsi, ilk növbədə, ölkəmizə beynəlxalq idman ictimaiyyəti o cümlədən də birliyə üzv ölkələr tərəfindən göstərilən hörmət və etimadın  təzahürüdür.
Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyini şərtləndirən amillər sırasında onun məhz yüksək təşkilatçılıq bacarıqlarına malik olması ön planda dayanır. Təşkilati işlər barədə onu vurğulamaq yerinə düşər ki, son illərdə regionlarda ən müasir, beynəlxalq standartlara cavab verən onlarla idman kompleksləri, stadionlar tikilib, idman qurğuları quraşdırılıb. Görülən işlər yerlərdə idmanın kütləviləşməsinə mühüm töhfə verir, gənc nəslin sağlam böyüməsində əhəmiyyətli rol oynayır. Bu sayədə Azərbaycan həm dünya idman reytinqində xeyli irəliləməklə, həm də müntəzəm olaraq qitə və dünya miqyaslı mötəbər idman yarışlarına ev sahibliyi etməklə, idman ölkəsi kimi nüfuzunu kifayət qədər gücləndirmiş olur. Məhz bu nöqteyi-nəzərdən MDB Oyunlarının paytaxt Bakıda deyil, regionlarda keçirilməsi də beynəlxalq səviyyədə idman ölkəsi kimi nüfuzunu getdikcə möhkəmləndirən Azərbaycanın bölgələrində bu sahənin inkişafının dövlətimizin prioritet istiqamətlərindən biri olduğunu dünyaya sübut edir. Yəni başqa sözlə, respublikamızda reallaşdırılan idman siyasəti kompleks yanaşma ortaya qoyur və məqsəd təkcə mərkəzdə deyil, regionlarda da idmanın kütləviliyini artırmaq, müxtəlif idman növlərinin təbliğinə, gənc idmançıların idmana təşviqinə nail olmaqdır.
Beynəlxalq idman oyunlarında yüksək təşkilatçılığa dair müqayisə üçün qeyd etmək yerinə düşər ki, respublikamızda baş tutan 2015-ci ilin Avropa Oyunlarında, təqribən, 5000-5500, 2017-ci ilin İslam Həmrəylik Oyunlarında isə 3000-dən çox idmançı mübarizə aparıb. Özlüyündə bu rəqəmlər Azərbaycanın beynəlxalq tədbirlərə necə ciddi və məsuliyyətlə hazırlaşdığını göstərir. Bu xüsusda onu da vurğulamaq lazımdır ki, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” missiyasını uğurla yerinə yetirmək üçün dövlətimizin diqqəti, ayrılan maliyyə vəsaiti sayəsində bir ilə yaxın müddətdə başdan-başa yenilənib. Bu yenilik idman, səhiyyə, nəqliyyat, şəhər quruculuğu, tarixi abidələrin bərpası və digər istiqamətləri əhatə edib. Bütün infrastruktur proyektləri vahid konsepsiya əsasında reallaşdırılıb, təşkilati məsələlər ölkə başçısının müvafiq Sərəncamına uyğun “III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsi”nin nəzarəti altında icra olunub. 
Ötən dövrdə həyata keçirilən infrastruktur quruculuğu, tikinti işləri nəticəsində cari il sentya­brın 27-də – MDB Oyunlarının təntənəli açılışı ərəfəsində Prezident İlham Əliyevin iştirakı ilə şəhərdə Gəncə Memorial Kompleksi və “BakuBus” MMC-nin Gəncə Avtoparkı istifadəyə verilib. Reallaşdırılan bu layihələri və Prezident İlham Əliyevin iştirakı ilə Gəncə stadionunun, Yevlaxda Yevlax Olimpiya İdman Kompleksinin istifadəyə verilməsini MDB Oyunlarına layiqli ev sahibliyi missiyası ortaya qoymaq baxımından olduqca əhəmiyyətli idman hadisəsi kimi dəyərləndirmək olar. Şübhəsiz ki, sentyabrın 28-də Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yeni istifadəyə verilən Gəncə Stadionunda açılışı olan MDB Oyunları dostluq, sülh, qarşılıqlı hörmət meyarlarına əsaslanan ədalətli mübarizə meydanı olmaqla paralel ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın genişlənməsinə, əlaqələrin intensivləşməsinə, sosial-mədəni münasibətlərin daha da dərinləşməsinə mühüm töhfələr bəxş edəcək.
MDB xalqlarının idman birliyinin parlaq rəmzinə çevrilən bu idman oyunlarının ölkəmizin regionlarında təşkili həm də bölgələrdə turizmin inkişafına, mədəni dəyərlərin və tariximizin təbliğinə geniş imkanlar açacaq. Bu xüsusda oyunlardan birinin məhz Xankəndidə keçirilməsi də dərin diplomatik, siyasi, mədəni mahiyyət kəsb edir. Müxtəlif xarici ölkədən olan idmançıların bu qədim şəhərimizə səfəri, yolboyu müşahidələri, veriləcək məlumatlar onlarda həm torpaqlarımızın işğal dönəmi, həm də Azərbaycanın uğurla həyata keçirdiyi Böyük Qayıdış siyasəti barədə zəngin təəssüratlar yaradacaq, dərin bilgilər formalaşdıracaq. Nəzərə alsaq ki, müasir gənclik daha çox sosial şəbəkələrə bağlıdır və bu platformalardan gün ərzində çoxlu paylaşımlar edir, o zaman bu idman oyunlarının regionlarda, məxsusən də, Xankəndidə təşkilinin dövlət siyasətimizin dünya ictimaiyyətinə düzgün çatdırılması baxımından böyük önəm kəsb etdiyini deyə bilərik. 
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Birinci Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına və COP29 kimi tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyi kimi, III MDB Oyunlarının da sonadək peşəkarlıqla və layiqli təşkilinə müvəffəq olacaq. Və beləliklə də, bu mötəbər idman hadisəsi respublikamızın növbəti diplomatik nailiyyəti, idman uğuru kimi tarixə düşəcək.

 Nail ƏSGƏROV

Nəşr edilib : 03.10.2025 19:50