NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Bədənimiz bizə nə demək istəyir?

...

Hər gün çoxumuz dərmanlardan istifadə edirik. Lakin bəzən qəbul etdiyimiz preparatlar bədənimizə fayda ilə yanaşı, təhlükə də gətirə bilir. Maraqlıdır, görəsən, bədənimiz bizə nə demək istəyir? Bu və bu kimi sualların cavabını öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Əczaçılıq sektorunun müdiri Hacı Əliyevlə həmsöhbət olduq. O bildirdi ki, bədənimiz daim siqnallar göndərir – ağrı, halsızlıq, yuxusuzluq, iştaha dəyişikliyi, dəri reaksiyaları və sair. Əslində, bu əlamətlər bədənin “Mən də nəsə yolunda getmir” mesajıdır.

Apardığımız araşdırma zamanı məlum oldu ki, insanlar çox zaman dərman qəbulunda səhvlərə yol verirlər. Ən böyük problemlərdən biri özbaşına dərman istifadəsidir: “Xüsusilə antibiotik və hormonal preparatların həkim məsləhəti olmadan istifadəsi çox təhlükəlidir. Eyni zamanda dozanı artırmaq, kursu yarımçıq kəsmək və uyğun olmayan dərmanları eyni anda qəbul etmək də böyük risk yaradır”.

İnsan bədənində preparatların yan təsirləri də mövcuddur. Bəs biz dərmanların yan təsirlərini necə tanıya bilərik? Həkim bildirir ki, dərmanların yan təsirləri həm yüngül, həm də ağır ola bilər. Baş ağrısı, yuxusuzluq, mədə narahatlığı sadə əlamətlər olsa da, ürək ritminin pozulması, böyrək və qaraciyər zədələnməsi artıq ciddi təhlükə sayılır. Əlamətlərin dərman qəbulundan sonra başlaması isə bu təsiri tanımağın əsas yoludur.

Çox zaman insanlar dərmanın yeməkdən əvvəl və ya sonra qəbul edilməsini ciddi qəbul etmirlər. Halbuki bu, dərmanın təsir gücünə birbaşa təsir edən vacib amildir. Həkim bunu belə izah edir: “Məsələn, bəzi antibiotiklər yalnız boş mədədə təsirli olur. Digər tərəfdən, D vitamini kimi preparatlar yeməklə birlikdə qəbul edilməlidir ki, düzgün sorulsun. Ona görə də təlimatlara ciddi əməl etmək vacibdir”.

Dərmanların yalnız fiziki deyil, psixoloji təsirləri də ola bilər. Antidepressantlar və sakitləşdiricilərlə yanaşı, kortikosteroidlər əsəbilik, yuxusuzluq və əhval dəyişiklikləri yarada bilər. Həkim əlavə edir ki, dərmanın faydasına inanmaq bəzən özü də psixoloji yaxşılaşma gətirə bilir.

Sonda həkim insanlara belə bir tövsiyə də verir: “Hər bir siqnalı ciddiyə almaq və vaxtında həkimə müraciət etmək sağlamlığımızı qorumağın ən əsas yoludur. Həkim olaraq deyə bilərəm ki, bədənimizi dinləmək, hər bir dəyişikliyə diqqətlə yanaşmaq və vaxtında mütəxəssisə müraciət etmək sağlamlığımızı qorumağın ən əsas yoludur”.

 Zəhra VƏLİYEVA

Nəşr edilib : 10.09.2025 17:45