NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Bayraq mənliyimdir, bayraq kimliyim...

...

Yenidən buradayam. Üçrəngli bayrağın kölgəsində əyləşib gözümü üfüqə dikirəm. Bir tərəfdə xəfif külək, digər tərəfdə isə bayrağın dalğalanmasından yaranan həmin o çırpınış səsləri fikrimi bir anlıq özünə cəlb edir. Nədir hələ də bu bayrağın sükunətini pozan hayqırış. Sanki hələ də cümhuriyyət dövrünün həyəcanını öz üzərində saxlayır. Tarix məni sənin ilk yaranış vaxtlarına yenidən qaytarır, yüz yeddi il bundan əvvələ – 9 noyabr tarixinə. Necə müqəddəs olmayasan, axı sən dahi mütəfəkkir Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq və müasirləşmək” ifadəsinin canlı təzahürüsən, bütün şairlər və yazıçılar həyatı boyu azı bir dəfə də olsa, sənin gözəlliyini vəsf edib. Və indi biz burada səninlə yenidən görüşürük, Naxçıvan şəhərində yerləşən Bayraq Meydanında, təkcə ikimiz. Təhsil aldığım ali təhsil ocağından çıxıb birbaşa bura gəlmişəm, sənin yanına. Düzünə qalsa bir az təngnəfəsəm, taqətim yalnız səssiz-səmirsiz səni izləməyə qalıb... 
Şəhəri hər dəfə hündürdən görəndə özümü qəribə bir boşluqda hiss edirəm, gözlərimi zilləyib binalara və şütüyən avtomobillərə, bəzən isə dağların sərt zirvələrinə və uzaqdan ayna kimi parlayan Araz çayına baxıram... Doğrudur, mən bura çox gəlmirəm, bəlkə də, bu səbəbdən şəhərin gözəlliyi məni özünə valeh edib. Sənə isə hər dəfəsində eyni təəccüblə həsəd aparıram. Bu gün mənlə burada, bu Bayraq Meydanında göz-gözəsən, amma sən öz yurdunun təkcə mənim kimi sadə bir jurnalisti ilə deyil, hər vətəndaşının daim yanındasan... Eyni ilə qayğıkeş bir ana kimi. Gah soyuq havada sərhəddə dayanmış əsgərin formasının üzərində, gah da məktəb partasının üzərində dayanıb gələcək Vətəni görürsən. Görürsən ki, cümhuriyyətdən başlanan miras kimin əllərindədir. Dövlət rəmzlərini sadalayarkən sənin ismin ən başda keçir. Dövlət təşkilatlarında digər ölkələrin bayraqları ilə qoşa dalğalanırsan, bir sözlə, Sən bizim xalqın danılmaz kimliyisən. Səninlə göz-gözə gələndə dahi şair Bəxtiyar Vahabzadənin bu misraları hər dəfə özümdən asılı olmayaraq, dodaqlarımı tərpədir... Sakit və pıçıltılı bir səslə... 
    Üçrəngli bayrağın kölgəsində mən
    Qaraca torpağı vətən görmüşəm.
    Zəfər güllərini dövri-qədimdən
    Bayraq işığında bitən görmüşəm.
    Bayraq mənliyimdir, bayraq kimliyim,
    Bayraq öz yurduma öz hakimliyim.

    Bu gün mən də sənin kölgəndə əyləşmişəmsə, deməli, sənin kölgən mənə dalğalandığın yurdu Vətən edib. Sən bu səmalarda müstəqillik dövrünün ən gurultulu alqışı idin, 18 ayın şimşək təki guruldayan məğrur alqışı...1920-ci ildə cümhuriyyət süqutu ilə səssiz bir qaranlığa qərq olanda öz nurunu itirmədin. Həmin 71 il ərzində gah Vətən fədailərinin mühacirət dövründəki sandığında yaşadın, gah vətənsevərlərin evlərində ən gizli məqamda, gah da qələmlərinin mürəkkəbində ömür sürdün. Azərbaycanın dahi dramaturqu və ictimai xadimi Üzeyir bəyin bu cümləsi sanki sənin leksik lüğətlərə salınmayan gizli anlamını ifadə edir: “Azərbaycan Cümhuriyyəti sağlam milli özül üzərində və türk düşüncəsi ilə yaradılıb… Eyni zamanda Azərbaycan yeni cəmiyyət formalaşdırmağa, Avropa düşüncəsi ilə hərəkət etməyə çalışırdı. Bayrağımızdakı üçrəng bu element­ləri özündə əks etdirir”.
Aradan keçən uzun illərdən sonra tarix 1991-ci ilin oktyabrın 18-də dayandı, Sovet Sosialist İmperiyası kimi hegemon bir ittifaqın dağılması tarixin çarxını yenidən çevirdi. Ölkə yenidən öz dövlətçilik prinsiplərinə geri qayıtdı. Ancaq bu yurdun vətənpərvər oğulları bu tarixi və müstəqillik aktını gözləmədi. Çünki onlar üçün Vətən anlayışı kiminsə iki dodağı arasında olan sözlərdən ibarət deyildi. Bu tarixdən 1 il əvvəl – 17 noyabr tarixdə Naxçıvan şəhərindən, elə məhz dayandığım və gözümü zilləyib, dilsiz-ağızsız durduğum bu şəhərin üstündə müstəqillik sözünün çırpınışları yavaş-yavaş şiddətləndi. Ali Məclisin o dönəmki Sədri Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən sessiyada sən bu yurdun simvolu kimi yenidən yüksəklərə, layiq olduğu yerlərə qayıtdın. İndi də buradasan, həmişəki yerində. 
Bəzən günəş batanda universitetin həyətindəki skamyada əyləşib səni seyr edirəm... Günəş sənin arxanca yavaş-yavaş üfüqə enəndə sanki hər dəfə Naxçıvan şəhərində Ay tutulmasını seyr edirəm. Həmin hadisə kimi əvəzolunmaz və ehtişamlı... Sən həmin xilaskarsan ki, heç bir zaman bu xalqı tək buraxmadın. 
Yadımdadır, 44 günlük Vətən müharibəsi dövründə sən yenə bizim igidlərin ən yaxın silahdaşı idin... Düzünə qalsa, həmin dövrdə səni görmək sevinclə kədərin qarışığına çevrildi. Azad olunmuş hər rayonun, şəhərin, kəndin üzərində dalğalandıqca sanki dil açıb hər dəfəsində, düşmənə şəxsən özün ən layiqli cavabı verirdin. Həqiqətən də, qürurvericidir... Sən bu Vətən uğrunda canından keçən oğullarımızın cansız vücudunu öz qollarınla sararaq köksünə sıxdın. Mən o zaman anladım ki, ən layiqli ölüm sənin qollarında dünyadan köçməkdir... 
Mən artıq getməliyəm, zülmət qaranlıq bütün şəhəri bürüməmiş. Bəlkə də, nə vaxtsa yenidən görüşdük. Ya çalışdığım qəzetdə masanın üzərində dayanan sənlə, ya da növbəti bayramda bu meydanda yenidən üz-üzə dayandıq, ey 9 noyabrın şanlı səbəbkarı!.. 

Rafiq TƏHMƏZ
 

Nəşr edilib : 09.11.2025 00:30