NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Bakı Ali Neft Məktəbində Karyera sərgisi keçirilib

...

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Karyera sərgisi keçirilib. Sərgidə SOCAR, bp, Deloitte, EY, KPMG, BCG, Mərkəzi Bank, ABB, “Kapital Bank”, “PAŞA Kapital”, “AzerGold”, “Azersun” və digər böyük şirkət və dövlət qurumları iştirak ediblər.

"Şərq qapıası" xəbər verir ki, BANM-dən  bildirilib ki, ümumilikdə 70-ə yaxın yerli və xarici şirkət, həmçinin dövlət qurumları sərgidə mövcud vakansiyalarını və təcrübə proqramlarını təqdim edib.

Sərgiyə 1500-dək ziyarətçi qatılaraq işəgötürənlərin mövcud imkanları, tələbləri barədə birbaşa məlumat almaq şansı əldə edib.

Açılış mərasimində çıxış edən BANM-in rektoru Elmar Qasımov sərginin tələbə və məzunlar üçün əhəmiyyətini vurğulayaraq bildirib ki, tədbir müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət və dövlət qurumları ilə birbaşa ünsiyyət, onların iş imkanları və tələbləri haqqında ətraflı məlumat əldə etmək üçün unikal fürsət yaradır. Elmar Qasımov sərginin həm işəgötürənlər, həm də ziyarətçilər üçün faydalı olacağına əminliyini ifadə edib.

Dövlət Məşğulluq Agentliyi İdarə Heyəti sədrinin müavini Nihad Muxtarlı çıxışında qeyd edib ki, belə tədbirlər əmək bazarının real tələbləri ilə tanışlıq, zəruri bacarıqların müəyyən edilməsi və işəgötürənlərlə birbaşa əlaqə yaratmaq baxımından mühüm rol oynayır.

SOCAR-ın İnsan kapitalı və inklüzivlik seqmentinin, istedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin nümayəndəsi Rəşad Ələkbərov çıxışında şirkətin gənclərin inkişafına yönəlmiş layihələrindən danışıb və bu sərginin gələcəyin peşəkarlarını daha yaxından tanımaq, potensial istedadları erkən mərhələdə müəyyənləşdirmək və əmək bazarında gənclərin inkişafına töhfə vermək baxımından vacibliyini vurğulayıb.

Nəşr edilib : 02.12.2025 11:52