Azərbaycan Güləş Federasiyasının Etika və İntizam ...
23:54 13.05.2026
0
0
0
NAXÇIVAN :
14 May 2026, Cümə axşamı
Azərbaycanın dövlətçilik fəlsəfəsi bu gün də olduğu kimi, hər zaman bir ali məqsəd üzərində qurulub: Vətən torpaqlarının bütövlüyü, xalqın azad iradəsi və bayrağımızın hər nöqtədə dalğalanması. Bu məqsəd tarixboyu heç zaman dəyişməyib və dövlət siyasətinin prioritet istiqaməti olub. Bu yolda Prezident cənab İlham Əliyevin liderliyi altında atılan addımlar, güclü ordu quruculuğu, ardıcıl diplomatik səylər əzmkarlıqla birləşərək müharibənin taleyini dəyişdirdi.
Azərbaycanın tarixi həm mübarizələrlə, həm də əzablarla doludur. Xalqımız XIX əsrdən bu yana erməni təxribatları və etnik təmizləmə kimi çoxsaylı hadisələrlə üzləşib. 1948-1953-cü illərin deportasiyaları, 1988-ci ildən başlayan Qarabağ hadisələri Azərbaycan xalqının yurdundan didərgin salınmasına, kütləvi qaçqın düşməsinə səbəb olub. Lakin bu ağrılı tarix, eyni zamanda azadlıq və ədalət uğrunda mübarizənin simvoluna çevrildi.
2020-ci ilin zəfəri: millətin ruhunun qalibiyyəti
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycanın haqqını bərpa etməsi və torpaqlarını azad etməsi yolunda əlamətdar bir gün oldu. Azərbaycan Ordusunun əks-hücum əməliyyatı, 44 gün ərzində düşməni darmadağın edərək Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və Şuşa kimi mühüm ərazilərin geri alınmasını təmin etdi. Şuşanın azad edilməsi müharibənin taleyini həll edən və Azərbaycanın qələbəsinə yol açan həlledici an kimi həmişə xatırlanacaq. 10 noyabrda imzalanmış üçtərəfli bəyanatla Azərbaycan həm hərbi, həm də diplomatik sahədə böyük bir zəfər qazandı. Bu qələbə yalnız torpaqların azadlığı deyil, həm də Azərbaycanın milli ləyaqətinin bərpası idi.
Azərbaycan Ordusunun qələbəsi: güclü hərbi strukturlar və birlik
Azərbaycan Ordusunun müharibə zamanı göstərdiyi fədakarlıq və iradə xalqın ruh gücünün ən yüksək göstəricisidir. Hərbi əməliyyatlar zamanı ordumuzun hər bir üzvü “Öldü var, döndü yoxdur” şüarı altında birləşərək döyüşə qatıldı. Zəfər, sadəcə, hərbi qələbə deyil, həm də milli birliyin, xalqın orduya, dövlətə və özlərinə olan inamının təzahürüdür. Bu gün Hərbi Qənimətlər Parkı müharibənin canlı salnaməsi olaraq Azərbaycan əsgərinin iradəsini və düşmənin məğlubiyyətini nümayiş etdirir. Azərbaycan Ordusunun döyüş strategiyası və əməliyyat üsulları, dünyanın müxtəlif hərbi akademiyalarında tədris olunur və XXI əsrin yeni müharibə modeli olaraq qiymətləndirilir.
Diplomatik qələbə: Azərbaycanın səsi və ədalət
Azərbaycanın diplomatik mübarizəsi də 44 günlük müharibə qədər əhəmiyyətli oldu. Prezident İlham Əliyevin müharibə zamanı beynəlxalq mediaya verdiyi müsahibələr Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Dövlət başçısı həm döyüş meydanında, həm də diplomatik tribunada böyük qələbəyə imza atdı. Şuşa Bəyannaməsi və Türkiyə ilə strateji əməkdaşlıq Azərbaycanın müharibə zamanı əldə etdiyi diplomatik qələbələri möhkəmləndirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” bəyanatı isə bu mübarizədəki mənəvi dayağımızı simvolizə etdi.
Zəfər Günü: gələcəyin məsuliyyəti
Zəfər Günü yalnız keçmişin qürurunu xatırlatmır, eyni zamanda gələcəyin böyük məsuliyyətini də üzərimizə qoyur. Bu məsuliyyət azadlıq və ədaləti qorumaq, milli birliyi möhkəmləndirmək və hər bir vətəndaşın bu zəfərin davamçısı olmasını təmin etməkdir. Hər bir azərbaycanlı, xüsusilə gənc nəsil bu torpaqların şəhid qanı ilə yoğrulduğunu və zəfərin xalqın ruhundan doğduğunu unutmamalıdır.
Əbədi qələbə və xalqın birliyi
8 Noyabr – Zəfər Günü tarixdə əbədi qalacaq bir gündür. Bu, Azərbaycanın ucaldığı, millətin birləşdiyi və Vətənin azad nəfəs aldığı gündür. Bu gün həm də xalqın iradəsinin, ordu ilə dövlətin birgə gücünün, həmrəyliyinin və əzminin bir simvoludur. Zəfər Günü xalqımızın öz müstəqilliyini və azadlığını qorumaq üçün göstərdiyi iradə və fədakarlığın təntənəsidir. Bu əziz gün hər zaman millətimizin milli kimliyinin və qürurunun bir hissəsi olaraq qalacaq.
Rauf CƏFƏROV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər