NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Azərbaycanın yüksəliş salnaməsini yaradan Lider

...

Azərbaycanın xoşbəxt gələcəyinə inanıram 

“Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır”, –  deyən,  xalqına, vətəninə bağlılığı ilə seçilən Ulu Öndər Heydər Əliyev ölkəmizin ən ağır günlərində  xalqın səsinə, çağırışlarına, Vətənin düşdüyü vəziyyətə biganə qala bilməyərək, həyatını təhlükəyə ataraq Bakıya qayıtdı və xalqın təkidli tələbi, səs çoxluğu ilə ölkə Prezidenti seçildi. Hakimiyyətə vəzifə üçün yox, xalqa xidmət etmək üçün gəldiyini dəfələrlə dilə gətirən dahi rəhbər bunu sübuta da yetirdi. Heydər Əliyevin seçdiyi düzgün strategiya və gələcəyə hesablanmış inamlı fəaliyyəti sayəsində Azərbaycan dövlətçiliyi məhv olmaqdan xilas oldu. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev dövlətçiliyimizi inkişaf etdirərək özü qədər inandığı və etibar etdiyi bir şəxsə, yeni əsrin yeni lideri  İlham Əliyevə əmanət etdi. Dahi rəhbərin xalqına əmanəti olan siyasi varisini xalq öz övladı kimi bağrına basıb daim onun arxasında dayandı. Ulu Öndər məktəbinin ən istedadlı yetirməsi olan və 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirdi.

    Qafqazın ən güclü dövləti mövqeyinə gəldik

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 22 il ərzində ölkə iqtisadiyyatı böyük inkişaf yolu keçib. 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox uğura imza atılıb, sosial-iqtisadi inkişaf yolunda mühüm nəticələr əldə edilib. Belə ki, dövlət başçısı 22 illik Prezidentliyi dövründə bütün sferalarda çevik islahatlar aparıb, Dövlət proqramları qəbul olunub. Düşünülmüş iqtisadi siyasət nəticəsində 22 ildə Azərbaycan iqtisadiyyatının, eləcə də sosial təminat sisteminin kifayət qədər güclənməsi müşahidə olunub. Ötən illər ərzində respublikamızın sosial-iqtisadi inkişafının sürətləndirilməsi daim diqqət mərkəzində saxlanılıb. Ölkə     rəhbəri İlham Əliyevin Prezidentlik fəaliyyətində qəbul etdiyi ilk mühüm qərar da bu sahə ilə bağlı olub. Dövlətimizin başçısı tərəfindən “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərman imzalanıb və bununla da respublikanın hərtərəfli inkişafına dair davamlı və sistemli proqramların əsası qoyulub, sosial-iqtisadi inkişafın real dinamikası gerçəkləşdirilib. Adıçəkilən tarixi sənədin davamı olaraq Prezident İlham Əliyev 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə 4 Dövlət Proqramı imzalayıb. Bu proqramlar çərçivəsində 100 milyard manatdan çox investisiya qoyulub və nəticədə, regionların siması müasirləşib, əhalinin rifahı getdikcə yaxşılaşıb.
Ötən illər ərzində Ulu Öndər Heydər Əliyevin neft strategiyası uğurla davam etdirilib. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı, “Şahdəniz” yatağında ilk quyunun istismara verilməsi bu sahədəki inkişafı sübuta yetirdi. Sonrakı illərdə “Ümid”, “Babək” və “Abşeron” yataqlarının kəşfi ilə Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğu təsdiqləndi. Bununla da Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açıldı. 2014-cü il sentyabrın 20-də isə Səngəçal terminalında “Cənub Qaz Dəhlizi” layihəsinin təməli qoyuldu. Dövlət başçısının gərgin     fəaliyyəti və ardıcıl səyləri ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz arteriyaları yaradılıb. Bununla da dünyanın enerji xəritəsində yeni mənzərə formalaşıb. 2017-ci il sentyabrın 14-də isə Prezident İlham Əliyevin səyi ilə Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng Azəri-Çıraq-Günəşli neft yataqları blokunun 2050-ci ilə qədər işlənilməsində yeni dövr başlayıb. Nəhayət, 2020-ci il deka­brın 31-də Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracı  reallaşıb. 
Bir məqam da xüsusilə vurğulanmalıdır ki, irimiqyaslı neft və qaz layihələri ilə yanaşı, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika mərkəzinə, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrilib. Həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində Azərbaycan regionda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkə kimi tanınıb. Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti sayəsində Azərbaycan bu gün qlobal proseslərin mənfi təsirindən minimum itkilərlə çıxan azsaylı ölkələrdən biri olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli strateji, enerji, nəqliyyat, logistika və kommunikasiya qovşağına, investorların maraq mərkəzinə çevrilib.

Əhalinin rifahı artırılıb

Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır. Ölkəmizin iqtisadiyyatının illər ərzində inkişaf etdirilərək ən yüksək səviyyəyə gətirilməsi insanların günlük həyatına da sirayət edib. Sosial sahədə görülmüş işlər də göz qabağındadır. Belə ki, 2003-cü ildə Azərbaycanda minimum əməkhaqqı 9 manat idisə, indi 400 manatdır, o dövrdə minimum pensiya 20 manat idi, hazırda isə 320 manat təşkil edir. Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 2024-cü il 23 dekabr tarixli Sərəncam vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir. 
Ölkəmizdə əhalinin artımı qarşısında genişmiqyaslı tədbirlər görülür, yeni uşaq bağçaları və məktəblər, müalicə müəssisələri və idman kompleksləri istifadəyə verilir. Bununla yanaşı, dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” da mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətini müəyyən edir. Dövlət büdcəsində sosialyönümlü xərclərin ardıcıl və ciddi artımı da sosial dövlətin mühüm cəhətlərindən biri kimi diqqəti cəlb edir. Məsələn, bu xərclər 2021-ci ildəki 10,3 milyard manatdan 2024-cü il üçün 15,5 milyard manata çatıb. Beləliklə, həmin xərclərdə qısa müddətdə 6,6 milyard və ya 1,6 dəfə artım olub. Sosialyönlü xərclərin çəkisinin büdcədə 41 faiz olması sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha göstərir. 
Sosial islahatların tərkib hissəsi kimi əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərin də davamlı artımı təmin olunur. Buna nümunə olaraq əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsaitdə 2018-ci ilə nisbətən 2,1 dəfə və ya 1,3 milyard manat artım özünü göstərib. Həmin vəsait 2018-ci ildə 1,2 milyard manat təşkil edirdisə, hazırda 2,5 milyard manata yaxındır. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin sayı son 4 ildə 4 dəfəyə yaxın artırılaraq 34-dən 130-a çatdırılıb. Bu gün ardıcıl olaraq həyata keçirilən islahatlar bizə deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.  

    Tapşırıq yerinə yetirildi

2003-cü ilin 15 oktyabr seçkilərində qazanılan qələbə xalqın öz taleyini hər zaman qəlbən inandığı, sınaqdan çıxardığı siyasi qüvvəyə etibar etdiyini bir daha təsdiqləmişdi. Həmin seçkidən sonra keçirilən andiçmə mərasimində Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə ay-ulduzlu, üçrəngli Azərbaycan Bayrağının önündə Vətənə sədaqətlə xidmət edəcəyinə and içəndə, elə həmin gün söz vermişdi bu bayrağı Şuşada, Xocalıda ucaldacağına. Qarabağ kimi problemi olan, müstəqilliyin dadını təzə-təzə alan, özünü dünyaya tanıdıb haqq səsini duyurmağa çalışan bir dövlətin Prezidenti olmaq və Ulu Öndərin vəsiyyətini yerinə yetirmək kimi ağır bir yükü almışdı çiyinlərinə 42 yaşlı siyasətçi. Vətənə, doğma xalqına ləyaqətlə, sədaqətlə xidmət edəcəyinə and içəndə o da yaxşı bilirdi ədalətsiz bir dünyada yaşadığımızı. Güclünü haqlı görən bir dünyada. Lakin o, qətiyyətli və ümidli idi. İnanırdı ki, bu xalqla ən çətin yolları, keçilməz dərələri aşmaq mümkündür. Tarix öz sözünü dedi və zaman Ulu   Öndərin  bütün bəlalardan xilas edib ayağa qaldırdığı Azərbaycanı əmin əllərə əmanət etdiyini sübuta yetirdi. Dahi siyasətçinin layiqli davamçısı dünyada söz sahibindən, Müzəffər Sərkərdəliyə gedən uzun bir yol qət etdi. Bu yol Heydər yolu, Ata vəsiyyətinin yerinə yetirilməsinə gedən yol idi. Çətin, keçilməz sədləri birləşərək, bir olaraq aşdıq. Ölkə başçısı dünya səviyyəli tədbirlərdə dəfələrlə  düşmən baş nazirinə tarix dərsi keçib qəti mövqeyini açıq şəkildə bəyan edirdi: “Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa olsun, azad edəcəkdir. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir”. Verdiyi hər bir sözə sadiqlik göstərən ölkə başçısı Ulu Öndərin siyasi kursunu davam etdirib Azərbaycanı dünyaya tanıtdı və söz sahibinə çevirdi. 

Müstəqil Azərbaycanın Şuşaya səfər edən ilk Prezidenti

30 ildir, həllini gözləyən bir problemi cəmi 44 gündə həll edən Müzəffər Komandanın “dəmir yumruğ”u düşmənin başında ildırım kimi çaxıb onu pərən-pərən saldı. Qələbə qazanıb müstəqil Azərbaycanın Şuşaya səfər edən ilk Prezidenti olmaq şərəfi qazanmaqla bərabər ən müqəddəs tapşırığı yerinə yetirdi. Bütün çıxışlarında işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edən cənab İlham Əliyev onu da hər zaman xüsusilə vurğulayır ki, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün prioritetdir. Dövlət başçısının bölgələrə səfərlərinin əksəriyyəti məhz azad edilmiş əraziləri əhatə edir. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plan üzrə getdiyini vurğulayan cənab İlham Əliyev onu da bildirir ki, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha göstərir ki, biz – bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. İşğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə institutunun yaradılması ilə bağlı addımlar atılır. Yeni iqtisadi və sosial çağırışların müzakirə edildiyi məkan, innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Cənab İlham Əliyevin 2022-ci il 22 iyul tarixli “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” Sərəncamı da özündə hədəflərə çatmaq üçün icra mexanizmlərini və nəzarəti ehtiva edir. 

Sədaqət nümunəsi

Tarix bu xalqın necə qəhrəman bir xalq olduğuna şahid olanda, bütün dünya Azərbaycan əsgərinin cəsarəti qarşısında heyrətə gələndə, Şuşada, Xankəndidə zəfər himni səslənəndə şahid olduq bu xalqın əbədi liderinin əmanətinə nə qədər sədaqətli olduğuna. Və bayrağımız Şuşanın başı üstündə dalğalananda, Xocalıya ədaləti özümüz gətirəndə, Xankəndidə addımlayan Azərbaycan əsgərinin ayaq səsləri dünyanın hər yerində eşidiləndə, Zəngilanda, Füzulidə, Cəbrayılda körpə səsi gələndə dahi rəhbərin layiqli davamçısının müdrik rəhbərliyi ilə görülən işləri təkcə biz yox, dünyanın müxtəlif yerlərində yaşayan 50 milyondan çox soydaşlarımız da gördü və sülhün, əmin-amanlığın hökm sürdüyü məkana çevrilmiş, iqtisadi göstəricilərinə görə daim qüdrətlənən Azərbaycan dövləti ilə bir daha fəxr hissi duydular. Bu gün Azərbaycan dövlətinin sərhədləri daxilində yaşayan insanlar gündən-günə inkişaf edən ölkənin vətəndaşları olaraq gələcəyə ümidlə baxır, verdiyi hər sözü yerinə yetirən ölkə başçısına sədaqət nümayiş etdirirlər.   
Elə məhz bunun nəticəsidir ki, keçirilən bütün prezident seçkilərində xalqın seçimi, layiqli namizəd cənab     İlham Əliyev oldu. Seçkilərdə səs çoxluğunun illər keçdikcə artması isə onu bir daha sübuta yetirdi ki, xalqın səsi hər bir azərbaycanlının Prezidenti, Ulu Öndərin layiqli davamçısıdır. Diqqət etsək görürük ki, 2003-cü ildə prezident seçkilərində cənab İlham Əliyev 70 faiz səs çoxluğu ilə ölkə başçısı seçilmişdisə,  ondan sonrakı seçkilərdə bu rəqəm artmış və 2024-cü ilin fevralında keçirilən seçkilərdə 92,12 faiz səs çoxluğu ilə Zəfər seçkisinin qalib Sərkərdəsi olmaq şərəfinə nail olmuşdur. Bu nəticə həm dövlət başçısının, həm də bir xalqın Azərbaycanı canından çox sevən Ümummilli Liderinə sədaqəti idi. Və müstəqillik qazandıqdan sonra yaşadıqlarımız bir daha sübut edir ki, bu xalqın ən düzgün yolu Heydər Əliyev yoludur. Bir vaxtlar Naxçıvandan başlayan və Şuşaya, Xankəndiyə qədər uzanan yol bizi  bundan sonra da zəfərdən-zəfərə aparacaq.

 Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 14.10.2025 23:55