Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Ba...
17:34 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Bu günlərdə çox sevindirici bir xəbər aldıq. Belə ki, qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib. Bu barədə qərar 11 fevral 2026-cı il tarixdə Özbəkistanın Daşkənd şəhərində keçirilən İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası çərçivəsində qəbul edilib. Qədim Ordubad şəhərinin ICESCO tərəfindən İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi Azərbaycanın incisinin beynəlxalq səviyyədə tanınması, qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 21 fevral tarixli müvafiq Sərəncamı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Qeyd edək ki, 1977-ci ildən tarix-memarlıq qoruğu elan edilmiş Ordubad şəhəri 24 oktyabr 2001-ci ildə UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən “Azərbaycanın incisi” adlandırılan Ordubad Naxçıvanın qədim şəhərlərindən biridir. Ordubad orta əsr şəhər mədəniyyətini günümüzün özündə belə qoruyub saxlayır. Şəhərin yerləşdiyi ərazinin əlverişli coğrafi mövqeyi və zəngin təbii şəraitə malik olması, burada insanların qədim zamanlardan məskunlaşması üçün imkan yaratmışdır. Şəhər və şəhərətrafı ərazilərin müxtəlif dövrlərə aid maddi mədəniyyət nümunələri ilə zəngin olması bunu təsdiq edir. Ancaq Ordubad şəhərinin təşəkkülü bu ərazidə insanların məskunlaşmasından xeyli sonralar baş vemişdir.
Ordubad elə bir şəhərdir ki, tarixən buraya yolu düşən səyyahların, coğrafiyaşünasların marağına səbəb olmuş, onun haqqında müxtəlif fikirlər deyilmişdir. Məsələn, Hacı Zeynalabdin Şirvani “Bustanüs-səyahə” kitabında yazır: “Ordubad ürəkaçan gözəl bir şəhərdir. Ora adama fərəh verən yerdir. Onun möhkəm qalası, bol suyu və çoxlu bağları vardır. Meyvəsi bol və dadlıdır. Havası insana sağlıq verir. İnsanlarının siması gözəldir”. Yaxud XX əsrin əvvəllərində buranı ziyarət etmiş Nefodov adlı səyyah yazıb: “Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir. Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir”. XIX əsr rus tədqiqatçısı İ.Şopen tərəfindən belə ifadə edilmişdir ki, şəhərdə xəstəlik yox dərəcəsindədir, şəhər əhalisinin üzünün təravətliliyi onların sağlamlığının çiçəklənmə vəziyyətində olmasını göstərir. Müəllif fikrinə davam edərək yazır ki, Ordubad şəhəri özünün görünüşü və gözəlliyi ilə İrəvan və Naxçıvandan fərqlənirdi. Küçələri Asiya şəhərlərində olduğu kimi, əyri-üyrü olsa da, palçıq divarları və tikintiləri yaşıllıqlara qərq olmuşdur. Hər addımbaşı axan sular sərinlik gətirir, həyətlərdə bu sular fontana çevrilirdi.
Yuxarıda qeyd edilən qərarın qəbul olunmasında Ordubad məscidlərinin, dövrün ən məşhur memarlıq abidəsi olan Qeysəriyyənin və Səqqaxananın mühüm rolunu qeyd edə bilərik.
Qeysəriyyə Ordubad şəhərində yerləşən XVII əsrə aid ölkə əhəmiyyətli Azərbaycan memarlıq abidəsidir. Ordubad şəhərinin mərkəzində yerləşir. Qeysəriyyə orta əsrlər zamanı şəhər ticarətində mühüm əhəmiyyət kəsb edən bazarlar qrupuna aiddir. Bu cür bazarlar bəzən “Bədistan” da adlanır və bu bazarlar üstüörtülü bazarlar tipinə aiddir. Qeysəriyyə sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı deməkdir. Belə bazarlara xalq arasında “Şah bazarı” da deyilir. Bu tikililərə dünyanın üç yerində rast gəlmək olar: Səmərqənd, Təbriz və Ordubad şəhərlərində. Hazırda ən görkəmlisi və abadı Ordubad şəhərində yerləşir. Orta əsrlər dövründə buradan Zərbxana kimi istifadə edilmişdir. Xalq arasında “Torpaq qala” kimi də işlənmişdir. XIX əsrin ortalarına yaxın Ordubadda yaradılmış “Əncüməni-şüəra” ədəbi məclisinin yığıncaqları burada keçirilmişdir.
Ordubad şəhərinin tarixi-memarlıq abidələrindən danışarkən şəhərin Mingis məhəlləsində yerləşən səqqaxananı da qeyd etmək lazımdır. Ərəbcə “səqqa” susatan, supaylayan, suverən, suçəkən anlamındadır. Deməli, səqqaxana su satılan yer anlamındadır. Səqqaxanalar dini xarakterli tikililər qrupuna daxildir.
Türk-İslam abidələri içərisində xüsusi yerlərdən birini də məscidlər tutur. Ordubad şəhəri öz məscidləri ilə məşhur olmuşdur. Məscidlər dini ibadətgah olmaqla yanaşı, həm də mühüm təhsil mərkəzləri rolunu oynamışlar. Bəzi tədqiqatçılar yazır ki, Ordubad şəhərində bir Came məscidi, 63 məhəllə məscidi vardır. V.Qriqoryev 1833-cü ildə nəşr etdirdiyi kitabında bildirir ki, şəhərin bütün küçələrində xüsusi məscidlər yerləşir, ancaq onlardan ikisi böyükdür. Bu məscidlərdən biri saraya bənzəyir. Məscidlərin çoxluğuna görə Ordubad şəhəri bir çox Azərbaycan şəhərlərini qabaqlayır. Bütün bunlar göstərir ki, tarixin bütün dövrlərində Ordubad şəhəri türk-İslam mədəniyyətinin bir parçası olan məscidlərlə zəngin olmuşdur. Bir məsələni də vurğulamaq istərdik ki, Ordubad şəhər məscidlərinin heç birində minarələr yoxdur. Minarəni məscidin damında yerləşən səki əvəz edir. Bu da Ordubad şəhər məscidlərinin özünəməxsusluğudur. Hər bir məscidin qarşısında meydança salınmış, çinar ağacı əkilmişdir. Çinarın altında suyu sərin saxlamaq üçün “saqqova” deyilən kiçik hovuz düzəldilmişdir.
Bu bir həqiqətdir ki, Ordubad şəhəri tarixlə nəfəs alır, hər məhəlləsində keçmişin, böyük bir mədəniyyətin izləri vardır, tarixi-mədəni abidələrlə, mədəni irslə zəngindir. Ordubadın belə bir siyahıya daxil edilməsi şəhərə olan marağı artıracaq, bölgəyə xarici və yerli turist axını çoxalacaqdır. Bu qərar Ordubadın həm mədəni, həm də iqtisadi və turizm baxımından inkişafı deməkdir.
Asəf ORUCOV
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı, dosent
Digər xəbərlər