NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığı artıq bir reallıqdır

...

Azərbaycanın Avropanın, eləcə də dünyanın enerji təhlükəsizliyində mühüm rol oynadığı artıq qlobal səviyyədə bir reallıq olaraq qəbul edilir. Buna görə də rəsmi Bakı ilə enerji sahəsində əməkdaşlıq etməyə can atan ölkələrin sayı gündən-günə artır. Bu səbəbdən enerji təhlükəsizliyi və yaşıl keçid çağırışlarının aktuallıq qazandığı bir dövürdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası strateji əhəmiyyətli tədbir kimi dünyanın diqqət mərkəzindədir. Bu toplantılar regional və qlobal enerji gündəminin mühüm məsələlərini ehtiva etməklə həm əməkdaşlıq ruhunun gücləndirilməsinə, həm də uzun müddətli perspektivdə enerji təminatında sabitliyin möhkəmlənməsinə xidmət edir.

2015-ci ildən keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası enerji təhlükəsizliyi infrastrukturunun inkişafı, həmçinin istehsalçı, tranzit və istehlakçı ölkələr arasında koordinasiyanın təminatında müstəsna rol oynayır. Mühüm məsələlərdən biri də enerji təhlükəsizliyinin artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilməsidir. Sənayenin inkişafı, aqrar istehsal, nəqliyyat sektoru və bütövlükdə, iqtisadi sabitlik enerji təminatı ilə birbaşa bağlıdır. Bu səbəbdən enerji siyasətində uzunmüddətli strateji yanaşma, tərəfdaşlar arasında etibarlılıq və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq prioritet olaraq qalmaqdadır.

Azərbaycanın enerji resurslarına olan tələbatın artması və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verməsi sözügedən mühüm görüşlərdə iştirakçı olan ölkələrin sayının ildən-ilə artması prizmasında özünü aydın şəkildə təzahür edir. Son vaxtlar əldə edilən nailiyyətlər Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı kimi mövqeyinin möhkəmləndiyini təsdiqləyir. Bu əməkdaşlıq həm də qarşılıqlı iqtisadi maraqların qorunması kontekstində strateji əhəmiyyət daşıyır. Azərbaycanın dayanaqlı ixrac imkanları və şaxələndirilmiş enerji infrastrukturu Avropa ölkələri üçün alternativ mənbədir.

Prezident İlham Əliyev çıxışında bildirib: “Bakıda keçirilən son görüşdən, yəni 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazın alıcısına çevrilir. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatır. Onların 10-u Avropa ölkəsidir və 8-i Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatının coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylayıcı şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır”.

Cənub Qaz Dəhlizinin 3500 kilometirlik inteqrasiya olunmuş boru kəməri sistemi Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP hazırda tam gücü ilə fəaliyyət göstərir və layihənin genişləndirilməsi diqqət mərkəzindədir. “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz” və “Abşeron” bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır. AÇG Dərin Qaz Strukturu və “Abşeron” yatağının ikinci fazası ilə hasilat daha da artacaq. Bu, ölkənin həm ixrac potensialını yüksəldəcək, həm də Avropa bazarında enerji ehtiyaclarının ödənməsində mühüm rol oynayacaq.

Tədbirin “yaşıl enerji” ilə bağlı hissəsində Azərbaycanın bərpa olunan enerji sahəsində layihələri diqqətə çatdırılıb. Günəş və külək enerjisinə yatırımlar nəticəsində 2030-cu ilə qədər 6 giqavat gücündə “yaşıl enerji” istehsalı planlaşdırılır.

Şərqi Zəngəzur və Qarabağda artıq 270 meqavat gücündə su elektrik stansiyaları fəaliyyətə başlayıb və bu rəqəmin 5 il ərzində 500 meqavata çatması nəzərdə tutulub. Azərbaycanın üstün cəhətlərindən biri də ondan ibarətdir ki, ölkəmiz təkcə ənənəvi enerji sahəsində deyil, eləcə də alternativ enerji mənbələrinin axtarışı, onun inkişaf etdirilməsi istiqamətində ortaya iradə qoyur, bu istiqamətdə beynəlxalq əməkdaşlığa xüsusi önəm verir.

Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Azərbaycanın Avropaya “yaşıl enerji” ötürəcək dənizaltı kabel layihəsinin texniki əsaslandırılmasının son mərhələdə olduğu qeyd edilib. Dövlət başçısı vurğulayıb ki, proses tam başa çatandan sonra birmənalı olaraq maliyyələşmə ilə bağlı praktiki danışıqlar başlayacaq. Təsadüfi deyil ki, tədbirdə iştirak edən Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı cənab Dan Yorgensen də elə həmin iclasda çıxışı zamanı bu haqda öz razılığını bildirdi.

Cənubi Qafqaz ilə Avropa İttifaqı arasında “yaşıl enerji” dəhlizinin qurulması üzərində iş gedir. Avropalı komissarın da qeyd etdiyi kimi bu istiqamətdə müxtəlif texnalogiya və fərqli marşurutlardan istifadə etmək barədə müxtəlif konkret ideyalar var. Azərbaycanın enerji səmərəliliyi və bərpa olunan enerji istiqamətində səyləri qarşıdakı illərdə ixrac bazarları üçün daha çox qazı əhəmiyyətli dərəcədə əl çatan edə bilmək potensialına malikdir. Avropa İttifaqı Xəzər dənizində külək enerjisi texnologiyası da daxil olmaqla Azərbaycanın böyük potensialını inkişaf etdirmək üçün onunla əməkdaşlığı gücləndirməyə hazırdır.

Müşavirədə Prezident dedi “Azərbaycan tərəfindən başlanmış və Avropa komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Həmçinin bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də, daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir”.

Əldə olunan bütün nailiyyətlər  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı düşünülmüş və uğurlu siyasətinin bariz nümunəsidir və bu keçirilən tədbirdə çoxsaylı ölkələrin nazirlərinin və digər rəsmi şəxslərin iştirakı ilə bir daha öz təsdiqini tapdı.

 

Məmməd MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 09.04.2025 16:00