Naxçıvanın bir qrup incəsənət xadiminə Prezident m...
18:33 08.05.2025
0
0
0
NAXÇIVAN :
08 May 2025, Cümə axşamı
Azərbaycan dövlətinin apardığı çoxvektorlu, balanslı xarici siyasət nəinki qonşu dövlətlərlə münasibətlərinin möhkəmlənməsinə töhfələr verir, eyni zamanda uzaq coğrafiyada yerləşən ölkələrlə də əlaqələrinin güclənməsində böyük rol oynayır. Tarixi ötən əsrin 50-ci illərinə gedib çıxan Azərbaycan-Vyetnam dostluq münasibətləri də bu baxımdan nümunə səviyyəsindədir. Ölkələrarası əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyması nöqteyi-nəzərdən mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri yeni əməkdaşlıqlara imza atılması, faydalı görüşlərin keçirilməsi, qərarların verilməsi ilə yadda qaldı.
Azərbaycan-Vyetnam əlaqələrinin qurulması prosesi ötən əsrin ortalarına təsadüf edir, başqa sözlə, bu iki uzaq coğrafiyada yerləşən respublikanı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri yaxınlaşdırır. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə səfəri ilə təməli qoyulan ikitərəfli münasibətlər həmin dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfər zamanı keçirdiyi görüşlərlə daha da möhkəmlənib. 2014-cü ildə Prezident İlham Əliyevin və bir il sonra Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın qarşılıqlı səfərləri iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb və gələcək inkişafa təkan verib. Ümumiyyətlə, Azərbaycanla Vyetnam arasında neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrdə əlaqələr mövcuddur, iqtisadi əməkdaşlıq sabit müsbət dinamika şəraitində davam edir. Bu baxımdan onu diqqətə çəkmək olar ki, 2025-ci ilin ilk üç ayında ikitərəfli ticarət dövriyyəsinin həcmi 127,2 milyon dollara, Vyetnama Azərbaycan məhsullarının – əsasən, xam neftin ixracı 91,8 milyon dollara çatıb. Azərbaycana idxal isə 35,4 milyon dollar təşkil edib. Müqayisə üçün bildirmək yerinə düşər ki, 2024-cü il ərzində ölkələr arasında ticarət əməliyyatlarının həcmi 223,9 milyon dollar təşkil edib və builki üç aylıq nəticə iqtisadi əlaqələrin tədricən artdığını göstərir.
Göründüyü kimi, ticarət dövriyyəsindəki nəzərə çarpan artım göstəricisi məhz böyük mənada neft satışından asılıdır və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın səfərindəki məqsəd də gələcəkdə bu asılılığı aradan qaldırmaqdır. Prezident İlham Əliyev də liderlərin məhdud, geniştərkibli görüşləri və sənədlərin imzalanmasında sonra mətbuata bəyanatında bu məqama xüsusi toxundu: “Əfsuslar olsun ki, iqtisadi-ticari istiqamət üzrə ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılıdır. Neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır, azalanda azalır. Əlbəttə, biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır. Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı – bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq”.
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfərinin uğurlu nəticələri sırasında, təbii ki, ən mühüm məqam iki ölkə arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın imzalanması oldu. Bununla da yarım əsrlik ikitərəfli əlaqələr strateji tərəfdaşlıq mərhələsinə yüksəldi. Bu tərəfdaşlığın strategiyası baxımından Birgə Bəyanatda yer alan müddəalar sırasında bir neçə məsələni diqqətə çəkmək olar ki, onlardan birincisi məhz siyasi yaxınlaşmanın təminidir. Yəni partiya, dövlət, parlament və rayonlar kimi bütün səviyyələrdə əlaqələri və təmasları fəallaşdırmaq əsas məqsədlər sırasındadır. Gələcəkdə Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin fəallığı çərçivəsində imzalanmış razılaşmaların icra edilməsi, mövcud əməkdaşlıq mexanizmlərinin səmərəliliyinin artırılması və yeni mexanizmlərin yaradılması imkanlarının araşdırılması prioritet hədəflərdəndir.
Digər bir mühüm müddəa isə əmtəə dövriyyəsi və sərmayələri artırmaq üçün iki ölkənin işgüzar dairələrini bir araya gətirmək, energetika, neft və qazla yanaşı, bütün sahələrdə əməkdaşlıq etmək, dəmir yolları, dəniz yolları, kənd təsərrüfatı sahələrində digər əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmaqdır. Müdafiə və təhlükəsizlik sahələrində əlaqələrin fəallaşdırılması, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə sahələrində münasibətlərin gücləndirilməsi də Birgə Bəyanatda yer alıb. Liderlər görüşlərin nəticəsi olaraq mədəniyyət, idman və turizm, təhsil, xalqlararası təmaslar və regional sahələrdə əməkdaşlığı genişləndirmək, idman yarışlarının təşkilində təcrübə mübadiləsi, eləcə də turizmi təşviq etmək barədə razılığa gəldilər. Prezident İlham Əliyev mətbuata bəyanatında da bütün bu məsələlərə toxundu, müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığın güclü potensiala malik olduğunu diqqətə çatdırdı. Sitat: “Bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Bu gün bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edildi. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik”. Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi də, öz növbəsində, iki ölkə arasında siyasi, diplomatik, energetika, müdafiə, ticarət və digər sahələrdə yaxşı nəticələr əldə edildiyini bildirdi, Birgə Bəyanatın ölkələrin münasibətlər tarixində yeni dövr, yeni səhifə açdığını vurğuladı, yaxın zamanlarda ikitərəfli münasibətlərin dərinləşdirilə və genişləndirilə biləcəyinə dair mühüm mesajlar verdi.
Azərbaycanla Vyetnam arasında əlaqələr həm də beynəlxalq təşkilatlar, siyasi platformalar üzərindən də uğurla inkişaf etdirilir, hər iki ölkə BMT, Qoşulmama Hərəkatı səviyyəsində birgə fəaliyyətdə maraqlıdır. Eyni zamanda müasir çağırışlara uyğun yeniləşmənin, yeni texnologiyaların iqtisadiyyata tətbiqinin tərəfdarı olan respublikalar “yaşıl enerji”dən istifadənin təşviqinə, istehsalına çalışırlar. Bir sözlə, tarixin çətin sınaqlarından keçən Azərbaycan-Vyetnam əlaqələrində mövqe kəsişməsi böyükdür, fikirlər tamamilə üst-üstə düşür ki, bu da səfərin uğurlu nəticələr verməsində, strateji tərəfdaşlıqda ən vacib amildir. Prezident İlham Əliyevin də dediyi kimi: “Yəni bu gün bir çox istiqamətlər üzrə apardığımız müzakirələr əsnasında görürük ki, fikir ayrılığı yoxdur. Əksinə, biz demək olar ki, vahid mövqedən çıxış edirik. Baxışlarımızda da bir çox oxşarlıq var. Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur, bizi birləşdirən nəqliyyat infrastruktur layihələri haqqında da bu gün danışdıq. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilərik. Bir sözlə, əminəm ki, səfərin çox gözəl nəticələri olacaq”.
Nail ƏSGƏROV
Digər xəbərlər