NAXÇIVAN :

09 Iyun 2025, Bazar ertəsi

Azərbaycan Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova: “Şərq qapısı” əsl region mətbuatıdır!"

...

Onlar Naxçıvanın – “Şərq qapısı” qəzetinin ağıllı, bacarıqlı, zəhmətkeş, gülərüz qızlarıdır. Amma kollektiv yalnız bu qədər deyil, onların sayı daha çoxdur.
Çoxları düşünür ki, qəzet dövrü artıq bitib. Amma burada qəzet hələ də yaşayır. Bu kollektiv qəzeti o qədər sevgi və həvəslə hazırlayır ki, insan heyran qalır. Naxçıvanda jurnalistika, qəzetçilik əsl fədakarlıq və sevgi işidir. Minimum imkanlarla maksimum nəticələr göstərirlər.
Sara xanım əla bir menecerdir. O, kollektivi bir yumruq kimi birləşdirib idarə edir. Nizam-intizam, sistemlilik hər bir detalda hiss olunur. Hər hansı bir tədbirdən xəbər hazırlamaq üçün göstəriş gözləmirlər, bilirlər ki, iş vaxtında görülməlidir. Heç kim “Mənə deyən olmadı” bəhanəsi ilə məsuliyyətdən yayınmır.
Əksəriyyəti Naxçıvanda jurnalistika və digər sahələr üzrə təhsil alıblar. Az maaşla işləsələr də, son dərəcə fəal, işgüzar və canıyanan insanlardır.
Qəzetin bir neçə nömrəsini vərəqləmək imkanım oldu. Naxçıvanın rəsmi gündəmi ilə yanaşı, hər bir sakinin həyatına toxunan yazılar, xalq adamlarının obrazları – çoban, tarlada çalışan insan və sair – qəzetin səhifələrində öz əksini tapır. Üstəlik, bu yazılar bol illüstrasiyalarla təqdim olunur. İnsanlara nə lazımdır? Onların əməyini dəyərləndirmək. “Şərq qapısı” öz səhifələrində sadə naxçıvanlıların həyatına, məşğuliyyətinə, dərd-sərinə yer ayırır – əsl region mətbuatı kimi.
Qəzetin iki əməkdaşı ilə daha yaxından ünsiyyət qurmaq imkanım oldu – Aidə və Bülbül. Bülbül gözəl, şirin bir mələkdir. Həmişə gülümsəyir, daim qaçır, hər zaman kömək etməyə hazırdır. Aidə isə jurnalistliklə yanaşı, rəssamlıq və tətbiqi incəsənətlə məşğuldur. Əlləri qızıldır. Qismət olsa, onun fərdi sərgisinə də gedərik.
Adını ayrıca çəkmədiyim “Şərq qapısı” xanımlarının hər biri ürəkdir. Əshabi-kəhfdə çay içmək üçün gecəni yatmayıb şirin kökələr bişirmişdilər. Bizə elə bir qonaqpərvərlik göstərdilər ki, onların xəcalətindən necə çıxacağımızı bilmirik.
Hamınıza sevgi və uğurlar, əziz həmkarlar!

Səadət Məmmədova,
Azərbaycan Mətbuat Şurasının sədr müavini

Nəşr edilib : 08.06.2025 13:53