Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərin açı...
14:23 09.06.2025
0
0
0
NAXÇIVAN :
09 Iyun 2025, Bazar ertəsi
Bir neçə gün əvvəl Naxçıvan şəhəri, H.Əliyev prospektində, Zirvə kitab evinin yanında yerləşən "Kassap Döner" adlı dönərxanada aralarında hamilə qadının da olduğu bir neçə nəfər zəhərlənmişdi. Zəhərlənənlərdən biri yaxın dostumuz olduğuna görə, xəstəxanada onun yanında qalmalı olduq. Hadisədən sonra dönərxana əməkdaşlarına bunun onların məhsulundan qaynaqlandığını bildirəndə məsuliyyəti qəbul etmək və insanlara "Keçmiş olsun" demək əvəzinə, yüksək səslə danışaraq az qala xəstəxanaya hücum etdilər. Elə bağırdılar ki, doğrunun bağrı yarıldı. Hətta “Bu hadisə bizdən qaynaqlanmayıb”, – deyərək, üzr istəmək yerinə, əsassız mübahisəyə girişdilər.
Dünən təsadüfən həmin dönərxananın qarşısından keçərkən obyektin yenidən işlədiyini gördüm. Bu mənzərə məndə həm təəccüb, həm də təəssüf hissi oyatdı. Çünki bir neçə nəfərin sağlamlığına ciddi zərər vuran müəssisənin bu qədər tez, yenidən fəaliyyətə başlaması suallar doğurur.
Təəssüf ki, bu gün “Kassap Döner” dönərxanasında 17 nəfərin qida zəhərlənməsinə məruz qalması ilə bağlı məlumat Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ tərəfindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə təqdim olunub.
Daxil olan məlumata əsasən, agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Belə ki, şübhəli məhsulların toxunulmazlığı təmin olunub, dönərxananın fəaliyyəti dərhal dayandırılıb. Hazırda faktla bağlı araşdırma aparılır və nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcəyi bildirilib.
Görünən odur ki, artıq bu cür hadisələr təkcə fərdi yox, ictimai təhlükə xarakteri daşıyır və daha məsuliyyətli yanaşma tələb edir.
Əlbəttə, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi bu kimi hallara qarşı tədbirlər görür və bu sahədə prinsipial yanaşma nümayiş etdirir. Lakin reallıq budur ki, bu cür məsuliyyətsiz obyektlər nəzarət mexanizmlərini aşaraq fəaliyyətlərini davam etdirə bilirlər.
Əsas məsələ isə buradadır: məsuliyyət yalnız dövlət qurumlarının deyil, həm də sahibkarların və cəmiyyətin üzərinə düşür. Qida ilə insan sağlamlığını təhlükəyə atan hər bir müəssisə, istər kiçik, istərsə də böyük, cəmiyyətin qarşısında cavab verməlidir. Vətəndaş olaraq bizlər də diqqətli olmalı, gigiyena və təhlükəsizlik baxımından etibarsız görünən iaşə obyektlərindən uzaq durmalıyıq.
Unutmayaq: bir insanın sağlamlığı hər hansı qazancdan daha dəyərlidir.
Bunun fərqində olmadıqca baş verənlər təəccübləndirəcək deyil, artıq qorxudacaq səviyyəyə çatacaq.
Sara Əzimova
“Şərq qapısı” qəzetinin baş redaktoru
Digər xəbərlər