Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər im...
17:51 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Аzərbаycаn tаriхinin 1969-cu ildən bəri yаşаnаn dövrü Ümummilli Lider Heydər Əliyevin аdı ilə sıх bаğlıdır və tаriхimizə Hеydər Əliyеv еpохаsı kimi əbədi həkk оlunmuşdur. Bu dövrün isə Аzərbаycаnın gələcək tаriхi tаlеyi bахımındаn bаşlıcа məzmunu biri Azərbaycançılıq xəttidir. Bu xətt bir tərəfdən Azərbaycanda vahid milli dövlətçilik hissiyyatının formalaşmasını, milli yetkinləşmə və bütövləşməni nəzərdə tutursa, digər tərəfdən, Azərbaycan dilinin bir dövlət dili olaraq inkişafını və bütün ölkə miqyasında, bütün fəaliyyət sahələrində mövqeyinin möhkəmlənməsini əsas götürürdü. Təsadüfi deyil ki, Azərbaycan dövləti müstəqilliyini əldə edəndən sonra Azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub və Ulu Öndərimiz deyirdi: “Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnərək hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Ulu Öndər qeyd edirdi ki, milli vətənpərvərlik milli qürur hissləri ilə bağlıdır: “Gərək hər bir vətəndaş öz Vətəninə görə, öz millətinə görə, öz ana dilinə görə milli qürur hissi keçirsin, azərbaycanlı olması ilə fəxr etsin”. Ümummilli Liderimiz azərbaycanlı olmağı ilə fəxr edirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm, mən azərbaycanlıyam”. Çünki bu hisslər-milli vətənpərvərlik, milli qürur hissi olmasa, dövlətçiliyi yaşatmaq çətindir. Dövlətçilik yoxdursa, milli ideologiyadan da söhbət gedə bilməz.
Bəs, milli-mənəvi dəyərlərimizin əsasları hansılardır? Ümummilli Liderimiz milli-mənəvi dəyərlərimizin əsaslarını göstərərək deyirdi: “Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs Qurani-Şərifdə öz əksini tapıbdır. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın siyasi və dövlət xadimləri, böyük elm və mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu bizim adət-ənənələrimizdir. Bu bizim milli-əxlaqi mentalitetimizdir, bu bizim bütün mənəvi dəyərlərimizdir”. Böyük Öndər dönə-dönə qeyd edirdi ki, ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərimiz vəhdətdə inkişaf etməli, formalaşmalıdır. Bu sintez milli ideologiyamızın bu günü və gələcəyidir: “Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından – hər şeydən üstün tutsun. Çünki əks halda bu ideologiya formalaşa bilməz, yad təsirlərə tez məruz qalar, zərbə altına düşər”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi varisi kimi milli dəyərlərə dövlət səviyyəsində diqqət və qayğı göstərir. Hər bir məsələdə Ulu Öndərin ideyalarını meyar kimi görən ölkə başçısının milli dəyərlərin qorunması, inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir. Bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir. Ölkə başçısı xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Dövlət siyasətində hər bir azərbaycanlının, hər şeydən əvvəl, öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli dəyərlərini qoruması önə çəkilir. “Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərməğan edilməlidir” prinsipi əsas götürülür.
Prezident İlham Əliyevin “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında 2026-cı il 14 yanvar tarixdə imzaladığı Sərəncam ölkəmizin mədəni inkişaf tarixində mühüm mərhələdir. Konsepsiya təkcə mədəniyyət sahəsinin uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirmir, eyni zamanda milli kimliyin qorunması, qloballaşma şəraitində Azərbaycan mədəniyyətinin rəqabətqabiliyyətinin artırılması və gələcək nəsillərə ötürülməsi baxımından fundamental əhəmiyyət daşıyır.
Sənəddə mədəniyyətin cəmiyyətin inkişafında aparıcı rolunun xüsusi vurğulanması, yaradıcı potensialın üzə çıxarılması, innovativ yanaşmaların təşviqi və mədəni təhsilin gücləndirilməsi məsələlərinin ön plana çəkilməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası yalnız bu günü deyil, gələcək nəsillərin mədəni düşüncə və estetik zövqünün formalaşmasını da hədəfləyən uzaqgörən bir baxışın ifadəsidir. Təbii ki, bu mühüm strateji sənəd mədəniyyət və incəsənət təhsilinin keyfiyyətinin yüksəldilməsinə, yaradıcı gənclərin yetişdirilməsinə, milli mədəniyyətimizin beynəlxalq miqyasda daha geniş təbliğinə ciddi töhfələr verəcək. Konsepsiyanın ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi ölkəmizin mədəni həyatında yeni bir inkişaf mərhələsinin də başlanğıcı olacaq. Konsepsiyada Azərbaycan dilinin mədəniyyətdəki rolunun gücləndirilməsinə, onun mahiyyətcə inkişafına, həmçinin beynəlxalq səviyyədə təbliğinə və təşviqinə ehtiyac olduğu diqqətə çatdırılır. Bu istiqamətdə görüləcək tədbirlərə Azərbaycan dilinin rolunun artırılması məqsədilə sistemli fəaliyyətin həyata keçirilməsi, Azərbaycan dilinin inkişafı, təbliği və təşviqi ilə bağlı fəaliyyətin gücləndirilməsi kimi məsələlər daxildir. “Azərbaycan mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyası ölkəmiz qarşısında yeni prioritetlər təyin edərək cəmiyyətin hər üzvünü ölkənin mədəni həyatında fəal iştiraka səsləyir. Bu gün Azərbaycan vətəndaşı ətrafında formalaşdırdığı mədəni mühitə görə cavabdehlik daşımalı, milli-mənəvi dəyərlərimizin qorunmasında, ünsiyyət və davranış normalarında ali tutaraq cəmiyyətdaxili və mədəniyyətlərarası dialoqa açıq olmalıdır. Unutmayaq ki, əgər biz bu gün mədəniyyəti müdafiə etsək, məhz mədəniyyət bizi zamanın unifikasiya təhlükəsi saçan sınaqlarından milli kimliyimizi və ali dəyərlərimizi yaşadaraq keçirəcək. Bütün bunlar qədimlərdən bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, Azərbaycançılıq məfkurəsinin, milli dəyərlər sisteminin bütün dünyada təbliği və qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.
Bu gün Ulu Öndərimizin mənəvi-siyasi irsinin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır. Ulu Öndərimizin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı daha da sürətlənmiş, yeni-yeni uğurlara imza atılmışdır. Dövlət başçımız cənab İlham Əliyevin imzaladığı bir sıra fərman və sərəncamlar respublikamızda bu sahələrin müasir dünya standartlarına uyğunlaşmasında böyük rol oynamışdır. “Qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialına uyğun layiqli yer tutacaqdır”, – deyən Prezident xalqın milli xüsusiyyətlərinin və milli dəyərlərinin dünyada yayılmasında ədəbiyyatın və mədəniyyətin böyük rolunu xüsusi qeyd etmişdir. Son bir neçə il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində elm, təhsil və mədəniyyətin ayrı-ayrı problemlərinə həsr olunmuş çoxsaylı dövlət proqramları hazırlanıb təsdiq olunmuşdur.
Görkəmli dövlət xadimi Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün Ulu Öndərin adını şərəflə daşıyan Heydər Əliyev Fondunun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə qayğı, onların qorunması və təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, eləcə də işğaldan azad edilmiş ərazilərdə mədəniyyət ocaqlarının, tarixi abidələrin bərpası, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir.
Ölkəmizin uzunmüddətli mədəni inkişaf strategiyasının formalaşdırılması baxımından mühüm və tarixi əhəmiyyət daşıyan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası da mədəniyyətin təkcə ideoloji və estetik sahə deyil, həm də sosial-iqtisadi inkişafın mühüm tərkib hissəsi olduğunu təsdiqləyir. Burada regionlarda mədəni infrastrukturun gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə mədəni həyatın bərpası, mədəni müxtəlifliyin təşviqi və gənc istedadların üzə çıxarılması xüsusi yer tutur. Eyni zamanda konsepsiya Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması, milli brend kimi möhkəmləndirilməsi və mədəni diplomatiyanın gücləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin imzaladığı bu Sərəncam dövlətin mədəniyyət siyasətində ardıcıllığı, uzaqgörənliyi və milli kimliyə verdiyi yüksək dəyəri bir daha nümayiş etdirir. “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası Azərbaycan mədəniyyətinin gələcək onilliklərdə davamlı inkişafını təmin edən yol xəritəsi olmaqla yanaşı, həmçinin milli irsimizin qorunaraq gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm strateji sənəd kimi də dəyərləndirilməlidir. Müasir dünyada mədəniyyət təkcə irs və ənənələrin qorunması ilə məhdudlaşmır. O, cəmiyyətlərin daxili dayanıqlılığını və xalqların qlobal rəqabətdə mövqeyini müəyyən edən əsas amillərdən biri kimi diqqət çəkir. Bu baxımdan “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası regional və qlobal çağırışlar fonunda mədəniyyəti milli inkişafın aparıcı sütunlarından biri olaraq təsdiq edir.
Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu milli dövlətçilik təlimi Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə söykənərək müasir inkişaf üçün möhkəm bünövrə yaratdı. Onun rəhbərliyi ilə Azərbaycan müstəqilliyini möhkəmləndirdi, iqtisadi yüksəliş və siyasi sabitlik dövrünə qədəm qoydu. Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycanın suverenliyini, xalqın rifahını və ölkənin beynəlxalq arenada mövqeyinin güclənməsini əsas prioritet kimi müəyyənləşdirdi. Bu irsi uğurla davam etdirən Prezident İlham Əliyev Ulu Öndərin ideyalarını yeni dövrün çağırışlarına uyğunlaşdıraraq qalib Azərbaycanı dünyanın diqqət mərkəzinə çıxaran güclü və Qalib Lider oldu.
Məhəbbət BABAYEVA
Naxçıvan Dövlət Universitetinin nəzdində
Naxçıvan Musiqi Kollecinin direktoru,
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi
Digər xəbərlər