Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasət, məharətli diplomatiya sayəsində Azərbaycan qitələri birləşdirən, uzaq coğrafiyaları yaxınlaşdıran nümunəvi ölkə modeli yaradıb. Həm ikitərəfli, həm də çoxtərəfli siyasi, iqtisadi, ticari əməkdaşlığın dərinləşdirilməsinə, dünya düzəninin nizama salınmasına mühüm töhfələr baxımından Azərbayca-İtaliya münasibətlərini olduqca perspektivli, əhəmiyyətli tarixi proses kimi dəyərləndirmək olar. Ölkələrarası əlaqələrin bütün istiqamətlər üzrə inkişafına liderlərin, müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, ikitərəfli, geniştərkibli görüşlər mühüm töhfələr verir. Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya və ixracın təşviqi və digər sahələri əhatə edən 28 sənəd imzalanıb. Prezident İlham Əliyevin 2022-ci və 2024-cü illərdəki səfəri zamanı isə Romada Azərbaycan səfirliyinin yeni binasının açılması, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyənləşdirilməsi, ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi ilə ikitərəfli əlaqələr yeni məzmun və dəyər qazanıb. Sentyabrın 30-da İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın ölkəmizə səfəri bu və digər məqamları özündə ehtiva edən strateji tərəfdaşlığın daha da gücləndirilməsi və yeni əməkdaşlıq istiqamətinin müəyyənləşdirilməsi ilə yadda qaldı.
Zəngin ənənələrə malik Azərbaycan-İtaliya münasibətləri ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra diplomatik əlaqələr zəminində böyük inkişaf yolu keçib. Cənubi Qafqaz ölkələri arasında ilk dəfə 1997-ci ildə İtaliyanın Azərbaycanda, 2003-cü ildə isə Azərbaycanın İtaliyada səfirliyi açılıb. Son illərdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, bir sözlə, bütün sahələrdə əməkdaşlıqlar öz əhatə dairəsini daha da genişləndirib, çəkisini artırıb. Çoxtərəfli əlaqələrin, çoxölçülü strateji münasibətlərin, eyni zamanda bəslənilən rəğbətin, etimadın nəticəsidir ki, İtaliya dövlət səviyyəsində “Azərbaycan ili” elan edən ölkə kimi tarixə düşüb, bu çərçivədə 2020-ci ildə silsilə layihələr reallaşdırılıb. İtaliya 44 günlük Vətən müharibəsi dövründə ayrı-ayrı rəsmi orqanlarında, mediada respublikamızın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti, dəstəyi açıq bəyan edən az sayda Avropa ölkələrindəndir.
Azərbaycanın Avropa miqyasında bir nömrəli, etibarlı ticarət tərəfdaşı sayılan İtaliya ilə əməkdaşlıq əlaqələri xüsusilə Prezident İlham Əliyevin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə – 2022-ci il avqustun 31-də bu ölkəyə işgüzar səfərindən sonra daha da genişlənib, dərinləşib. Bunun nəticəsidir ki, həmin ildə ölkələrarası ticarət dövriyyəsinin həcmi ən yüksək həddə – 18 milyard 122 milyon dollara çatıb. 2023-cü ildə bu dövriyyə 15 milyard 685 milyon, 2024-cü ildə isə 11,4 milyard ABŞ dolları təşkil edib. Ötən il İtaliya ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarətində 23,92 faiz paya sahib olub. Müqayisə üçün qeyd etmək yerinə düşər ki, 2024-cü ildə İtaliyadan sonra ikinci pillədə 6,1 milyard dollarla Türkiyə qərarlaşıb. Türkiyənin ümumi ticarətdəki payı 12,88 faiz olub. Azərbaycan və İtaliya arasında 2025-ci ilin yanvar-iyul aylarında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 7 milyard 498 milyon 633,75 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,6 faiz çoxdur.
İtaliya-Azərbaycan siyasi, iqtisadi əməkdaşlığı iki mühüm strateji tərəfdaşlığa dair sənəd əsasında qurulub ki, buna oxşar nümunə kimi, Azərbayca-Çin əlaqələrini göstərmək olar. Təqdirəlayiq hal orasındadır ki, hər iki respublika ilə hərtərəfli strateji tərəfdaş olan ölkəmiz bir-birindən uzaq coğrafiyada yerləşən Çinlə İtaliya ticarət tərəfdaşlığına da mühüm körpü salır. Eyni zamanda Avropa İttifaqının üzvi kimi İtaliya Azərbaycan-Aİ həm siyasi, həm iqtisadi, ticari əlaqələrinə əvəzsiz töhfələr verir. Prezident İlham Əliyev sentyabrın 30-da İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə görüşlərin ardından mətbuata bəyanatında iki ölkə arasında siyasi münasibətləri və ticari əməkdaşlığı yüksək qiymətləndirdi. Sitat: “Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd – Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Qeyd etdiyim kimi, biz tez-tez görüşürük. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik”.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanla İtaliya arasında ticarət əməkdaşlığı, böyük mənada, energetika sahəsinin üzərində qurulub ki, hər iki ölkəni birləşdirən mühüm neft və qaz layihələrinin əhəmiyyəti bu baxımdan ön plana çıxır. Bu xüsusda respublikamızın müəllifi olduğu, XXI əsrin meqa layihəsi Cənub Qaz dəhlizi və nəhəng proyektin əsas qollarından sayılan TAP-ın 2020-ci ildə istifadəyə verilməsi Azərbaycan-İtaliya münasibətlərini yüksək mərhələyə daşıyıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti 10 milyard kubmetrdir, Azərbaycanın qaz ixracını yaxın illərdə 20 milyard kubmetrə qədər artırmaq planı isə təbii olaraq əməkdaşlığın miqyasını daha da böyüdəcək. Bundan başqa, İtaliya uzun illərdir, həm də ölkəmizin bir nömrəli neft idxalçısı kimi də tanınır. Prezident İlham Əliyev mətbuata bəyanatında da bu iki əsas-neft və qaz sahəsində əməkdaşlığa xüsusi toxundu, bu əməkdaşlığın güclü tərəfdaşlıqdan xəbər verdiyini vurğuladı: “Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı”.
İtaliya həm də köklü təhsil ənənələrinə malik, müasir ali təhsil sistemində önəmli pay sahibi ölkədir. Bu xüsusda Azərbaycanla İtaliya əməkdaşlığı da mühüm perspektivlər vəd edir. İtaliya universitetləri azərbaycanlıların ən çox üz tutduğu ali təhsil ocaqlarından hesab olunur. Bu ölkənin universitetləri xaricdə təhsil üzrə dövlət proqramına da daxil edilib. Azərbaycanla İtaliya arasında ən mühüm təhsil layihəsi isə, sözsüz ki, İtaliya-Azərbaycan Universitetidir və 2022-ci ildə Bakıda yaradılan universitetə ilk tələbə qəbulu 2023-cü ildən həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. Üç ixtisas ikili diplom proqramıdır. İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın səfəri bu baxımdan olduqca mühüm hadisə hadisəyə çevrildi. Belə ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak etdilər, italyan universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşlər keçirildi. Sözsüz ki, bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla yanaşı, həm də İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına əvəzsiz töhfə missiyası daşıyacaq.
İtaliya Prezidentinin Azərbaycana səfəri iki ölkənin mövcud hərtərəfli strateji tərəfdaşlığının möhkəmləndirilməsi, o cümlədən də bu tərəfdaşlıqda yeni istiqamət sayılan təhsilə dair əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli oldu. Məhz bu nöqteyi-nəzərdən səfəri İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı fonunda Azərbaycan-İtaliya hərtərəfli strateji tərəfdaşlıq müstəvisində ticarətdən-təhsilə uzanan yolun uğurlu tarixi addımı kimi də dəyərləndirmək olar. Açılış tədbirində Prezident İlham Əliyevin dediyi kimi: “İtaliya Azərbaycanla artıq uzun illər strateji tərəfdaşlıq əsasında münasibətlər qurmuşdur. Biz, sözün əsl mənasında, strateji tərəfdaşıq. Çünki bizim əməkdaşlığımız strateji xarakter daşıyır, qısamüddətli deyil, uzunmüddətlidir. Eyni zamanda bizim əməkdaşlıq çərçivələrinə ildən-ilə yeni istiqamətlər əlavə olunur. Energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün təhsil sahəsini əhatə edən əməkdaşlıq, sözün əsl mənasında, strateji xarakter daşıyır”.
Nail ƏSGƏROV
Digər xəbərlər