NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Azərbaycan-Gürcüstan münasibətləri yeni əməkdaşlıq sahələrinin yaranması ilə daha da genişlənir

...

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gürcüstana dövlət səfəri ölkələr arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisədir. Dövlət başçımızın bu səfəri təkcə ikitərəfli əlaqələrin inkişafına deyil, Azərbaycan–Gürcüstan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və gələcək inkişaf üçün möhkəm zəmin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində Baş Konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın Baş Konsulluğu açılıb. Azərbaycan və Gürcüstan arasında yalnız ikitərəfli diplomatik və iqtisadi əməkdaşlıq deyil, həm də parlamentlərarası münasibətlərin inkişafı da diqqət çəkir. İki ölkənin qanunverici orqanları arasında davamlı əlaqələr və təcrübə mübadiləsi iki ölkə arasında qanunvericilik və siyasi dialoqun daha şəffaf və effektiv aparılmasına imkan yaradır. Ölkələrimizin ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. Cənab Prezident İlham Əliyev də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında bu məsələyə toxunaraq qeyd etdi ki, Azərbaycanla Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını dəstəkləyib və dəstəkləyəcək.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin Gürcüstana səfəri təs­diq­lədi ki, iki döv­lət arasında münasibətlər daha da genişlənir. Dövlət başçımız mətbuata bəya­na­tında bu amili də diqqətə çatdıraraq bildirdi :  “Bizim ikitərəfli gündəliyimiz çox genişdir və bu gündəlik getdikcə genişlənir. Yeni layihələr, yeni fikirlər ortaya atılır və birgə səy­lər­lə biz bunları həll edirik. Bunun əsas şərti və amili, əlbəttə ki, bizim ikitərəfli münasibət­lə­ri­mizdir. Bizim münasibətlər deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qar­şılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur. Əmi­nəm ki, biz bundan sonra da bu yolla uğurla gedəcəyik”.

Prezident İlham Əliyev bəyanatında Gürcüstan və Azərbaycanın hər zaman bir yerdə olduğunu vurğuladı. Cənubi Qafqazın sülh, təhlükəsizlik və əməkdaşlıq mərkəzinə çevrildiyini bildirən dövlətimizin başçısı Gürcüstanın rolunu xüsusi qeyd etdi. Prezident diqqətə çatdırdı ki, Gürcüstanla tarixi əlaqələrimiz dövlətlərarası münasibətlər üçün möhkəm zəmindir: “Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir, bu bizim üçün əsas nəqliyyat dəhlizidir. Bu gün yeni layihələr də irəli sürülür. Bizim münasibətlər digər qonşu ölkələr üçün nümunə ola bilər. Əminəm ki, bu yolla bundan sonra da uğurla gedəcəyik”. Prezidentimiz əminliklə vurğuladı ki, Gürcüstana səfəri iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək: “Bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi bir yerdədir”. 

Şəhla ƏHMƏDOVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 07.04.2026 14:00