NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Asəf Ruşanov: Naxçıvan Dövlət Texniki Kolleci 1 əsrdir ki, uğurlu addımların atılmasına nail olub

...

Naxçıvanda kənd təsərrüfatı sahəsini inkişaf etdirmək üçün 25 fevral 1925-ci ildə Naxçıvan Muxtar Respublikasının IV Sovetlər qurultayında “Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun yaradılması haqqında” qərarın verilməsi  və həmin texnikumun fəaliyyətə başlaması təhsil sistemində atılan uğurlu addımlardan biri idi. 1925-1926-cı tədris ilində Naxçıvan Kənd Təsərrüfatı Texnikumu kənd təsərrüfatının mexanikləşdirilməsi və aqronomluq ixtisasları üzrə 41 nəfər tələbə ilə fəaliyyətə başlamışdır. Texnikum fəaliyyət göstərdiyi bir zamanda istər kənd təsərrüfatına, istərsə də ictimai münasibətlərin formalaşmasına əsaslı təsirlər göstərmişdir. Kollec 1971-ci ilin sentyabr ayınadək Naxçıvan Kənd Təsərrüfatı Texnikumu kimi fəaliyyətini davam etdirərək müxtəlif ixtisaslar üzrə kadr hazırlığı ilə məşğul olmuşdur. Ümumiyyətlə, texnikumun fəaliyyəti və inkişafı onun dövrləri ilə sıx əlaqəli və bağlıdır. Belə ki, dövrün tələblərinə uyğun olaraq texnikum bir neçə adla fəaliyyət göstərsə də, olduqca şərəfli inkişaf yolu keçmişdir. Əlbəttə ki, həmin dövrdə dövrün tələblərinə uyğun baş verən ictimai-siyasi hadisələrin olmasına baxmayaraq, kollec fəaliyyətini davam etdirməyi bacarmış və artıq 1 əsrdir ki, uğurlu addımların atılmasına nail olmuşdur. 1 əsr boyunca fəaliyyət göstərmiş texnikum müasir dövrdə öz uğurları ilə sayılıb-seçilən təhsil ocaqlarından biri olmuşdur.

Həmin dövrlərdə dövlət idarələrində olduğu kimi, təhsil ocaqlarında da sovet Rusiyasına xidmət edəcək sədaqətli məmurlar yetişdirmək dövrün tələblərindən birinə çevrilmişdi. Kənd təsərrüfatının aparıcı olduğu bir dövrdə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun yaradılması atılan uğurlu addımlardan biri hesab olunurdu. Əlbəttə ki, ixtisaslı və savadlı kadrların hazırlanması əsas məqsədlərdən birinə çevrilmişdir. 30-cu illərdə kollecin direktoru Abatov Əkbər mərkəzə yazdığı məktubda 2 baytar və 2 zootexnik müəllim tələb etmişdir ki, bu da kadr çatışmazlığının bariz nümunəsi idi.

Texnikumun 1937-1938-ci illərdə keçirilən iclaslarının gündəliyinə baxdığımız zaman görürük ki, texnikumda işıq və radio yoxdur. Bu da dərslərin keçirilməsinə əsaslı şəkildə təsir göstərir. Həmçinin bu dövrdə texnikumda müəllim çatışmazlığı məsələsi özünü yenə də göstərməkdədir. Geoqrafiya və bitkiçilik üzrə müəllimlərin olmaması həmin ixtisasların bir müddət bağlanmasına səbəb olmuşdur.

1971-ci ilin sentyabr ayına qədər Naxçıvan Kənd Təsərrüfatı Texnikumu fəaliyyətini davam etdirmiş, həmin ildə isə Naxçıvan Sovxoz Texnikumu adını almışdır. 1925-ci ildə yaradılan texnikum Babək rayonunun Şıxmahmud kəndinə köçürülərək toxumçuluq sovxozu ilə birləşdirilmiş və Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, Yuqoslaviyadakı partizan hərəkatlarında iştirak edən Mehdi Hüseynzadə adına Naxçıvan Sovxoz Texnikumu adını almışdır.

1980-1981-ci illərdə texnikumun bazasında bir sıra dəyişikliklər oldu. Həmçinin şöbələrdə və ixtisaslarda müəyyən dəyişikliklər olmuşdur. Baytarlıq və mühasibatlıq aparıcı ixtisaslardan biri idi. Daha sonra mexaniklə işləmə şöbəsi, aqronom, meyvə-tərəvəz şöbəsi və sair şöbələr yaradıldı.

1990-1991-ci illərdə ictimai təsərrüfatın ləğv olunması ilə əlaqədar Şıxmahmud kəndində fəaliyyət göstərən texnikum Naxçıvan şəhərində yerləşən tələbə yataqxanasına köçürülmüşdür və bundan sonra Naxçıvan Kənd Təsərrüfatı Texnikumu adlandırılmışdır. Kollecin adı 1997-1999-cu illərdə Naxçıvan Aqrar Sənaye Kolleci, 1999-2002-ci illərdə yenidən Naxçıvan Kənd Təsərrüfatı Texnikumu adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 26 avqust tarixli 140 nömrəli qərarı ilə kollec Naxçıvan Dövlət Texniki Kolleci adlandırılmışdır.

Kollecimiz 2000-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, 2012-ci ildən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. 2016-cı ildə Naxçıvan Dövlət Texniki Kollecinin indiki inzibati binası istifadəyə verilmişdir. 784 yerlik binada 15 elektron lövhəli sinif otağı, kimya-biologiya, fizika, baytarlıq, STEAM laboratoriyaları, internetə qoşulmuş 71 kompüterlə təchiz olunmuş, 3 kompüter otağı, 13 fənn kabinəsi, 120 yerlik iclas zalı və bufeti vardır. Kollecin kitabxanasında 10232 ədəd kitab vardır ki, onlardan  5517-i bədii ədəbiyyat və 4715-i dərslikdir.  

Naxçıvan Dövlət Texniki Kolleci 31 iyul 2023-cü il tarixdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilmişdir. Universitetinin nəzdində kollecin fəaliyyət istiqamətləri daha da genişlənmiş, universitetin bazasından istifadə imkanları yaranmışdır.

Hazırda kollecdə 13 ixtisas üzrə kadr hazırlığı aparılır. Bunlardan 1 ixtisasda tam orta təhsil üzrə, 12 ixtisasda isə orta təhsil üzrə qəbul aparılmaqdadır. Bu ixtisaslar hazırda 2 şöbənin – aqrar və iqtisadiyyat və texniki ixtisaslar şöbələrinin tabeliyində bank işi, mühasibat uçotu, bələdiyyə işi, baytarlıq, aqrar (fermer) təsərrüfatının təşkili, turizm işinin təşkili, kompüter sistemlərində proqram təminatı, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, istilik təchizatı və istilik texnikası avadanlıqları, telekommunikasiya və kompüter sistemlərinin informasiya təhlükəsizliyi, nəqliyyat vasitələrinin texniki istismarı, elektrik təchizatı (sahələr üzrə), kokomotiv və elektrik qatarı təsərrüfatı ixtisasları fəaliyyət göstərir.

Kollecdə tələbələrin təhsili ilə 1 nəfər fəlsəfə doktoru, 2 nəfər doktorant, 1 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, 24 nəfər magistr təhsilli olmaqla, 71 nəfər müəllim məşğul olur. Bunlardan 22 nəfər saathesabı, 49 nəfər tam ştat üzrə fəaliyyət göstərir. Naxçıvan Dövlət Texniki Kollecində əyani şöbədə 13 ixtisas üzrə 36 qrupda 573 nəfər təhsil alır. Tələblərdən 403 nəfər dövlət hesabına, 170 nəfər isə ödənişli əsaslarla təhsil alır.

Naxçıvan Dövlət Texniki Kollecinin yarandığı gündən əsas məqsədi gələcəyə savadlı və ixtisaslı kadrlar hazırlamaq olmuşdur. Öz varlığını qoruyub saxlamağı bacaran təhsil ocağı müasir dövrdə də öz sözünü demiş və atdığı uğurlu addımlarla seçilmişdir. Ən böyük uğurlardan biri də Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərməsi və universitetin təhsil bazasından yararlanmasıdır. Universitetin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kolleci bundan sonra da inkişaf edəcək və uğurlu addımlar atmağa davam edəcəkdir.

Asəf RUŞANOV

Naxçıvan Dövlət Universitetinin nəzdində

Naxçıvan Dövlət Texniki Kollecinin direktoru

Nəşr edilib : 24.02.2025 18:49