NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Ana olmağa hazırlaşan gənc qadın Naxçıvanda müəllimlərin işə qəbul üzrə imtahanda birinci oldu

...

Gələcək nəsillərin formalaşmasında və təhsilin keyfiyyətinin yüksəldilməsində müəllimlərin rolu danılmazdır. Ötən günlərdə Naxçıvanda keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə bu məsuliyyətli peşəni daşımağa layiq olan bilikli və bacarıqlı kadrların seçilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Biz də muxtar respublika üzrə müəllimlərin işə qəbulu imtahanında 94 bal toplayaraq Naxçıvan üzrə 1-ci, respublika üzrə isə 8-9-cu yerləri tutan Türkan Əhmədli ilə redaksiyamızda görüşüb təəssüratlarını öyrəndik. 
Türkan xanım deyir ki, ali təhsilimin hər iki pilləsini Naxçıvan Dövlət Universitetində almışam. 2019-2023-cü illərdə İncəsənət fakültəsində Təsviri incəsənət müəllimliyi ixtisası üzrə bakalavr təhsili almışam. 2023-cü ildə Təsviri incəsənət fənni metodikası və metodologiyası ixtisası üzrə magistr pilləsinə qəbul olmuş, 2025-ci ildə bu mərhələni müvəffəqiyyətlə başa vurmuşam. Hər iki təhsil pilləsinə qəbul zamanı ixtisasım üzrə ən yüksək nəticəni göstərmişəm. Tələbəlik illərində iki dəfə Prezident təqaüdünə, bir dəfə isə Bəhruz Kəngərli adına fəxri ada layiq görülmüşəm. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Gənc Rəssamlar bölməsinin üzvüyəm. Hazırda isə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq məktəbində (NSU International School) pedaqoji fəaliyyət göstərirəm. 
Türkan xanım qeyd etdi ki, imtahana son 4 ay ərzində hazırlaşmışam və bu nəticəni qazanmaq üçün böyük zəhmətlə və əzmlə çalışmışam. MİQ imtahanında müəllimlərin iştirakı ilə keçirilən bu mühüm prosesdə ən yüksək nəticəni göstərmək mənim üçün böyük sevinc və fəxr mənbəyidir. Hazırda hamiləlik dövründə olsam da, bu məsuliyyətli və çətin zamanda belə imtahana böyük həvəs və inamla hazırlaşmışam. Bu da məni Naxçıvanda digər müəllimlər arasında fərqləndirərək birinciliyi qazandırdı. 2 saat 30 dəqiqə müddəti olan imtahanı cəmi 1 saata tamamlayaraq uğurla başa vurmuşam. 
Müsahibimiz əlavə edir ki, müəllimlik mənim üçün, sadəcə, bir peşə deyil həm də bu, uşaqlarla birlikdə böyümək, öyrətməklə yanaşı, onlardan da öyrənmək, cəmiyyət üçün faydalı, yaradıcı fərdlər yetişdirməkdir əsas missiyam. Öz üzərimdə çalışaraq ixtisasım üzrə həm nəzəri, həm də praktiki biliklərimi davamlı olaraq yeniləyir, şagirdlərimin yaradıcı təfəkkürünün və təxəyyülünün inkişafına xüsusi önəm verirəm. Hazırda qarşıda duran müsahibə mərhələsinə də eyni əzmlə və motivasiya ilə hazırlaşıram. Və həmin mərhələdə də birincilik qazanacağımı ümid edirəm. Bu yolda göstərdiyim əməyin, əzmin və müəllimlik sevgisinin dəyərləndiriləcəyinə də inanıram.
Biz də, öz növbəmizdə, Türkan xanıma gələcək bu məsulliyətli peşəsində uğurlar arzu edirik.

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 25.07.2025 15:40