Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma pro...
13:58 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və AMEA Naxçıvan Bölməsi Həmkarlar İttifaqı Təşkilatının birgə təşkilatçılığı ilə “Molla Nəsrəddin – 120” mövzusunda respublika elmi konfransı keçirilib.
“Şərq qapısı” xəbər verir ki, konfransın plenar iclasında AMEA Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyev giriş sözü ilə çıxış edib. O, XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişaf mərhələlərindən bəhs edərək “Molla Nəsrəddin” jurnalının yaranması, inkişafı və yayılması haqqında ətraflı məlumat verib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev Cəlil Məmmədquluzadənin ədəbi irsinə yüksək qiymət verib.
Plenar iclasda, həmçinin AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev “Molla Nəsrəddin” jurnalı və əlifba islahatı problem” mövzusunda məruzə edib.
AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənov çıxışında Cəlil Məmmədquluzadənin XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan ictimai həyatında oynadığı rolu vurğulayıb, “Molla Nəsrəddin” jurnalının ictimai-siyasi və mədəni mühitə təsirindən danışıb.
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov isə jurnalın dünya mətbuat tarixində xüsusi yer tutduğunu bildirib, onun Təbrizdə nəşr olunan nömrələri və Mirzəli Möcüzün yaradıcılığı haqqında fikirlərini bölüşüb.
Konfrans daha sonra bölmə iclasları ilə davam etdirilib.
I və II bölmə iclaslarında müxtəlif mövzularda məruzələr dinlənilib.
Bölmə iclaslarından sonra məruzəçilərə sertifikatlar təqdim olunub, mövzular ətrafında müzakirələr aparılıb.
Konfransa yekun vurulub, sonda xatirə şəkli çəkdirilib.
Digər xəbərlər